Türk dünyasına ərməğan… Yaxud “günəşin işığı, suyun nəfəsi kimi…”

   Bu günlərdə Türkiyənin Ərdahan Universitetinin müəllimi tanınmış türkoloq, dilçi alim filologiya üzrə elmlər doktoru, dosent Atilla Jorma Bakıda qonaq idi. Əslində, ona qonaq demək də olmaz. Atilla bəyin çox sevdiyi Azərbaycanla həm də qohumluq bağları var.

Türk dünyasına sevgisi və gözəl xidmətləri ilə seçilən, illərdir qürbət ellərdə Azərbaycan həqiqətlərini qələmiylə dünyaya çatdırmağa çalışan dəyərli tədqiqatçı, əziz dostum Sevil İrəvanlının həyat yoldaşıdır Atilla Jorma. Ailla bəy 1952-ci ildə  Finlandiyada doğulub. 1976-82-ci ilərdə İstanbul Universiteti ədəbiyyat fakültəsinini türk dili və ədəbiyyatı bölümündə təhsil alıb. Güney Azərbaycanın Zəncan şairləri mövzusunda diplom işi yazıb.1984-87-ci illərdə Finlandiyada Turku Universitetinin dilçilik bölümündə elmi işçi, 1984-91-ci illərdə həmin universitetin dil mərkəzində türk dili müəllimi kimi fəaliyyət göstərib, əski oğuz türkcəsi və çağdaş türkcə üzrə dərs vəsaitləri yazıb. Hazırladığı “Türkcə-fincə lüğət” 1983-cü ildə Helsinkidə, 2012-ci ildə İstanbulda nəşr edilib. 2008-ci ildə “Bolqarıstanda türkcə roman” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Hazırda Türkiyədə Ərdahan Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatları bölümündə Xorasan türkcəsi, İraq türkmənləri və qaqauzların dili və ədəbiyyatı  fənlərini tədris edir. ”Xəzər bərisi – Qara dəniz kültür çevrəsində türk dili”, “Oğuzcanın Qara dəniz serüveni”, “Bolqarıstan və türk ədəbiyyatı” kitablarının müəllifidir. Alimin “Bolqarıstandakı türk ədəbiyyatına bir baxış” kitabı 2013-cü ildə prof. Ramiz Əskərin redaktorluğu ilə Bakıda nəşr olunub. Bu günlərdə Atilla Jorma Bakıda keçirilən beynəlxalq  elmi konfransın iştirakçısı idi. AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, “Azərbaycan Tarix Qurumu” və “Azərbaycan Tarixçiləri” ictimai birliklərinin keçirdiyi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan  “Azərbaycan tarixin yolayrıcında: təlatümlü 1917-ci il” mövzusunda bu beynəlxalq elmi konfransa Atilla bəylə bərabər  xanımı dəyərli tədqiqatçı Sevil İrəvanlı da  məruzə göndərmişdi. Təəssüf ki, üzrlü səbəbdən Sevil xanım konfransa gələ bilmədi. Amma inşallah konfransın  materialları çap olunarkən onun da dəyərli məruzəsinin mətni ilə tanış olarıq. Atilla Jorma  konfransda maraqlı məruzəsi ilə çıxış etdi. Bakıda olduğu  bu qısa vaxt ərzində AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda, Nəsimi adına Dilçilik İnstitutunda, BDU-da dəyərli alimlərlə  görüşüb, onların tədqiqat əsərləri, yeni kitabları  ilə tanış olan Atilla Jorma noyabrın 3-ü saat 3-də BDU-nun filologiya fakültəsinin qonağı oldu. Professor Ramiz Əskərin təşəbbüsü ilə filologiya fakültəsində Atilla bəyin “Bolqarıstandakı türk ədəbiyyatına bir baxış” kitabının imza günü keçirildi. Tədbiri giriş sözü ilə açan hörmətli  Ramiz müəllim Atilla Jorma barədə qısa məlumat verdikdən sonra sözü filologiya fakültəsinin dekanı Elçin Məmmədova verdi. Elçin müəllim Atilla bəyin tədqiqatlarından danışmazdan əvvəl Sevil İrəvanlının  iki il bundan öncə İstanbulda çap edilən “Kafkazlardakı kıyım və sürgünler” kitabının yüksək dəyərini diqqətə çatdırdı. Hər iki tədqiqatçının – Sevil xanım və Atilla bəyin türk tarixi, türk dili və ədəbiyyatının araşdırılmasında xidmətlərindən, Sevil xanımın sevimli həyat yoldaşının 60 illik yubileyi münasibətilə çapa hazırladığı “Atilla Jorma armağanı” kitabından bəhs etdi (Qeyd edim ki, Sevil xanımın (Erol Cihangir bəylə birgə) çap etdirdiyi bu kitab türk dünyasına dair  dəyərli məqalələri, şeirlərilə bir türkoloq alim üçün ən incə şəkildə düşünülmüş gözəl bir yubiley hədiyyəsidir). Sonra söz Atilla bəyə verildi. Həyatı barədə, tədqiqatları haqda danışdı. Olduqca sadə, təvazökar bir insan olan Atilla Jorma özü haqda çox qısa danışdı. Tədqiqatları barədə verilən suallara  cavab verdi, tədbir iştirakçılarına hədiyyə olunan kitablarını imzaladı.

Atilla Jorma –  bu olduqca təvazökar və  dəyərli alim haqqında ən gözəl sözlər söyləmək olar. Amma zənnimcə, bir insan, xüsusilə bir elm adamı, alim barəsində ən gözəl söz onun gördüyü işlər, tədqiqatları, öz əsərləridir. Atilla Jormanın  Azərbaycan oxucusuna təqdim edilən “Bolqarıstandakı türk ədəbiyyatına bir baxış” kitabı  Balkan ölkələrində, xüsusilə də Bolqarıstanda yaranan türkcə  ədəbiyyatın təşəkkülü, inkişafı, tarixi və tədqiqi məsələləri deniş şəkildə araşdırılır. Bolqarıstanda milliyyətçilik dövründən əvvəl və milliyyətçilik dövründə türk dili və ədəbiyyatı, türkcə mətbuat və nəşriyyat, türklərin təhsil sistemi,1945-ci ildən sonra Bolqarıstandakı türk şeiri, türk romançılığı, tənqid və ədəbiyyatşünaslıq məsələləri yeni bir baxış bucağından tədqiq olunub. Kitabın redaktoru dəyərli alim, professor Ramiz Əskərin də qeyd etdiyi kimi, “müəllif bu əsəri yazmaq üçün dəfələrlə Bolqarıstana və Türkiyəyə səfər etmiş, hadisələrin iştirakçıları, Bolqarıstanda yaşamış və yaşayan türk şairləri, yazıçıları, jurnalistləri, ictimai-siyasi xadimləri ilə görüşmüş, kitabxanalarda olmuş, arxivlərdə araşdırmalar aparmışdır. Bu maraqlı kitab Bolqarıstandakı türk ədəbiyyatının, türk mətbuatının, türk təhsilinin təşəkkülü, inkişafı, yüksəlişi və onların marksist-leninçi zehniyyətin məhsulu olan insanaqənim bolşevik-kommunist üsul-idarəsi tərəfindən sonsuz amansızlıq və qəddarlıqla yox edilmək istənməsinin tarixidir”.

Giriş hissə və on altı bölümdən ibarət kitaba müəllif geniş biblioqrafiya da əlavə etmişdir. Kitab, adından da göründüyü kimi, Atilla Jormanın öz sözləri ilə desək, “sistematik bir ədəbiyyat tarixi deyildir.” Kitabda,  əsasən, türk dünyasındakı çağdaş şeir kontekstində Bolqarıstanda 1945-ci ildən bu günədək  türkcə yazılan şeirlərdən bəhs edilir, bu şeirlərin, ümumiyyətlə, Bolqarıstandakı türk ədəbiyyatının nəşri edildiyi dövrü mətbuatdan söz açılır. Bundan başqa, Bolqarıstandakı təhsil sistemi, türkcə nəşriyyat və b. kimi bir-biri ilə sıx əlaqədar olan mühüm məsələlərə də ayrıca bölümlər həsr edilmişdir. Dövrün ictimai-siyasi hadisələrindən bəhs edərkən,  “Bolqarıstanda türklərə qarşı tətbiq edilən repressiya bəzi şairləri əcəli gəlmədən apardı, bəzilərini də intihara sürüklədi”, – deyə ürək ağrısı ilə yazan alim, şairlərin “bəzilərini 1968 köçü, sonra 1989-un böyük köçü Türkiyəyə götürdü”nü  qeyd edir. Kitabda Niyazi Hüseyn Bəxtiyar, Lütfi Dəmirov, Məhmət Davud Çağlar, Məhmət Çavuş, Mustafa Mutlu, Lətif Əli, Əli Bayram, Əhməd Emin Atasoy, Hafizə Beysim Gün,  Həvva Pəhlivan Özgür və b. şairlər haqqında da qısa məlumat və  şeirlərindən nümunələr oxucuların diqqətinə çatdırılır.

Əvvəlcə  Türkiyədə, daha sonra Azərbaycanda nəşr olunan bu dəyərli tədqiqat əsərinin Türkiyədə olduğu kimi, Azərbaycanda da elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanacağına,  ədəbiyyatşünaslar, türk ədəbiyyatı və tarixi ilə maraqlanan oxucular üçün faydalı olacağına inanıram.

Sevgiylə, ürəklə yazılan əsərlərin hər birində onun müəllifinin, yazıçının, şairin, alimin – qələm sahibinin qəlbinin döyüntüsünü, ruhunun səsini duymaq olar. Atilla  Jormanın “Bolqarıstandakı türk ədəbiyyatına bir baxış” kitabında şeirlərindən nümunələr verdiyi şairlərdən biri – Əhməd Emin Atasoyun “Şair ruhu” adlı şeirində deyildiyi kimi:

“Sevginin közündən, közün özündən,

Sızdı damla damla ruhu şairin…

…Güneşin ışığı, suyun nefesi,

Yağmurun damlası gibiydi bu ruh…”

Türk dünyasına, ədəbiyyata, sözə  sevgidən yaranan, bütün türk dünyasına ərməğan etdiyi bu kitabda da ömrünün əvəzsiz günlərini arxivlərdə, kitabxanalarda, uzaq  səfərlərdə keçirən bir zəhmətkeş alimin – Atilla Jorma qardaşımın  türk sevdalı təmiz ürəyinin, gözəl ruhunun əks-sədası var – “günəşin işığı, suyun nəfəsi  kimi”…

 

Şəlalə Ana Hümmətli,

ədəbiyyatşünas-şair,

 filologiya üzrə fəlsəfə doktoru