11 sentyabrdan sonra Güney Azərbaycan məsələsi

Azər Sarıoğlu

Bu yazı dünyanın təkərinin dönməsindən 16 il sonra yazılır. 
Bu o tarixdir ki, ABŞ həyati mənafe zonası elan etdiyi dünyanın çarxını əlində saxlayaraq tam olaraq özünə tərəf fırlatmaq istədi. Nə qazandı, nə itirdi, məni maraqlandırmaz. Lakin əkiz qüllələrin devrilməsindən sonra dünyanın çarxını çevirməsinə yönəlik siyasətində bizi sona qədər dəstəkləməməsi hərəkatımıza ciddi ziyan vurmaqdadır.
1990-cı illərdə Azərbaycanın güneyindəki milli hərəkat zəif deyildi. O mənadakı bölgədə milli haqlar uğrunda mübarizə aparan digər xalqlardan bəluclardan, ərəblərdən, xüsusən də beynəlxalq tənzimləyicilərin diqqətinə layiq görülmüş kürdlərdən geri qalmırdılar, hətta daha aktiv idilər. Lakin o zamanın ABŞ prezidenti Bill Klinton administrasiyası sadaladığım milli və etnik qruplardan daha çox və ciddi kürdlərə hərtərəfli dəstək verirdi. Kürd milliyyətçi və solçu-milliyyətçi simbioz qruplaşmalarının Türkiyə sərhədlərində, İraqda və qismən də Suriyadakı uzunmüddətli savaşın yekunu olaraq ortaya qoyduğu nəticələr onları beynəlxalq güclərin, xüsusən də ABŞ-ın diqqət mərkəzinə gətirdi. İnsaf naminə deyək ki, İrandakı inqilablar tarixini və bu coğrafiyada baş vermiş dəyişikliklərdə oynadıqları rola görə Azərbaycan türklərini yaxşı bilən ABŞ beyin mərkəzlərinin tövsiyəsi ilə Ağ Ev administrasiyası bizimkilərə də az dəstək olmadı. 2000-ci illərin əvvəllərində Ağ Ev-in qapıları milli fəallarımızın üzünə açıldı. ABŞ qanunverici məclisinin çoxluğunu təmsil edən üzvlər milli hüquqlarımızla bağlı məsələ qaldırdı, bütün efirini Güneydəki problemlərimizə həsr edən TV- GünAz TV açıldı və s. Lakin hərəkatımızın dövlət çıxarlarına cavab verməyəcəyini, bu istiqamətdə pul xərcləmənin faydasız olduğu qənaətinə gələn ABŞ bizim Azərbaycanın güneyini təmsil edən liderlərimizlə ciddi təmaslarını sürdürmədi. Bu nəticədə həm İİR xüsusi xidmətinin ustalıqla qurduğu layihələr, həm də xaircdəki diasporumuzun zəifliyi – hansı ki, bu mövzunun mətbuatda müzakirəsini uyğun görmürəm- səbəbkardır. Zənnimcə, İran coğrafiyasındakı azərbaycanlılara dəstək verilməməsi ABŞ administrasiyasının ən böyük səhvidir. Nə qədər İran tarixini bilsələr belə, Güneydəki türklərin inqilabi ruhunu dərindən öyrənmələri lazımdır. Nə qədər pafolsu çıxsa belə, Səttərxanın sözlərini xatırlamaq istəyirəm: “Azərbaycan daş qazandır- gec qaynayar, gec də soyuyar”.
Bu ifadələr Təbriz mühitinin xüsusiyyətlərini açan ən düzgün deyimdir. İrandakı Azərbaycan türkləri üsyankardırlar, mübarizdirlər, lakin humanist olduqlarından silahlı mübarizədə bəluclar və kürdlərlə müqayisədə çəkingəndirlər. Ancaq tarixi təcrübə göstərir ki, tairixi düşmən bizim bu zəifliyimizdən öz yararına faydalanır. Silahlı müqavimət barədə düşünməyin də vaxtıdır. Çünki tarixin dərsləri göstərir ki, silahlı güc ideoliji-təbliğati mübarizənin (bu sahədə də axsadığımızı qeyd etmək istəyirəm) yarısıdır və dünya ağaları da məhz savaşçılara dəstək verir.
11 sentyabr ABŞ respublikaçılarının bütün dünyanı həyati mənafe zonası elan etməsi strategiyasının reallaşması istiqamətində növbəti fundamental addımı idi. Təəssüf, demokratlar dövründə bu siyasətin davamı qırıldı və gəlmədi. Bu siyasətdə güneyli-quzeyli Böyük Azərbaycan layihəsi də var idi. Təəssüf ki, Trump administrasiyası da respublikaçı sələflərinin siyasətini tam olaraq davam etdirmir. Təbii ki, bu məsələdə bizim də səhvlərimiz çoxdur. Səhvlərimizin müzakirəsi isə mətbuatda deyil, öz aramızda aparılmalıdır.