ADAU-nun rektoru İbrahim Cəfərovun və amerikalı professor Mohammad Babadoostun birgə mühazirəsi

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) tədrisin metodikasının təkmilləşdirilməsi, nəticəyönümlü təlimin tətbiqinin genişləndirilməsi məsələləri daim diqqət mərkəzində saxlanılır. Bu tədbirlər sırasında xarici ölkələrin aparıcı universitetlərinin tanınan alimləri ilə birgə dərslərin aparılması, elmi-tədqiqat işlərinin yerinə yetirilməsi mühüm yer tutur.

ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun ABŞ-ın İllinoys Universitetinin professoru Mohammad Babadoostun  “aqronomluq” ixtisasının 2-ci kurs tələbələri üçün təşkil etdiyi birgə mühazirə bu qəbildən olan misaldandır. Mühazirənin mövzusu “Tağlı bitkilərinin xəstəlikləri”nə həsr olunmaqla, burada unlu
şeh, yalançı unlu şeh, antraknoz xəstəliklər, örtülü və açıq şəraitdə əsas xəstəliklərə qarşı mübarizə və onun prinsipləri qarşılıqlı və müqayisəli şəkildə tələbələrə çatdırılırb.

Mühazirə geniş müzakirə, tələbələrin suallarının hərtərəfli cavablandırılması şəraitində keçirilib və bütövlükdə iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, professor Mohammad Babadoost Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti  tərəfindən icra olunan “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi“ çərçivəsində bakalavriat səviyyəsində yeni açılan “Bitki mühafizəsi” ixtisası üzrə kurrikulumun beynəlxalq təcrübəyə əsasən hazırlanması məqsədilə 2017-ci ilin noyabrın 24-dən dekabrın 24-dək ADAU-da səfərdə olacaq.