Kreml Qarabağ probleminin həllindən imtina etdi

Rusiya prezidenti Vladimir Putin noyabrın 13-də Soçidə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün ardınca Qarabağ məsələsini Kremldə Təhlükəsizlik Şurasının iclasında müzakirəyə çıxarıb.

Turkustan.info bildiri ki, bu barədə virtualaz.org-a Moskvadakı mötəbər diplomatik qaynaqlardan məlumat daxil olub. Məlumata əsasən, Rusiya Təhlükəsizlik Şurasında müzakirələrin nəticəsi olaraq belə yekun qənaət ortaya qoyulub ki, Moskvanın regiondakı maraqları nəzərə alınmaqla ən azı qarşıdakı iki il ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafındakı mövcud situasiya dəyişməz qalmalıdır. Çünki bu münaqişənin vasitəsilə Ermənistanı və Azərbaycanı nəzarətdə saxlamaq çox asandır.

Ərdoğan Soçidə Putinlə danışıqlar zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının zəruriliyi və Rusiyanın rolu barədə məsələ qaldırıb. Lakin Türkiyə prezidenti bəyan edib ki, Putin məsələnin həllinə dair o qədər də ümidli deyil. Daha sonra regiona səfəri zamanı Rusiya xarici işlər naziri Sergey Lavrov eyni ruhda bəyanat verib, danışıqlardan yaxın gələcəkdə nəticə gözləmədiyini bildirib.

Qeyd edək ki, Sergey Lavrovun Bakıya və İrəvana səfərləri zamanı Dağlıq Qarabağ ətrafındakı işğal altında olan Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlının qaytarılması müqabilində Azərbaycanın Avrasiya İqtisadi Birliyinə daxil olması təklifini müzakirə etdiyi bildirilir.

Ermənistanın “168 jam” qəzetinın yazdığına görə, Azərbaycan tərəfi bildirib ki, Ermənistan beş rayonu sülh yolu ilə qaytararsa, rəsmi Bakı Avrasiya İqtisadi Birliyinə üzv olmaq təklifini nəzərdən keçirə bilər. Rusiya həmin ərazilərin verilməsinə qarşılıq olaraq Azərbaycanın Dağlıq Qarabağa iddialarından əl çəkməsinə, o cümlədən, aralıq statusundan sonra müstəqillik haqqında referendumun keçirilməsinə zəmanət istəyir. Ancaq Azərbaycan belə bir referendumun keçirilməsi ilə razılaşmır.

İrəvanda S.Lavrovun prezident Sarkisyanla söhbəti isə kifayət qədər gərgin geçib. Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan prezidentindən 5 rayondan qoşunların çıxarılmasını və Azərbaycanın Avrasiya İqtisadi Birlyinə daxil olmasına razılıq verməyi tələb edib. “Sarkisyan çox ağır vəziyyətə düşüb, çünki əraziləri qaytarmaq Qarabağ klanının hakimiyyətinin sonu deməkdir”,-deyə qəzet yazır. Mənbə onu da bildirir ki, Lavrov Serj Sarkisyana Avropa Birliyi ilə strateji tərəfdaşlıq haqqında sazişi imzalamamağı təklif edib. Rusiyanın baş diplomatı Ermənistanın belə bir addımı atacağı təqdirdə, Azərbaycana qaytarılmalı olan rayonların sayının 5-dən 3-ə endirilə biləcəyini deyib.

Xatırladaq ki, bu günlərdə Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vaqran Baqdasaryan rəsmi İrəvanın Azərbaycanın AİB-ə üzv olmasına razılıq verməyəcəyini bəyan edib. Baqdasaryanın açıqlaması Kremlin “5 rayonun əvəzində AİB” planına münasibətdə Ermənistanın güzəştə getmək niyyətində olmadığını təsdiqləyir. Sarkisyan hakimiyyəti isə son dövrlər Avropa İttifaqı ilə yaxınlaşmaqla Dağlıq Qarabağ problemi ətrafında siyasi manevr imkanlarını artırmağa çalışır. Noyabrın 23-də Brüsselə səfər edən Serj Sarkisyan Ermənistanın AİB ilə Avropa İttifaqının Qonşuluq Strategiyasında iştirakını əlaqələndirmək istədiyini söyləyib. Avropa Xalq Partiyasının yaydığı bəyanatda isə Ermənistan-Azərbaycan münaqişəsinin həllinin yalnız sülh yolu ilə, güc tətbiq etmədən mümkün olduğu vurğulanır ki, bu da mövcud status-kvonun qorunub saxlanılması baxımından, Sarkisyan iqtidarının maraqlarına cavab verir.

Dağlıq Qarabağ münaqişəsi ətrafında mövcud situasiyanı ən azı iki il müddətinə dəyişməz saxlamaq barədə Rusiya Dövlət Təhlükəsilik Şurasının qərarı da status-kvonun mövcud şəkildə qalması deməkdir. Lakin Rusiya Yaxın və Orta Şərqdə yaranmış geosiyasi üstünlüyündən, o cümlədən, Türkiyə ilə strateji yaxınlıq imkanlarının artmasından istifadə edərək Azərbaycanı AİB-ə cəlb etməyə çalışır. Ermənistanda 2018-ci ilin aprel ayında keçiriləcək baş nazir seçkilərinə qədər Serj Sarkisyanın güzəştə gedəcəyi inandırıcı görünmədiyindən Moskvanın mövcud situasiyanı davam etdirməyi qərara aldığını söyləmək olar. Ancaq status-kvonun qalması danışıqlar prosesinin zəifləməsinə və cəbhə xəttində gərginliyin artmasına səbəb ola bilər. 2016-cı ilin aprel döyüşləri və ondan sonra bir neçə dəfə atəşkəsin pozulması zamanı baş vermiş irimiqyaslı hərbi əməliyyatlar konkret güzəştlər və ya kompromis variant olmadan nizamlanma prosesinin istənilən an Rusiyanın nəzarətindən çıxa biləcəyini göstərir. Yəni, status-kvo saxlanılsa da, münaqişənin yerləşdiyi regionda geosiyasi proseslərin dəyişməsi riski yüksək olaraq qalır. Bu da öz növbəsində münaqişənin alovlanmasına təsir göstərən amilə çevrilir.

Politoloq Elşən Manafovun sözlərinə görə, Rusiya Dövlət Təhlükəsizlik Şurasının iclasında dağlıq Qarabağla bağlı verilmiş qərar Moskvanın statsus-kvonun qalmasında maraqlı olduğunu göstərir:“ATƏT-in Minsk Qrupunun həmsədrliyində təmsil olunan dövlətlərin Dağlıq Qarabağ probleminin tənzimlənməsi ilə bağlı mövqeyində ciddi fərq yoxdur. Söhbət “Madrid prinsipləri”ndən, o cümlədən, “Yenilənmiş Madrid prinsipləri”ndən gedirsə, bu təkliflər münaqişənin Azərbaycanın tam ərazi bütövlüyü çərçivəsində həllinə təminat vermir. Çünki həmin sənəddə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bahəm, xalqların öz müqəddəratını təyinetmə hüququna hörmətlə yanaşılmasının vacibliyi vurğulanırdı. Bu da daha çox Ermənistan tərəfinin mövqeyinə cavab verirdi. Türkiyə və Rusiya prezidentləri arasında noyabrın 13-də Soçidə keçirilmiş görüşdən sonra Rəcəb Tayyib Ərdoğan Vladimir Putin Ermənistan-Azərbaycan münaqişəsinin yaxın perspektivdə həllini tapacağına inanmır. Çünki Rusiyanın bölgə ilə bağlı maraqları var. Xüsusilə də Yaxın Şərqdə və Suriya probleminin çözülməsi ilə bağlı öz maraqlarına cavab verən şəraitin yaranmasından sonra şübhəsiz ki, Rusiya Cənubi Qafqazda Qərbin maraqlarına cavab verən addım atmaqdan çəkinəcək. Çünki Rusiyanın münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi Ermənistanla münasibətlərdə problem yarada bilərdi.

Ermənistanın özünün də yaxın perspektivdə Rusiyanın təsir dairəsindən çıxmaq şansı yoxdur. Bu, o zaman baş verərdi ki, Qərb Gürcüstanda, Ukraynada və Qırğızıstanda olduğu kimi Ermənistanda da rəngli inqilabları həyata keçirməyə nail olsun və bu ölkədə qərbyönümlü qüvvələr hakimiyyət başına gəlsin. Bu mənada, Putin Ermənistan iqtidarını özündən incik salmağa əsas görmür. Halbuki, Ermənistan özünün siyasi, iqtisadi, hərbi durumu ilə Avrasiya İqtisadi Birliyinə yaxşı heç nə vəd etmir. Əksinə, Rusiya yaxşı anlayır ki, Azərbaycanı bu birliyə cəlb etsə, Avrasiya İttifaqının iqtisadi rentabelliyi daha da artacaq və o, daha da cəlbedici olacaq. Mərkəzi Asiyanın, hətta neytral mövqeyilə seçilən Türkmənistanın da MDB-yə qoşulması Rusiyanın maraqlarına cavab verə bilər. Ancaq Rusiya onu da nəzərə alır ki, Türkmənistan hasil etdiyi təbii qazın “Transxəzər” layihəsi vasitəsilə Azərbaycan ərazisindən Avropa bazarlarına nəqlində maraqlıdır. Ona görə də Rusiya indiki geosiyasi reallıqlar şəraitində Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyrinə həll olunmasını istəmir. Onu da nəzərə almaq lazımdır ki, prezident Ərdoğanın açıqlamasından sonra Sergey Lavrov da Bakıda oxşar məzmunda çıxış etdi və bildirdi ki, yaxın müddətdə problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmasına inanmaq sadəlövhlük olardı.

Bütün bu deyilənlər onu sübut edir ki, Rusiya Surya böhranının həllində İran və Türkiyə ilə razılığa gəldi. Hətta Bəşər Əsədin hakimiyyətdə qalmasına münasibətdə Putin və Ərdoğan arasında fikir ayrılığına baxmayaraq, noyabrın 22-də hər üç dövlət başçısının Soçidə keçirilən görüşündən sonra rəsmi Ankara geosiyasi maraqlarından çıxış edərək Rusiyanın Suriya ilə bağlı layihəsinə “hə” deməyə məcbur oldu. Cənab Ərdoğan da yaxşı anlayır ki, Rusiyaya təsir edib Qarabağ probleminin həllində ciddi dönüş əldə etmək imkanı yoxdur. Hətta Rəcəb Tayyib Ərdoğan etiraf etdi ki, Rusiya istəməsə, Qarabağ problemi beynəlxalq hüquq normaları çərçivəsində həllini tapacaq məsələ deyil. Ona görə də Ərdoğanın proseslərə fəal şəkildə qatılması yaxşı heç nə vəd etmir. Azərbaycan sadəcə olaraq, Rusiya və Qərb arasında qarşıdurmanın dərinləşməsini müşahidə etmək, Qərbin tətbiq etdiyi sanksiyaların Rusiya iqtisadiyyatının çökməsini gözləmək qalır. Lakin Rusiya hazırda tək deyil və İran, Türkiyə kimi müttəfiqləri var. Eyni zamanda, Çin BRİKS təşkilatı birmənalı şəkildə Rusiyanı dəstəkləyir. Sanksiyaların Rusiya iqtisadiyyatını çökdürəcəyi barədə proqnozlar özünü doğrultmadı. Putinin Soçi görüşünün təfərrüatı ilə bağlı prezident Donald Trampa tam məlumat verməməsi göstərir ki, Kreml Suriyada öz istədiyi mənzərənin yaranmasına nail olub.

Rusiya Yaxın Şərqdə varlığın sübut etdi, Türkiyənin simasında özünə yeni müttəfiq tapdı. Hətta Türkiyənin NATO və ABŞ-la münasibətlərində çatın yaranmasına nail oldu ki, bu Rusiya diplomatiyasının əldə etdiyi ciddi uğurdur. Türkiyə Rusiya ilə münasibətlərə “düşmənimin düşməni mənim dostumdur” prinsipi ilə yanaşdı və nəticədə hazırkı siyasi mənzərə yarandı. Bu mənada, Azərbaycan situasiyanı gözəl anlayır və Türkiyədən inciməyə dəyməz. Rusiya Türkiyə kimi etibarlı tərəfdaşı itirməmək və Azərbaycanı Avrasiya İqtisadi Birlyinə cəlb etmək üçün diplomatik yollarla Azərbaycana beş rayonun qaytarılmasını vəd edə bilər. Ancaq Moskva bunu o halda edəcək ki, Rusiyanın “sülhməramlıları” erməni qoşunlarının əvəzinə bölgəyə yerləşdirilsin. Azərbaycan isə Rusiya ilə münasibətlərdə balanslı siyasəti qoruyub saxlamağa çalışmalıdır. Rusiya ilə Azərbaycan arasında mövqe ayrılığının yaranıb – yaranmayacağı isə 2018-ci ilin prezident seçkikləri ərəfəsində məlum olacaq. Əgər seçki ərəfəsində Rusiya Milli Şuranın və ya digər siyasi qüvvənin timsalında Azərbaycan iqtidarına alternativ güc ortaya qoymağa çalışsa, aydın olacaq ki, Moskva öz layihələrinə rəsmi Bakını razı salmaq üçün belə təzyiq vasitələrindən istifadə edir”. 

Politoloq onu da bildirdi ki, Azərbaycan hərbi potensialına görə Ermənistandan bir neçə dəfə güclü olsa da, rəsmi Bakının təkbaşına Dağlıq Qarabağ münaqişəsini həll etmək imkanları yoxdur. Ona görə də Azərbaycan gözləmə mövqeyi tutmalı, hökumət iqtisadi islahatlar yolu ilə ölkədə maliyyə-bank sektorunun sağlamlaşdırılmasına və sosial problemlərin aradan qaldırılmasına çalışmalıdır.