PKK-çılar azərbaycanlını ailəsinin gözü qarşısında güllələdilər – DƏHŞƏT

İranın Qərbi Azərbaycan əyalətində PKK terror təşkilatının İran qanadı sayılan “Pjak” kürd yaraqlıları azərbaycanlı “Sepah”çı Mustafa Firdovsini ailə üzvlərinin gözü qarşısında qətlə yetiriblər. Hadisə iki gün əvvəl baş versə də, İranın hökumət saytları bu barədə yenicə məlumat yayıb.

Yayılan məlumatlara əsasən, hadisə iyunun 26-sı sübh saatlarında İranın Qərbi Azərbaycan əyalətinin Poldəşt məntəqəsində baş verib. Bir qrup “Pjak”çı, Poldəştin tabeliyində olan Zakirlu kəndinə daxil olaraq, “Sepah”ın bölgədəki özəl qüvvələrində çalışan və daha çox “Bəsic” də fəaliyyət göstərdiyi vurğulanan Mustafa Firdovsinin yaşadığı mənzilə silahlı basqın edib. Bildirilir ki, yaraqlı kürd “Pjak”çılar odlu silahlardan “Sepah”çının üstünə atəş açaraq onu qızı və həyat yoldaşının gözləri qarşısında gülləbaran edərək 10 güllə ilə qətlə yetiriblər. Hücumçuların hadisə yerindən qaçdığı bildirilir.

Maku şəhər “Sepah”ının iyunun 28-də yaydığı bəyanatda hücumçuların axtarışı üçün əməliyyatlara başlanıldığı bildirilsə də, Mustafa Firdovsinin kimliyi və hadisənin detalları barədə hər hansı bir məlumat yayılmayıb.