Seulda Altay-Turan Festivalı davam edir – FOTOLAR

Sentyabrın 18-də Cənubi Koreyanın paytaxtı Seil şəhərində başlayan Altay-Turan Folklor Festivalı davam edir.

Festivalda iştirak edən “Türküstan” qəzetinin baş redaktoru, Ortaq Dəyərlər İctimai Birliyinin sədri Aqil Camalın Turkustan.info-ya bildirdiyinə görə Avrasiya Kültür və Ekonomi İnstitutu tərəfindən təşkil olunmuş, Seul Bələdiyyəsinin dəstək verdiyi festivalda Azərbaycan, Türkiyə, Qazaxıstan heyətləri, bundan başqa Qaraçay, Noğay və başqa türksoylu xalqların təmsilçiləri iştirak edirlər.

Sentyabrın 18-də festival çərçivəsində qonaqların şərəfinə rəsmi qəbul təşkil olunub. Tədbirə dövlət rəsmiləri, ictimai-siyasi xadimlər, diplomatlar qatılıb.

Sentyabrın 19-də festival iştirakçıları Seulda İmperator sarayında, prezident iqamətgahında olub.  Həmin gün axşam Seulun mərkəzi parkında festivalın təntənəli açılış mərasimi keçirilib. Müxtəlif rəqs və musiqi qrupları paytaxt sakinlərinə bir-birindən gözəl nümunələr təqdim ediblər.

Sentyabırın 21-də Altay-Turan xalqlarının tarixi keçmişi və ortaq dəyərləri haqda konfrans keçirilib. Daha çox alimlərin, mütəxxəsislərin qatıldığı konfransda Azərbaycandan doc. Dr. Şəmil Sadıq Azərbaycan və Koreya xalqlarının mədəniyyətində, inancında, folklorunda, məişətində bənzər və eyni dəyərlər mövzusunda məruzə edib.

Festival tədbirləri sentyabrın 23-də davam edəcək.