Azərbaycanlı qız Trampı heyran qoydu – VİDEO

“Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır”

Azərbayacanlı qız ABŞ prezidentinin qızını heyran etdi.

Turkustan.info-nun məlumatına görə, prezident Donald Trampın baş müşaviri və Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Azərbaycandan olan 15 yaşlı Reyhan Camalovanın nailiyyətlərini təqdir edib.

“Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətinin yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır”. Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm. Lütfən, ayağa qalx.”

ABŞ Dövlət Departamenti Reyhan və onun mentoru Leyla Tağızadənin səfərini və Qlobal Sahibkarlıq Sammitindəki iştirak xərclərini bütövlükdə öz üzərinə götürüb. ABŞ Səfirliyi mədəniyyət və professional mübadilə proqramları, həmçinin, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi vasitəsi ilə Azərbaycanda sahibkarlara güclü dəstək göstərir

Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. GES-2017 innovatorları, xüsusən də qadın innovatorları gücləndirmək və onların ideyalarına dəstək göstərmək üçün bir mühit yaradacaq. İki gün yarım ərzində şəbəkələşmə, mentorluq və seminarlar vasitəsilə sahibkarlar öz təşəbbüslərini tərtib etmək, tərəfdaşlıq qurmaq, maliyyələşmə təmin etmək, yenilik etmək və hədəf müştərilərini tapmaq – cəmiyyətləri dəyişəcək yeni məhsullar və xidmətlər yaradır.