Aqrar Universitetdə üzümçü alim Famil Şərifovun anım günü keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində dosent, təhsil müəssisəsinin professoru Famil Şərifovun anım günü keçirilib. Yaşasaydı bu gün onun 80 yaşı tamam olacaqdı.

Təhsil müəssisəsinin mətbuat xidmətindən verilən xəbərdə deyilib ki, üzümçü alimin adını daşıyan auditoriyada keçirilən tədbiri ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov açıb, Famil Şərifovun dəyərli alim kimi xidmətlərindən danışıb və üzümçülüyün inkişafında alimin zəhmətinin əvəzsiz olduğunu faktlarla deyib. Rektor onu da əlavə edib ki, Famil Şərifov Azərbaycan üzümçülüyünün şəriksiz lideri, fanatik üzümçü idi. Bu iş onun canına-qanına hopmuşdu, həyatının mənasına çevrilmişdi. Onun üzümçülüyün inkişafı ilə bağlı elmi əsrləri bu gün də tələbələr tərəfindən əvəzsiz bir mənbə kimi öyrənilir. Hələ yetmişinci illərin əvvəllərində ulu öndər Heydər Əliyevin

təşəbbüsü ilə Azərbaycanda üzümçülük yenicə inkişaf edəndə Famil Şərifov bu hərəkatın önündə olub. Respublika rəhbərliyinin tapşırığı ilə o,üzümçülük rayonlarına təhkim edilib, bölgələri,təsərrüfatları bir-bir gəzib, həm elmi məsləhət və tövsiyyələr verib, həm də özünün təcrübəsini artırıb.

Əməkdar müəllim, dosent, ADAU-nun professoru Bəhmən Əliyevin dilə gətirdiyi xatirələr də anım günündə maraqla dinlənilib. Deyib ki, biz Famil müəllimi əsl zəhmətkeş alim kimi tanımışıq və o həmişə bizimlə olacaq.

Famil Şərifovun yetirməsi, təhsil müəssisəsinin müəllimi Sevil Abdullayeva  alimlə birgə çalışdığı illərdən danışıb və üzümçülüyə aid yenicə çap edilən iki kitabını alimin şəxsi arxivinə təqdim edib.

Aqranomluq fakültəsinin tələbələri, Nərmin Verdiyeva və Nurlan Qədirov isə alimin tədris prosesində istifadə olunan əsərlərinin əhəmiyyətindən danışıb, üzümçülüyün öyrənilməsində dərs vəsaitlərinin əvəzsizliyini deyiblər.

Sonda Famil Şərifovun oğlu Mobil Şərifov məzunu olduğu təhsil müəssisənin uğurlu inkişafından söz açıb, ailə adından atasına göstərilən qayğı və hörmətə görə ADAU ailəsinə, onun başçısına minnətdarlığını bildirib.

Qürurla demək olar ki, Famil müəllim öz təcrübəsini tələbələrinə  həvəslə öyrədib, Azərbaycan Dövlət Aqrar Universitetində əsaslı bazaya malik üzümcülük məktəbi yaradıb. Xidmətlərindən biri də ölkədə    ilk dəfə olaraq “Azərbaycan üzümü” atlasını hazırlaması olub.