Mehman Əliyev haqqında məhkəmə qərarı: 3 aylıq həbs

“Turan İnformasiya Agentliyi” MMC-də Vergilər Nazirliyitərəfindən vergi risklərinin mövcudluğu və vergidən yayınma hallarına yol verilməsinin araşdırılması məqsədilə aparılmış səyyar vergi yoxlamasının nəticələrinə əsasən xeyli miqdar təşkil edən vergiləri dövlət büdcəsinə ödəməkdən yayınma faktı üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Cinayət Məcəlləsinin 213.1-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən  verilən məlumatda bildirilir ki, istintaq zamanı “Turan İnformasiya Agentliyi” MMC-nin direktoru Mehman Əliyevin qulluq səlahiyyətlərindən sui-istifadə edərək müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin uçotunun aparılması vəzifəsini öz üzərinə götürməsi və sahibkarlıq fəaliyyəti üzrə nəzərdə tutulmuş funksiyaları özü yerinə yetirməklə “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozub, 2010-2014-cü illərdə dövlət qeydiyyatına alınmamış qrant müqavilələri üzrə külli miqdarda, yəni 148.310 manat məbləğində qanunsuz gəlir əldə edərək qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına, habelə 2010-2016-cı illərdə vergi orqanına təqdim etdiyi mənfəət vergisi bəyannamələrinə təhrif olunmuş məlumatlar daxil etməklə xeyli miqdar təşkil edən 60.080 manat məbləğində mənfəət vergisini dövlət büdcəsinə ödəməkdən yayınmasına əsaslı şübhələr olduğu müəyyən edilib.

M.Əliyev 2017-ci il avqustun 24-də şübhəli şəxs qismində saxlanılmış, ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham elan edilərək, Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir (APA).

Yasamal Rayon Məhkəməsində “Turan” İnformasiya Agentliyinin baş direktoru Mehman Əliyev barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.
Hakim Azər Tağıyev sədrlik etdiyi məhkəmə iclasında M. Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.