Əski Türk soylarından biri – KOLANILAR

 

 Şair-publisist Namiq Hacıheydərli bir müddət əvvəl qələmə aldığı “Əski türk soylarından biri – KOLANILAR” adlı araşdırma yazısını əldə etdiyi yeni faktlarla zənginləşdirib. Araşdırmaçının bildirdiyinə görə, bu əsərini kitab şəkilində nəşr etdirmək fikrindədir.

Biz də qələm dostumuza başarılar diləyir və yazını yeni redaktədə Ovqat.com oxucularına təqdim edirik:

 

                                             Giriş

Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, İsraildə, Livanda, Əfqanıstanda, Qazaxıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır. Tarixi qaynaqlarda və son yüz ilin arxiv materiallarında Kolanı adı keçən xeyli sayda bəlgələr var. Eləcə də son illər kolanı türkləri ilə bağlı bir neçə araşdırma yazısı qələmə alınıb. Ancaq indiyə qədər  bu əski türk boyu haqqında  ayrıca monoqrafiya yazılmayıb. Kolanıların tarixi, mədəniyyəti, etnoqrafiyası, onların ümumtürk tarixindəki yeri və rolu hərtərəfli, əhatəli şəkildə araşdırılmayıb. Bu səbəbdən də Kolanıların tarix səhnəsinə çıxışı, kolanı sözünün etimologiyası və digər tərəfləri ilə bağlı əksər araşdırmaçıların razılaşa biləcəyi ortaq fikir hələ ki yoxdur.  Bizim də bu yazıda kolanılar haqqında fundamental araşdırma aparmaq və ortaya fundamental əsər qoymaq niyyətimiz yoxdur. Nədən ki, bunun üçün ən azı illərlə vaxt və digər mühüm şərtlər tələb olunur. Qismət olarsa, gələcəkdə kolanı soyu ilə bağlı ayrıca, geniş və əhatəli monoqrafiya – araşdırmalar toplusu hazırlamaq niyyətimiz var.

                           Kolanı sözünün etimologiyası barədə

Kolanı sözünün etimologiyası haqqında bir çox versiyalar var. Kimisi bu adın izahını fars dilində, kimisi kürd dilində, kimisi də digər dillərdə axtarıb. Bu sözlə bağlı irəli sürülən versiyalara birlikdə baxaq;

Bəzi müəlliflər Kolanı sözünün farsca “qüvvətli, çoxlu, böyük” anlamını verən  “Kelan” və ya “Kalan” sözündən törədiyini, bəziləri kürdcə “güclü, məğlubedilməz” mənasını verən “kolneder” sözündən yarandığını deyir.

Əlbəttə, bunlar olduqca zəif versiyadır və əski adlarımızın izahının fars, ərəb, kürd və digər dillərdə aranması ənənəvi hal alsa da kifayət qədər yanlış və ziyanlı tendensiyadır.

Digər versiyaya görə kolanılar erkən orta əsrlərdə Qazaxıstanın cənubunda mövcud olmuş Kolan (Kulan) şəhərinin sakinləri olub. Sonralar Kolan şəhərindən digər bölgələrə köçən türklərə Kolan (Kulan) şəhərindən gəldikləri üçün “Kolanlı” və ya “Kulanlı” demişlər. Bu da kifayət qədər zəif versiyadır və hansısa tutarlı qaynağa söykənmir. Təkcə bir faktı deyək ki, Suriya və İsrail ərazisində min illər öncədən kolanı türklərinin yaşadığı məlumdur və onların dilləri ilə Azərbaycan türklərinin danışdığı dil arasında çox az fərq var. Yəni kolanıların Orta Asiyadan Suriyaya və İsrail ərazisinə deyil, əksinə olaraq, kolanıların bu ərazilərdən Orta Asiyaya getməsi fikri daha ağlabatan görünür. Nədən ki, erkən orta əsrlərdə Kolan və ya Kulan şəhərində yaşayan türklər hazırda yaşadığımız ərazilərə köç edəndə min illərdi ki, Qafqaz və Qafqazətrafı bölgələrdə məskən salan yerli kolanılar vardı.

Kolan (Kulan) uyğur türklərinin dilində “yabanı at”, “çöl atı” mənasını verir. Kolanı adının bu sözdən yarana biləcəyini ehtimal edənlər də var. Bu izahı da ağlabatan versiya kimi qəbul etmirik.

Kolanı boyu əski türk soylarından biri olduğu üçün zənnimizcə, bu sözün etimologiyasını da əski türkcədə aramaq lazımdır. Əski türk dilində “Köl”, “Kol” kimi ifadələrə rast gəlmək mümkündür. Onlardan bəzilərinə diqqət edək;

-Türkiyəli araşdırmaçı Semih Tufan Güləltay yazır: “Əski türklərdə ordu komutanlarına  “Kol Ata” adı verilirdi”. O, eyni zamanda miladdan öncə Kuman mənşəli Kol və Koluman tayfasının Misirə yerləşdiyini yazır.

-Ən əski türk, moğol və iskit mifologiyasına görə dünyada ilk insanın adı Tarqutay idi. O, bütün bəşəriyyətin atası sayılır. Tarqutayın 3 oğlu vardı;

Arpaksay, Lıpoksay və Kolaksay

Antik yunan tarixçisi Heredot yazır: “Targitayın (skif panteonunda ilk insan, skiflərin əcdadı) üç oğlu vardı: Lipoksay, Arpoksay və Kolaksay. Targitayın Skif ölkəsində şahlıq etdiyi dönəmlərdə göydən yerə qızıl əşyalar düşmüşdü: kotan, boyunduruq, sakaris (balta) və şərab camı. Böyük oğul Lipoksay yaxınlaşıb onları qaldırmaq istəyəndə həmin əşyaları od bürüdü. İkinci oğul Arpoksay da yaxınlaşanda bu əşyalar yenidən alovlandılar. Lakin kiçik oğul Kolaksay onlara tərəf gedəndə alov söndü və o, həmin əşyaları evinə apardı. Buna görə də böyük oğul atasının şahlığını kiçik qardaşına verməyə razı oldu” (Araz Qurbanov, “Damğalar, rəmzlər… Mənimsəmələr”).

Hər üç sözdə təkrar olunan “say” kompanenti var. Mərhum tarixçi alim Q. Qeybullayev bu sözün “cavan”, “gənc” anlamında olduğunu yazır. Kolaksay sözünün kökü “Kol”dur. “Kol” sözü bəzi əski türk soylarında, özəlliklə Karluk türklərində xan səviyyəsinə bərabər tutulan titul idi. Ulularımızdan biri olan Köl və ya Kol Tikinin adındakı Köl sözü də titul bildirən sözdür. Bu, eyni zamanda onun mənsub olduğu sinifin və soyun göstəricisi də ola bilirdi. Tarixçi alim Zaur Həsənov da Kolaksay sözünün kökünün “Kol” olduğu qənaətindədir. Kolaksay sözü isə “Kol”un, yəni çarın, başçının, xanın tərəfdarları kimi  yozulur. Zənnimizcə, kolanı sözü də “Kol” sözündən törəyib. Min illər öncə də bu boyun adı kolanı yox, məhz Kol (Köl, Kul) olub. Qiyasəddin Qeybullayev “Kul” sözünün qədim türkcədə “xan sinfinə mənsub olan” anlamında işlədildiyini yazır. Əski monqol dilində “kul” (kuluq) qəhrəman, igid anlamını verirdi. Türk xaqanı Kol Tikin, Kol Xan, “Kitabi-Dədə Qorqud”da Kul Baş (Kulbaş) bu titulun daşıyıcıları idi. Tarixdə Köl (Kol) titulu daşıyan ulularımız haqqında araşdırmanın sonunda ayrıca söz açacağıq…

Türkiyəli araşdırmaçı Nicat Çətinkaya peçeneqlərin 8 boyundan birinin Külbəy olduğunu qeyd edir. İqdırın böyük kəndlərindən olan Küllük kəndinin adının bu kimi qaynaqlardan gəldiyini deyir (İ.Çətinkaya, “İğdır tarihi”, İstanbul – 1996). Səncər Digitçioğlu isə peçeneqlərin bu boyunun adını “Suru Külbəy” kimi yazır (“Oğuzdan Selçukluya”, İstanbul – 1994). Akademik Ə. Quliyev əski türk dilində “kül”, “külüg” komponentlərinin titul bildirən leksik vahidlər olduğu qənaətindədir (Quliyev Ə.A. Qədim türk onomostikası, Bakı – 2007). Naxçıvan Dövlət Universitetinin müəllimi araşdırmaçı-alim Qalibə Hacıyeva yazır: “Bir çox tarixi qaynaqlarda miladdan öncəki türk tarixində də  Kül komponentli antroponimlərə – Hun xaqanlarından Sürük-Külük Xan, Kül Xan adlarına rast gəlirik” (Qalibə Hacıyeva “Cənubi Azərbaycan toponimləri”, Bakı – 2008).

 

                            Kolanı boyunun mənşəyi barədə

 

Kolanı boyunun hansı türk soyundan gəlməsi haqqında  fikirlər birmənalı deyil. Kolanıların Peçenek kökənli olduğunu yazanlarla bərabər, Kəngər soyundan olduğunu iddia edənlər də var. Bəzi araşdırmaçılar isə kolanıları Səlcuqların bir qolu hesab edir. Kolanıların kürd əsilli olduğunu yazanlar da var. 16-cı yüzillikdə yaşamış  tarixçi  Şərəfxan Bitlisi “Şərəfnamə” əsərində kolanıların kürd kökənli olduğunu yazıb. Şərəfxan Bitlisinin anası Türkmən elinin Mosullu oymağından olan Əmir Xanın qızı idi. Atası isə kürd əsilli Əmir Şəmsəddin idi. Əvvəllər Sultan Süleymanın əmirlərindən olmuşdu. Sultan Süleyman tərəfindən əmirlikdən çıxarılandan sonra Səfəvilərə sığınmışdı. Bu səbəbdən Şərəfxan Bitlisi Qumda dünyaya gəlmişdi. Sonralar Səfəvilər tərəfindən Naxçıvana vali göndərilən Şərəfxan araçılar vasitəsilə Osmanlının tərəfinə keçmişdi. Osmanlı sultanı III Murad da onu Bitlis bəyliyinə təyin etmişdi.

Sonrakı dövrlərdə və eləcə də yaşadığımız dönəmdə kolanıların kürd əsilli olduğunu düşünənlər Bitlisiyə əsaslanaraq, bu fikri irəli sürüblər. Lakin dediyimiz kimi, Şərəfxan Bitlisi tarixçi olmaqla bərabər həm də dövlət adamı idi. O, əsərini yazarkən daha çox siyasi maraqlarını nəzərə almışdı və yanlış olaraq, kolanıların kürd boylarından biri olduğunu iddia etmişdi. Odur ki, Bitlisinin yazdıqları qətiyyən ciddi qaynaq hesab oluna bilməz. Azərbaycanda və eləcə də Şərqin bir neçə ölkəsində yaşayan yüz minlərlə kolanının min illərdi ki, ana dili türk dilidir. Bu da onların kəsinliklə türk kökənli olduqlarını bəlli edir.

Araşdırmaçı Xaqani Ədəboğlu “Türkçülükdə “Səlcuqlu” xəstəliyi” kitabında yazır: “Mənsub olduğum kolanı (kolanlı – Türkiyədə belə adlanır) beçeneq tayfa­sıdır”. Tanınmış araşdırmaçı həmin kitabda fikrinə davam edir: “Türk olmağımız şəksizdir. Bu tayfa Qara dənizin şimal sahillərindən gəlmiş sakların bir qoludur. Buradan getmiş və buraya qayıtmış­dır. Həm Anadoluda, həm İran Azər­bay­canın­da, həm də Suriya və İraqda yaşamaqdadırlar”.

Tarixdə ən qüdrətli türk dövlətlərindən birinin qurucusu olan Səlcuq bəyin oğullarından biri Musa Kolan idi (digər adı Musa Yabqu). Səlcuq bəy tarixən türklərin ən çox məskunlaşdığı yerlərdən olan Xorasana Musa Kolanı vali təyin etmişdi. Quzey Azərbaycanda yaşayan türklərin xeyli hissəsi kolanıların orta yüzilliklərdə quzeyə məhz Xorasandan gəldiyinə inanır. Maraqlıdır ki, Anadolu Səlcuqlu dövlətinin sultanı Süleyman şahın (XI yüzillik) oğlunun adı Kulan və ya Kulan Arslan idi. Bu və bu kimi səbəblərdən kolanıların Oğuz türklərinin Qınıq soyundan olan Səlcuq türklərinin bir qolu olduğunu düşünən araşdırmaçılar da var.

Araşdırmaçı Rəfail Oğuztürkün qənaətinə görə isə “kolan” və ya “kolanı” sözü oğuz türklərinin Qayı (Kayı) tayfasına məxsus toponimdir” (Rəfail Oğuztürk Dağlı, “Xızı-Siyəzən bölgəsinin tarixinə dair”, Bakı-2011).

Tarixçi-araşdırmaçı  Şahin Əhmədov “Kolanı tayfasının mənşəyi” adlı məqaləsində: “Oğuz tayfa ittifaqı içərisində olmuş Kolanı tayfasının Azərbaycana eramızın ilk əsrlərindən başlayaraq oğuz-səlcuq axınları ilə birgə gəldiyini güman edirik” – deyir. Kolanıların Azərbaycan ərazisinə erkən orta yüzilliklərdə və bir qədər sonralar Səlcuq axınları ilə gəldiyini düşünən digər araşdırmaçılar da var.

Zənnimizcə, kolanı türklərinin Azərbaycana gəlmə olduğunu düşünmək yanlışdır. Kolanılar Qafqaz mənşəlidir və ən azı eramızdam min illər öncə də bu torpaqlarda mövcud olmuşlar. Şumer sivilizasiyası qurulandan sonra Qafqaz regionundan o ərazilərə axın etmişlər. Orta Asiya və Türküstan ərazisinə də burdan getmiş ola bilərlər. Erkən orta yüzilliklərdə və sonralar Səlcuq axını ilə kolanıların bu torpaqlara gəlməsi onların yenidən əzəli torpaqlarına dönüşü idi. Türkiyəli araşdırmaçı yazar Rüstəm Kocadurmuşoğlu “Kolan türkmənləri” adlı araşdırma məqaləsində Suriya və İsrail ərazisində olan başıbəlalı “Kolan təpələri”ndən bəhs edərək yazır: “Kolan təpələri on min ildən bəri Kolan adını daşımaqdadır”. Demək ki, kolan türkləri bu torpaqlarda aborigen etnoslardan biridir. Zaman keçdikcə buradan ətraf və uzaq ərazilərə köç etmişlər. Bu gün güney və quzey Azərbaycanın bir hissəsini qapsayan Gilan (Golan, Kolan) ərazisi də Kolan türklərinin yadigarı ola bilər. Etnos min illər öncə köç edib, ad isə yaşamaqdadır.

Yeri gəlmişkən, Kolan sözünə “ı” səsi 20-ci yüzillikdə artırılmağa başlamışdır. Tarixçi Cahangir bəy Nəsirbəyovun 1924-cü ildə nəşr edilən  “Müxtəsər Azərbaycan tarixi” əsərində və eləcə də M.S.Ordubadinin “Qanlı illər” kitabında kolanılardan məhz “kolan” olaraq bəhs edilir.

Bu gün kolanı türklərinin yaşadığı ayrı-ayrı bölgələrdən bəzilərini gözdən keçirək:

Naxçıvan kolanıları

 

Mərhum alimlərimiz Budaq Budaqov və Qiyasəddin Qeybullayevin birgə yazdıqları “Naxçıvan diyarının yer yaddaşı” (Bakı-2004) kitabında  kolanıları “yerli və qədim tayfa” adlandırır.

Antik dövrün astronomu, filosofu və coğrafiyaçısı Ptolomey Naxçıvanda Araz çayı yaxınlığında Koltene adlı yaşayış yerinin olduğunu yazır.

Naxçıvan ərazisində miladdan min il öncəyə aid olan Xaraba Gilan nekropolu, Şahbuz rayonunun yaxınlığında təxminən, 2500 il yaşı olan Kolanı nekropolu kolanıların ən azı 3 min ildi Naxçıvan ərazisində yaşadığını bəlli edir. Bundan başqa Naxçıvanda – Şərur rayonunda Mahmudkənd kəndinin şimal- şərqində Goran qalası adlı dağın olması (Goran Kolanı soyunun qollarından biridir), Şahbuzda Kolanı kəndi,  yenə Şahbuz rayonunun Aşağı Qışlaq kəndi yaxınlığında Kolanı kahası, Culfa rayonunda Bəyəhmədsu çayının sol qolunun Kolanısu adlanması bu coğrafiyanın Kolanıların qədim zamanlardan məskunlaşdığı və sıx şəkildə yaşadığı yerlərdən biri olmasını açıq-aydın bəlli edir.

Naxçıvan bölgəsindən olan araşdırmaçı – tarixçi  Şahin Bərəmoğlunun  ifadəsi ilə desək, “Azərbaycanın tarixi diyarlarından biri olan Naxçıvan ərazisində tarixən kəngərli, kolanı, sədli, qarabağ, xələc, bəydili, dəmirçi, qazançı, yaycı, qarxun, yurdçu, muğanlı, əfşar, bayat, quşçu və digər türk tayfaları toplu olaraq yaşamışdır və yaşamaqdadır. Bu tayfaların sayca və yayıldığı əraziyə görə ən böyüklərindən biri olan Kolanı tayfalarının” Naxçıvana gəlişi, tarixi və tarixdəki rolu ayrıca araşdırılmalıdır. Sadəcə, əldə olan bilgilərə əsasən deyə bilərik ki, kolanı türklərinin Naxçıvana yerləşməsinin – az öncə qeyd etdiyimiz kimi – ən azı 3 min il yaşı var.

Xatırladaq ki, 20-ci yüzilliyin əvvəllərində Xaraba Gilan ərazisində arxeoloji qazıntı işləri aparılıb. Lakin bu axtarışlar azərbaycanlılar tərəfindən deyil, Lalayan, Ter-Avetisyan kimi ermənilər tərəfindən aparılıb. Lalayanları azdan-çoxdan tanıdığımız üçün ehtimal edə bilərik ki, bu qazıntılar zamanı bizim üçün çox faydalı ola biləcək maddi mədəniyyət nümunələrinin bir qismi məhv edilmiş ola bilər. Yaxud da Ş. Bəhrəmoğlunun qeyd etdiyi kimi “erməni arxeoloqların tarixi abidədə aşkar edilən maddi mədəniyyət abidələrini özləri ilə aparmaları böyük ehtimaldır”.

Naxçıvanda kolanılarla bağlı  dəqiq nəticə əldə etmək üçün 3 min il yaşı olan Xaraba Gilan nekropolu və miladdan min illər öncə Naxçıvan yaxınlığında mövcud olmuş Gilan (Golan – Kolan) şəhəri araşdırılmalıdır. Bu isə bir araşdırmaçının deyil, bütöv bir ekspedisiyanın və ya institutun işidir.

                                            Qarabağ kolanıları

Qarabağ kolanıların min illərdi məskunlaşdığı ərazilərdən biridir. Erkən orta əsrlərdə Qarabağ torpağında (böyük ehtimalla Ağdərə ərazisində) Kolanqat kəndinin olması çox şeydən xəbər verir. Tanınmış alban tarixçisi Musa Kolanqatlı da bu kənddən idi (bu tarixi şəxsiyyətin adı yanlış olaraq Musa və ya Moisey Kalankatiski yazılır). Orta yüzillik ərəb müəllifləri Əl-İstəxri (X yüzillik), İbn İdris (XII yüzillik) və digərləri öz əsərlərində Qarabağda Kolanqat adlı yaşayış yerinin olduğunu qeyd edirlər. Bəzi araşdırmaçılar Kolanqat kəndinin Tərtər çayının sahilində olduğu qənaətindədirlər. 19-cu yüzillik müəlliflərindən olan Mir Mehdi Xəzani “Kitabi-tarixe Qarabağ” adlı əsərində yazır: “Tərtər çayı sahilindəki Uşacıq künbəzindən  yuxarı Göyçə gölünün sərhədinə qədər Kolanı məskənidir…”

Qarabağda 20-ci yüzilliyə qədər  böyük bir ərazi “Kolanı mahalı” adlanırdı. 19-cu yüzilliyə aid qaynaqlar və dövrün müəllifləri Kolanı mahalının Tərtərdən Göyçəyə qədər uzandığını qeyd edir. “Qarabağnamə”lərin müəlliflərindən olan Mirzə Adıgözəl bəy təxminən 200 il əvvəl – 19-cu yüzilliyin 1-ci yarısında – yazırdı: “Pənahəli xan Mehri, Güney mahallarnı Bərgüşada qədər Qaradağ hakiminin əlindən alıb özünə tabe etdi. Tatef və Sisyan mahallarını Naxçıvan hakimindən, Zəngəzur və Qapan mahallarını Təbriz bəylərbəyindən, Kolanıların məskəni olub Uşacıq kəndindən Göyçə sərhədinə qədər uzanan Tərtər çayı sahilindəki yerləri İrəvan hakimindən aldı”. Eyni fikri tarixçi professor Süleyman Əliyarlı “Azərbaycan tarixi üzrə qaynaqlar” kitabında təsdiq edir.

Zemfira Hacıyeva  “Qarabağ xanlığı: sosial-iqtisadi münasibətlər və dövlət quruluşu” (Bakı – 2007) adlı monoqrafiyasında   Kolanı mahalından bəhs edərək yazır: “Kolanılar mahalında 9 oymaqda cəmi 462 (203 vergi ödəyən, 259 ödəməyən) ailə vardı. Onun sakinləri müsəlman-azərbaycanlılar idi, əhalinin başlıca məşğuliyyəti isə maldarlıq və taxılçılıq idi. Mahalda hər bir oymağın öz hakimi vardı. Ən böyük oymaqlar 61 ailədən ibarət Qaravənd, 67 ailədən ibarət Qızılhacılı, 120 ailədən ibarət Dinnibayəhmədli oymaqlarıydı. Əhalisi yalnız azərbaycanlılardan ibarət idi”.

18-ci yüzillikdə Qarabağ xanlığı 21 mahaldan ibarət idi. Mahalları naiblər idarə edirdi. Həmin mahallar bunlar idi:

 

  1. Sisyan 12. Çibbyurd
  2. Dəmirçihəsənli 13. Xırdapara Dizaq
  3. Küpara 14. Püsyan
  4. Bərgüşad 15. Dizaq Cavanşir
  5. Baqabyurd 16. Otuziki
  6. Kəbirli 17. İyirmidörd
  7. Tativ 18. Qaraçorlu
  8. Cavanşir 19. Vərəndə
  9. Talış 20. Dizaq
  10. Xaçın 21. Acnan Türk
  11. Kolanılar

Kolanı mahalı bu mahallar içərisində ən böyüklərindən biri idi.

İstər XIX-XX yüzillik müəllifləri, istərsə də daha əvvələ aid qaynaqları yazıya alanlar Qarabağ kolanılarını bu bölgədə yaşayan ən mərd, ədalətli və namuslu tayfalardan biri kimi xarakterizə etmişdir. Sovet hakimiyyəti qurulandan sonra bolşeviklərin ən həssas yanaşdığı türk soylarından biri məhz kolanılar idi. Sovet hakimiyyətinin qurulduğu ilk illərdə Qarabağda  kolanılarla Sarov kəndində yaşayan ermənilər arasında münaqişə meydana gəlmişdi. Həmin ərəfədə Mir Cəfər Bağırovun da tərkibində olduğu qrup Qarabağa ezam olunur. Mövzu kolanılar olduğu üçün respublika rəhbərliyi məsələyə xüsusi həssaslıq və həyacanla yanaşır. Komissiya geri qayıtdıqdan sonra Mir Cəfər Bağırov rəhbərliyə yazılı hesabat verir. Hesabatda bəzi cümlələr durumu açılamaqla bərabər kolanıların xarakter cizgilərini əks etdirirdi:  “Bizim işçilərin işə cinayətkar münasibəti nəticəsində sarovlular öz yerlərinə qayıtmaq əvəzinə onların bir hissəsi kolanıların torpaqlarında qaldı, bir hissəsi isə Sarova qayıtdı. Beləliklə, 5 min kolanılı yerləri müəyyən olunmadan qalmaqdadır. Kolanılar Qarabağın ən narahat tayfalarından biridir və əgər onlar indiyə qədər susublarsa, bu ancaq ona görədir ki, məsələnin hakimiyyət tərəfindən ədalətli həllini gözləyirlər”.

Əslində cəsurluqları və “narahat tayfa” olmaları hər zaman kolanıların qurbanlar verməsi ilə nəticələnmiş, zaman-zaman incidilmiş və sürgünlərə məruz qalmışlar. Kolanılar istər çar hökumətini, istərsə də Sovet rejimini işğalçı qüvvələr kimi tanımış, tabe olmaqdan israrla boyun qaçırmışlar.  Kolanıların “narahat  tayfa” olması hətta çar hakimiyyətinin başında duranları onlarla ehtiyatlı və həssas davranmağa vadar edirdi. Tarixçi professor Tofiq Vəliyev yazır:  “I Nikolayın yerli əhalinin Rusiyaya münasibəti necədir? -sorğusuna cavab olaraq çar polkovninki öz məlumatlarında bildirib ki, bizim qanunlara yalnız kolanılar tabe olmaq istəmirlər. Onlar keçmiş Naxçıvan, İrəvan, Qarabağ və Şirvan xanlıqları ərazilərində yaşayırlar. Çox cəsurdular, verdikləri sözün ağasıdırlar…”

1920-30-cu illərdə də Qarabağ ərazisində sovetləşməyə və kolxozlaşmaya qarşı ən çox dirəniş göstərən kolanılar idi.

1918-ci ildə erməni-bolşevik birləşmələrinin Azərbaycan türklərinə qarşı törətdiyi soyqırım cəhdində də ən çox zülmə məruz qalan kolanılar olmuşdu. Bunu Azərbaycan Xalq Cümhuriyyəti dönəmində yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının üzvü N. Mixaylovun məruzəsində aydın şəkildə görmək mümkündür. Həmin məruzədə deyilir: “Beləliklə, bütünlükdə Cavanşir qəzasının yalnız Kolanı İcmasının kəndləri talan edilmişdi. 1917-ci ilin dekabr ayından başlayaraq, erməni silahlı quldur dəstələri yuxarıda adı çəkilən müsəlman cəmiyyətinin kəndlərinə soxularaq, kənd sakinlərinin evlərinə silahlı keşikçi dəstələri qoyur, kolanılılardan Ermənistan Respublikasına tabe olmağı tələb edir, onları vergilərlə yükləyərək, öz xeyirləri naminə müsəlmanlardan öz dövlətləri üçün vergi adı altında böyük pul məbləğləri qopardırdılar” (AR Dövlət Arxivi, fond 970, siyahı 10, iş 161).

Qarabağ döyüşləri zamanı Kolanılar xüsusi qəhrəmanlıq göstərmişdilər. Erməni hücumlarının və vəhşiliklərinin qarşısını almaq üçün 1990-cı illərin əvvəllərində “Kolanı” təşkilatı yaradılmışdı. Həmin illərdə respublika mətbuatı tərkibində döyüşçü oğulları birləşdirən bu təşkilat haqqında qürur dolu yazılar yayımlayırdı.  “Azad Azərbaycan” qəzeti yazırdı: “Vəziyyətdən çıxmaq üçün dörd kəndin qeyrətli oğullarını birləşdirmək üçün təşkilat yaratmaq lazım idi. Belə bir təşkilat yarandı. (16 dekabr 1992-ci il)”. “Müxalifət” qəzeti yazırdı: “Bu vaxta qədər qeyri-formal “Kolanı” təşkilatı dəfələrlə düşmən arxasına keçir, erməni faşistlərinə dinclik vermirdilər”.

Qərbi Azərbaycan (Ermənistan) kolanıları

 

Araşdırmalar göstərir ki, kolanı türkləri əski türk yurdu olan Qərbi Azərbaycanda – Ermənistanda miladdan yüz illər öncə də yaşamışlar. Bu bölgənin tarixini araşdıran bəzi alimlərimiz hələ bizim eradan yüz illər əvvəl burada Kol (Kul) tayfalarının yaşadığını qeyd edir.

Orta yüzilliklərə aid sənədlərdə qərbi Azərbaycanda Kolanı adlı yurd yerlərinin və kolanı el böyüklərinin (Şahverdi bəy Kolanlı, Emin bəy Kolanlı və sair) adları çəkilir.

Son dövrlərə qədər Ermənistan ərazisində bir neçə Kolanı adlı yer və yaşayış məntəqəsi olub. Onlardan bəzilərini xatırlayaq:

Aralıq Kolanlı – İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Üçkilsə (Eçmiədzin) rayonu ərazisində kənd olub. Rayon mərkəzindən 6 km cənub-qərbdə, Alagöz dağının qərb tərəfində yerləşirdi. Erməni mənbələrində kəndin adı həm Aralıq, həm də Aralıq Kolanlı formalarında qeyd edilib. Kənddə 1831-ci ildə 284 nəfər, 1873 – cü ildə 676 nəfər, 1904 – cü ildə 768 nəfər, 1919 – cu ildə 1118 nəfər azərbaycanlı olub. Araşdırmaçı alim İbrahim Bayramovun “Qərbi Azərbaycanın türk mənşəli toponimləri” (Bakı – 2002) adlı əsərində yazdığına görə “1919 – cu ilin sonunda kəndin sakinləri erməni təcavüzünə məruz qalaraq qırğınlarla deportasiya olunmuşdur. Kəndə xaricdən köçürülən ermənilər yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba torpaqlarına qayıda bilmişdir. Burada ermənilərlə yanaşı, 1922-ci ildə 224 nəfər, 1926-cı ildə 248 nəfər, 1931-ci ildə 294 nəfər azərbaycanlı yaşamışdır”.

1978-ci ildə kəndin adı Ermənistan hökuməti tərəfindən dəyişdirilərək Qriboyedov adı qoyulmuşdur.

Kolagirən – Ermənistanda Yeni Bayazid ərazisində olub. Erməni qaynaqlarında kəndin adı Kolaqran şəklində yazılıb. Kəndin adının ilkin variantının Kolanı qırılan olduğu ehtimal edilir. 1828-ci il Türkmənçay müqaviləsindən sonra Kolanıqırılan (Kölagirən, Kolaqran) kəndinə ilk ermənilər köçürülməyə başlanmışdır.  1905-1906-cıillərdə erməni-türk (azərbaycanlı) münaqişəsi zamanı kənddə yaşayan türklərə qarşı qırğınlar törədilmiş, daha sonra türklər kənddən deportasiya edilmişdir. 1935-ci ildə kəndin adı dəyişdirilərək Dzovinar qoyulmuşdur.

Kolanlı – Ermənistanda Eçmiədzin qəzasında,  Zəngibasar (Masis) rayonu ərazisində kənd olub.  Kəndin digər adı  “Kolanlı Aralıq” olub. 1948-1949-cu ildə bu kəndin əhalisi zorla deportasiya edilərək, kənd ümumiyyətlə ləğv edilir.

Kolanlı – Bu kənd Ermənistanda Vedi (Ararat) rayonunda olub. Erməni sənədlərində bu kəndin adı bəzən Kolani kimi də qeyd edilib. Bu kəndin əhalisi də 1948-1949 –cu ildə deportasiya edilmiş və kənd yaşayış yeri kimi tarixdən silinmişdir.

Şor kolanlı –  Zəngibasar (Masis) rayonunnun ərazisində, Araz çayının sahilində olub. 1918-ci ildə kəndin əhalisi deportasiya edilmişdir. Deportasiya zamanı xeyli sayda insan həyatını itirir. Sovet hakimiyyəti qurulandan sonra kənd sakinlərinin bir qismi əzəli torpaqlarına geri dönür. Lakin bu dönüş də uzun çəkmir. 1988-ci ildə Şor kolanlı əhalisinin türkləri öz dədə-baba torpaqlarından yenidən deportasiya edilir.

Bunlardan başqa Ermənistanın Hamamlı (Spitak) rayonunda Goran adlı bir kənd olub. Güman ki, bu kəndin də əsası kolanı türkləri tərəfindən qoyulmuşdur. Goran tayfası Kolanı türk soyunun qollarından (tirələrindən) biridir.

 

Şirvan və Muğan kolanıları

 

Kolanıların Şirvana gəldiyi tarixi dəqiq bəlli deyil. Lakin əminliklə demək olar ki, Şirvanda kolanıların məskunlaşma tarixi Naxçıvanda, Qarabağda və Ermənistan ərazisində olduğu qədər qədim deyil. Böyük ehtimalla kolanılar bu ərazilərə 16-cı yüzillikdə gəlməyə başlamış və bu proses 18-ci yüzilliyin sonlarına qədər davam etmişdir. Coğrafiyaşünas Nurəddin Bəndəliyevin bu sahədəki müəyyən  araşdırmaları istisna olmaqla Şirvan kolanıların tarixi indiyə qədər elmi şəkildə araşdırmaya cəlb edilməmişdir. Ayrı-ayrı müəlliflər Şirvan kolanıları ilə bağlı publisistik yazılar yazmışlar. Lakin bu yazılarda da Şirvan kolanılarının tarixi, etnoqrafiyası və bu günki durumu subyektiv şəkildə dəyərləndirilmiş, hər hansı tutarlı tarixi sənədə istinad edilməmişdir. Bu səbəbdən də Şirvan kolanılarının məskunlaşma tarixi cəmi bir neçə yüz il olmasına baxmayaraq xeyli açılmamış məqamlar var. Ən başlıcası isə  Şirvan kolanılarının ilk dəfə bu ərazilərə nə zaman və hansı səbəbdən köçməsi dəqiq bəlli deyil. Bu barədə müəlliflər tərəfindən  yalnız ehtimallar üzərində fikir yürüdülmüşdür.

1500-cü ildə Səfəvi-Qızılbaş döyüşçüləri ilə Dərbəndlilər sülaləsindən olan Şirvanşah Fərrux Yassar arasında qanlı vuruşma olur. Bu vuruşma Şamaxı yaxınlığındakı Cabanı düzündə baş verir. Nəticədə Səfəvilər qalib gəlir, Fərrux Yassar öldürülür. 1501-ci ildə isə bildiyimiz kimi İsmayılın başçılığı ilə Səfəvi dövlətinin əsası qoyulur. Vuruşdan sonra Səfəvi qoşunun bir hissəsi Şamaxı ərazisində yerləşir. Məsələn, Qobustan rayonunun Poladlı kəndində yaşayan yerli əhali əslən Səfəvi-Qızılbaşlardır. Səfəvi-Qızılbaş hakimiyyəti möhkəmləndikdən sonra güney Azərbaycandan bəzi türk tayfalarının bir hissəsi Şirvan ərazisinə köçürülür. Kolanı və eləcə də Cəyirli türklərinin bir hissəsi 16-cı yüzillikdə Qızılbaşlar tərəfindən Şamaxıya köçürülən elatlardan biri idi. Böyük ehtimalla bu boylar Şamaxı ərazisinə Qızlbaşlığı yaymaq və bu ərazilərdə hakimiyyətin möhkəmlənməsi məqsədi ilə köçürülmüdü. Kolanılar əvvəldən sona qədər Qızılbaş hakimiyyətinin güvənli tərəfdarlarından olmuşdu. Təsadüfi deyil ki, 1736-cı ildə Qızılbaşların süqutundan sonra hakimiyyətə gələn Nadir şah kolanılara divan tutmuşdu. Minlərlə kolanı türkünü güney Azərbaycandan Əfqanıstana sürgün etmişdi. Nədən ki, Qızılbaş hakimiyyətinin güvənli tərəfdarı olan Kolanı bəyləri Nadirin 1736-cı il martın 21-də Muğanda – Kürlə Arazın qovuşduğu yerdə  keçirdiyi qurultaya – tacqoyma mərasiminə qatılmamışdı.

Şamaxıya köçürülən kolanılar ilk vaxtlarda bu bölgənin quzey torpaqlarına – Qızmeydanı (böyük ehtimalla ilk variantda Quzmeydanı və ya Oğuzmeydanı olub) və Xilmilli ərazilərinə yerləşmişdi.

        Haşiyə: Xilmilli sözü Xol və Qol sözündən yaranmış ola bilir. Azərbaycanda bu adda soyun mövcud olması ilə bağlı ciddi versiyalar var. Neftçala rayonunda Xıllı, Xolqarabucaq, Qoltuq adında yaşayış məntəqələri var. Bu yer adlarının da etimologiyası Xol (Xıl, Qol) etnosunun adı ilə bağlı ola bilər.  Bu baxımdan ilk vaxtlar Şirvana köç edən oğuzmənşəli kolanı türklərinin məhz Qızmeydanı (Quzmeydanı, Oğuzmeydanı) və Xilmilli ərazisinə yerləşməsi düşündürücü məqamlardır.

Kolanıların Şirvan ərazisinə köçü 18-ci yüzilliyin sonuna qədər davam etmişdi. Bura köç edən kolanılar eyni bölgədən gəlmirdi. Şirvana yerləşən kolanılar əsasən Naxçıvandan, Qarabağdan və güney Azərbaycandan gələnlər idi. Güneydən gələn kolanılar Savalan dağının ətəklərindən gəldiyinə inanırlar. Yaşlı nəslin uşaq ikən böyüklərindən eşitdiklərinə görə Savalandan gələn kolanılar əslən Xorasan türklərindəndir. Xorasanın  ən əski türk yurdlarından olması  danılmazdır.

Rusiya İmperiyasının quzey Azərbaycanı işğalından sonra bu ərazilərdə ruslaşdırma siyasəti aparılmağa başlanır. 19-cu yüzilliyin ortalarında Xilmilliyə ruslar köçürülür. Qızmeydanı ərazisində isə ruslardan ibarət Astraxanka kəndi yaradılır. Rus kəndlərinin məhz bu ərazilərdə salınması əslində kolanıların parçalanması və zəifləməsi məqsədi ilə həyata keçirilirdi. Bundan sonra kolanılar müxtəlif yerlərə köç etməyə başlayır. Bir hissəsi Şamaxı yaxınlığına, indiki Sabir kəndi ərazisinə yerləşir. Böyük qismi isə Qubanın, Şabranın, Xızının və Siyəzənin ərazilərinə köçür. Hazırda Siyəzən rayonunda Kolanı adlı kənd var. Bu kəndin əhalisi məhz həmin köç zamanı Şamaxıdan gedib Siyəzəndə kənd salmışdılar. Sonralar Bakı yaxınlığına – Fatmayı və Kürdəxanı kəndlərinə də köçənlər olur. Kolanılardan bir neçə nəsil Sabir ərazisindən Şamaxının güney hissəsində yerləşən Girdə yaylasına köçür. Girdə yaylası bura köçənə qədər yüz il idi ki, heyvandarlıqla məşğul olan kolanıların qışlaq ərazisi idi. 20-ci yüzilliyin ortalarına qədər Kolanılar qışı Girdədə və Girdədən güneydə “Qışlaq yurdu” (“Qışlaq yurdu” hazırda Hacıqabul rayonunun ərazisindədir) adlandırdıqları yerdə keçirirdilər.

Kolanıları Girdə ərazisində də rahat buraxmırlar. Sovet hakimiyyəti qurulandan sonra Şamaxı kolanılarının daha əzablı günləri başlayır. Elin qabaqcıl insanları və imkanlı şəxsləri xüsusi təqiblərə məruz qalır. 1937-ci il repressiyası bu kəndin də əhalisindən yan keçmir. Daha pisi isə 1950-ci ildə Mir Cəfər Bağırov tərəfindən tərəkəməliyin ləğv edilməsi olur. Tərəkəməliyin ləğvindən sonra Girdə yaylasında Dağ Kolanı kəndi kimi tanınan kolanı obası sürətlə dağılmağa başlayır. Əhali ətraf bölgələrə səpələnməyə üz qoyur. Nəticədə kolanı ağbirçəklərinin və ağsaqqallarının təbirincə desək, “kolanılar hamısı yurddan didərgin oldu”. Girdəni tərk etmək zorunda qalan kolanıların bir qismi yaxınlıqdakı Poladlı (Qobustan rayonu) kəndində yerləşir.

        Muğan ərazisində olan kolanıların böyük əksəriyyəti Şamaxı ərazisindən köç edənlərdi. Bu köç 19-cu yüzilliyin sonlarında başladı, 20-ci yüzilliyin sonlarında tamamlandı. Şamaxıdan Muğan ərazisinə köç edən kolanılar Hacıqabulda, Sabirabadda, Şirvanda, Salyanda, Neftçalada, qismən də Biləsuvarda yerləşdi. Hazırda adını çəkdiyim bu rayonların çoxunda Kolanı adlı kəndlər var. Şamaxıdan bu yerlərə köçmələrindən 60-70 il keçməsinə baxmayaraq, hələ də yaşlı nəsil dönə-dönə “öləndə məni dədə-baba torpaqlarımızda basdırın” –deyə vəsiyyət edir. Və cənazələr hələ də Girdə yaylasına və ya kolanıların “Qışlaq yurdu” adlandırdıqları ərazidə olan qəbiristanlığa aparılır.

Kolanı ağsaqqallarının və ağbirçəklərinin “kolanılar hamısı yurddan didərgin oldu”- qənaətində həqiqət var. 17-18-ci yüzillikdə Şamaxı kolanılarının bir qəbiristanlığı vardı. Bu qəbiristanlıq Şamaxının quzeyində Qızmeydanı tərəfdə idi. Son yüz illərdə Qubadan Biləsuvara, Neftçaladan Sabirabada qədər ayrı-ayrı yerlərə səpələnən Şirvan kolanılarının indi Qobustanda, Hacıqabulda, Sabirabadda, Neftçalada, Siyəzəndə, Fatmayıda, Kürdəxanıda və digər yerlərdə ayrı-ayrı qəbiristanlığı var. 20-ci yüzilliyin 2-ci yarısına qədər Şirvan kolanılarının ağsaqqallarının demək olar ki, çoxu bir-birini yaxşı tanıyırdı, bir-birinin xeyrində-şərində iştirak edirdi.

        Haşiyə: Kolanılar haqqında araşdırma apardığım üçün son 20 ildə yaşlı nəslin əllidən artıq nümayəndəsi ilə görüşmüşəm. Onlardan biri – Şirvanın Hacıqəhrəmanlı kəndində yaşayan 90-a yaxın yaşı olan Hacı Şəfi maraqlı bir bilgi verdi. O, dedi ki, “1941-ci ildə babanın (söhbət babam Molla Allahyardan gedir) Ağdamın Paprəvənd kəndində yaşayan kolanı qohumlarından bir qonağı gəlmişdi”. Deməli 20-ci yüzilliyin 1-ci yarısına qədər nəinki Şirvan kolanıları, hətta bütün Azərbaycan kolanıları arasında gediş-gəliş əlaqəsi olub. Qarabağdan Şirvana, Şirvandan Qarabağa kolanı qızları gəlin köçüb.  20-ci yüzilliyin sonlarına doğru bu əlaqələr tamamilə kəsildi. İndi artıq eyni mahalda yaşayan kolanılar ayrı-ayrı kəndin sakinləri kimi bir-birindən xəbərsiz öz həyatlarına davam edirlər.

Deməli, Nadir şahdan üzü bəri Çar İmperiyasının və Sovet rejiminin – Mir Cəfər Bağırovun “çox narahat tayfa”, çar polkovnikinin “çox cəsur” adlandırdıqları kolanı türklərini parçalamaq və zəiflətmək planı addım-addım həyata keçirildi.

        Sözardı və ya zəruri qeyd: Azərbaycanın iki rayonunda – Xızıda və Ağdamda ən yüksək zirvə Kolanı dağı və ya Kolanı zirvəsidir.  “Xızı ərazisində ən hündür dağ Ata-dağ silsiləsinin Kolanı dağıdır, hündürlüyü 2206,9 metrdir. Ata-dağ silsiləsi qapalı dairə formasındadır, ortası dərə olduğuna görə, bu təbii divarlar (dağlar) arasında olan dərəyə “Dibarı” (dib barı)-yəni “divarların (dağların) yaratdığı dib (dərə)” demişlər. Bu sözü di barı, yəni barıların, dağların arası kimi də açıqlamaq olar. Çar Rusiyası və sovetlər dövründə tərtib edilən (1942-ci ildə tərtib edilmiş məxfi hərbi xəritə istisna olmaqla) bütün xəritələrdə Kolanı dağının adı “Dübrar” kimi qeyd edilmişdir” (Rəfail Oğuztürk Dağlı “Xızı-Siyəzən bölgəsinin tarixinə dair”, Bakı-2011).

Ağdam rayonunda da ən hündür yüksəklik Kolanı dağıdır. Bu dağın hündürlüyü 1365 metrdir.

Bunlardan başqa Azərbaycanda bir neçə bölgədə, o cümlədən  Göygöl, Goranboy ərazilərində  Kolanı yüksəkliyi var. Göygöl rayonunun ərazisində yerləşən Kolanı dağının hündürlüyü 1157 metrdir.

 

       Azərbaycandan kənarda yaşayan kolanılar

 

Yazının əvvəlində qeyd etdiyimiz kimi kolanılar çox geniş regionda – bir neçə ölkənin ərazisinə yayılmışlar. Orta Asiya respublikalarında, Sibir ərazilərində, Əfqanıstanda, İranda, Türkiyədə, İsraildə, Suriyada, hətta Livanda və digər yerlərdə kolanıların özünə və ya izinə rast gəlinir. Bu ölkələrin hər birində kolanı adının izini özündə saxlayan yer adları geniş yayılmışdır. Bir çoxunda isə özünü kolanı sayan türklər indi də yaşamaqdadır. Qazaxstanda, Türkmənistanda və Özbəkistanda Gulan, Gulançı, Gulanbay, Kulan-Qıpçaq, Kulan, Kulanbel, Kulan çayı, Golan, Kolan  yer adları min illər buranın sakini olmuş kolanı türklərinin silinməyən izləridir. Erkən orta yüzilliklərdə Qazaxstan ərazisində Kulan və ya Kolan adlı şəhərin olması məlumdur. Bu tarixi şəhər öz adını  Kol türklərinin adından götürmüşdü. Güman ki, bu şəhərin  əsasını Kol türkləri və ya Kolan türkləri qoymuşdular. Təəssüflər olsun ki, bəzən yanlış olaraq, bunun əksini –  kolanı soyunun adını bu şəhərdən götürdüyünü yazırlar.

Güney Azərbaycanda və Türkiyədə də kolanı türklərinin adıyla bağlı onlarla yer adı mövcuddur. Lakin bu adlar üzərində dayanmırıq. Nədən ki, niyyətimiz ölkəmizdən kənarda kolanı soyu ilə bağlı mövcud olan yer adlarını sadalamaq deyil.

Azərbaycandan kənarda yaşayan kolanılar haqqında danışarkən, İsrail və Suriya kolanıları üzərində bir qədər geniş dayanmağı gərəkli hesab edirik. O səbəbdən ki, son on illiklərdə Yaxın Şərqdə baş verən münaqişlərdən ən çox əziyyət çəkənlərdən biri bu ərazilərdə yaşayan Kolanı türkləridir.

 

                     Bir qədər başıbəlalı Kolan təpələri haqqında

 

Kolan təpələri 1967-ci ilə qədər Suriya torpaqları olub.

Bu məqamda bir məsələni təəssüf hissi ilə dəyərli oxucuların diqqətinə çatdırmaq istərdim. Təəssüflər olsun ki, bəzi araşdırmaçılar Kolan təpələri sözünü ərəb ağzı ilə Colan olaraq yazırlar.

Türkiyəli araşdırmaçı, etimoloq Rüstəm Kocadurmuşoğlu  “Kolan türkmənləri” adlı araşdırma məqaləsində bu məsələyə toxunaraq yazır:

“Mısırlılar “C” yerine “G” harfi kullanırlar. Doğu Arapları ise “G” yerine “C” harfi kullanırlar… İşte KOLAN TEPELERİNE de onların bazıları COLAN, bazıları da GOLAN Tepeleri derler”. Sözün əsli isə KOLANdır. Azərbaycanlı folklorşünas alim Əli Şamil də eyni yanlışa yol vermiş, Kolan türkmanları haqqında yazdığı əsərdə onları “Colan türkmanları” kimi təqdim etmişdir:

“Suriyada Türkmanları yaşadıqları bölgələr üzrə  beş yerə ayrırlar. Lazkiyə  bölgəsində yaşayanlara Bayır-Bucak Türkmanları, Hələb və Rakka bölgəsində  olanlara Hələb Türkmanları, Hama və Humus bölgəsində yaşayanlara Hama və  Humus Türkmanları, Şam bölgəsində yaşayanlara Şam Türkmanları,  Colan (Kolan –N.H) təpələrində yaşayanlara isə Colan (Kolan-N.H) Türkmanları deyirlər” (Əli Şamil, “Colan türkmanları”, Bakı – 2014).

1967-ci ildə İsrail ilə ərəb dövlətləri arasında cəmi 6 gün sürən müharibədən sonra Kolan təpələrinin böyük qismi İsrailin nəzarətinə keçdi. Bakı Dövlət Universitetinin dosenti, araşdırmaçı alim Vüqar Zifəroğlu “İranın İsraillə “Kolan təpələri düyünü” adlı məqaləsində buranı belə xarakterizə edir: “Kolan təpələrinin ciddi strateji əhəmiyyəti olduğu məlumdur. Ən azından şirin su ehtiyatları son dərəcə məhdud olan İsrail və ərəb ölkələri üçün həmin ərazi, cənnətin özüdür”. Göründüyü kimi kolanılar min illər öncə regionda yaşamaq üçün ən əlverişli yeri özləri üçün əbədi yurd yeri seçmişdilər. Suriyada yaşayan kolanıların çoxu bu günə qədər öz dillərini qoruyub saxlamışlar. Görünür, onların öz dillərini və adət-ənənələrini qoruyub saxlamaqda Suriyanı yüz illər boyu türklərin (Tulunilər, Səlcuqlar, Osmanlılar və sair) idarə etməsinin də rolu olub.

Kolan təpələri İsrail tərəfindən ələ keçirildikdən sonra buranın yerli əhalisi –  kolanılar qaçqın durumuna düşdü. Onlar Kolan təpələrinin Suriyada qalan qisminə və Suriyanın digər bölgələrinə yerləşdilər. Kiçik qismi iə Fələstinə və Livana köç etdi. Uzun illər yenidən öz əzəli torpaqlarına – Kolan təpələrinə qayıtmaq ümidi və həsrəti ilə yaşadılar. Lakin  gözlədikləri kimi olmadı, əksinə, 2011-ci ildə Suriyada qanlı toqquşmalar baş qaldırdı. Kolanılar ikinci dəfə qaçqın oldular. Son illərin ixtişaşları zamanı onların çoxu Türkiyə ərazisinə keçdilər. Türkiyəli professor Ümid Özdağ “Suriya türkləri” adlı məqaləsində haqlı olaraq kolanıları Suriyanın “ən şanssız” türkləri adlandırır.

1967-ci ilə qədər Kolan təpələri adlanan ərazidə 15-ə yaxın, bəzi araşdırmaçılara görə isə 20 kənd kolanı türklərinin məskunlaşdığı kəndlər idi. Bu kəndlərdə yaşamış və qaçqın düşmüş Kolanı türklərinin ümumi sayının 70-75 min olduğu deyilir.

Kolanıların keçdiyi tarixi yola nəzər saldıqda gerçəkdən onların “ən şanssız” türk soylarından biri olduğu görünür. Quzey Azərbaycanda və Ermənistan ərazisində istər çar dönəmində, istərsə də Sovet İmperiyası zamanı ən çox əziyyət çəkən “yurddan didərgin olan” toplumlardan biri kolanı toplumu oldu. Eləcə də 1967-ci ildə İsrail ilə ərəb dövlətləri arasında gedən savaşda və son illər Suriyada cərəyan edən hadisələrdə ən çox əziyyət çəkən soylardan biri məhz kolanı türkləri oldu. İsraildən qaçqın düşəndən sonra hələ toparlanmamış yenidən qaçqın oldular. 2016-cı ildə kolanı türkü olan suriyalı jurnalist Semih Eyyub mətbuatda yazırdı: “Kolan xalqı 40 ilə yaxındır, Suriya rejiminin işğal altındakı torpaqların özgürlüyünə qovuşacağını vəd edən saxta şüarlar altında yaşadı”.

İsrail dövlət kimi var olduğu sürəcə Kolan təpələri kimi çox mühüm ərazini əldən verməyəcək. Ötən il İsrailin Baş naziri Netahyahu ölkəsinin nazirlərini məhz Kolan təpələri ərazisində toplayaraq iclas keçirdi və buradan qarşı tərəfə mesaj ünvanladı: “İsrail Kolan təpələrini sonsuzadək əlində tutacaq”.

Kolan təpələrini yəhudilər üçün vazkeçilməz edən 3 əsas faktor var. Birinci və əsas faktor ondan ibarətdir ki, Kolan təpələrində zəngin su qaynaqları var. Hazırda İsrail içməli suya olan ehtiyacının üçdə birini məhz Kolan təpələri hesabına ödəyir. İkinci səbəb bu ərazinin geostrateji əhəmiyyəti və ölkənin güvənliyi baxımından son dərəcə əhəmiyyətli olmasıdır. Üçüncü səbəb isə dindar yəhudilərin inancına görə Kolan təpələrinin qutsal ərazi hesab olunmasıdır.

14 dekabr 1981-ci ildə İsrail dövləti 1967-ci ildən nəzarətdə saxladığı Kolan təpələrinin İsrailin  bir parçası olduğunu rəsmi şəkildə elan etdi.

1982-ci ilin fevralında Birləşmiş Millətlər Təşkilatı 497 saylı qərarla İsrailin Kolan təpələri ilə bağlı mövqeyini və bu torpaqların İsrail dövlətinə ilhaq edilməsinin  beynəlxalq hüquqa zidd olduğunu açıqladı.

Suriya Kolan təpələrini bütünlüklə öz ərazisi sayır və torpaqların İsrail tərəfindən işğal edildiyini bəyan edir. İsrail tərəfi isə Kolan təpələrinin İsrail dövlətinin nəzarəti altına keçməsinə fərqli yöndən izah verir:

“Altı gün sürən çarpışmaların sonunda öncəki atəşkəs xətlərinin yerinə yeni xətlər meydana gəldi. Yəhudiyyə, Samiriyyə, Qəzzə, Sina yarımadası və Kolan təpələri İsrailin nəzarətinə keçdi. Beləcə, quzeydəki kəndlər 19 il boyunca məruz qaldıqları Suriya topçularının bombardımanından qurtuldular. İsrail gəmiləri və İsrailə gedən gəmilərin Tiran boğazından keçişi təmin edildi”  (“İsrail haqqında gerçəklər” Qüds, İsrail – 2008).

Hazırda İsrailin ən yüksək nöqtəsi olan Hermon dağı da (hündürlüyü 2.656 m) Kolan təpələri adlanan ərazidə yerləşir.

Bizim üçün önəmli olan bu təpələrin İsrailin və ya Suriyanın nəzarətində olması deyil, Kolanıların əzəli torpaqlarına qayıdıb, min illik həyatlarına rahat şəkildə davam etməsidir. İnanırıq ki, nə zamansa bu sorun öz həllini tapacaq. İsrail kolanılarının bu düşüncədə olduğunu deyə bilmərəm, amma onlar da bu inamdadırlar. “Kolan türkləri Əməl Dərnəyi”nin ictimaiyyətlə əlaqələr rəhbəri Ziyad Məhəmmədin dediyi kimi “Kolan xalqı nəsillərin dəyişməsinə baxmayaraq, haqlarından və torpaqlarından vaz keçmədi, geri addım atmadı”. Deməli, nə zamansa bu inamın gerçəkləşməsinə inanmaq üçün əsasımız var.

Bir məqamı da qeyd etmək lazımdır ki, İsrail və Suriya ərazisində yaşayan kolanılar öz dillərini, adət-ənənələrini, folklorunu bu günədək qoruyub saxlamışlar. “Ərəblərin əhatəsində yaşamalarına və hökumətin basqılarına baxmayaraq, Kolan türkmanları əski türk sözlərini Türkiyədəki, Azərbaycandakı, İrandakı və Türkmənistandakı soydaşlarından daha yaxşı və daha sağlam qoruyub-saxlaya bilmişlər” (“Tarixdə və günümüzdə Ortadoğuda türkmənlər”, Bilecik – 2014). Ancaq təəssüflər olsun ki, Orta Doğuda yaşayan türkmanların, eləcə də kolanıların dünəni və bu günü yetərincə araşdırılmayıb.

 

        İnamlı sonluq və ya tarixdə iz qoymuş ünlü Kol(an)lar;

                                 Köl Tikin və ya Kol Tikin       

 

Kol Tikin Doğu Göytürk Xaqanlığını qardaşı Bilgə Xaqanla birgə yönətirdi. Əsasən hərbi işlərə rəhbərlik edirdi. O, Kutluq (İlteriş) Xaqanın oğlu idi. 684-cü ildə anadan olmuş, 731-ci ildə ölmüşdü. Türkün daş yaddaşı olan Orxon-Yenisey abidələrində və əski Çin qaynaqlarında adı sıx-sıx keçir. Cəsur ordu başçısı və yenilməz döyüşçü kimi öyülür. Çin qaynaqları Kol Tikindən bəhs edərkən “Yenilməz döyüşçü” ifadəsini işlədir. Orxon-Yeniseydəki daş abidələrdən biri məhz Kol Tikin abidəsidir. Bu abidəni onun ölümündən sonra qardaşı Bilgə Xaqan yazdırmışdı. Daş üzərində olduqca diqqətçəkici bir məqam var: Bilgə Xaqan yazıda Kol Tikini “Apa” deyə yad etmişdir. Bu söz əski türk dilində “böyük, ulu, uca” və ya “böyüyüm” anlamını verir. Böyük qardaşa və ataya müraciət forması kimi işlənirdi. Çox maraqlıdır ki, indinin özündə də Kolanı türkləri arasında böyüyünə, atasına “Apa” (Əpə) deyə müraciət edənlər var. Elə bu bu yazının müəllifi atasına məhz belə müraciət edirdi.

Yeri gəlmişkən, xüsusi vurğulamaq istərdim ki, Kol Tikinin adı bir çox türkoloqlar tərəfindən yanlış olaraq, Kül Tikin kimi yazılıb. Yalnız son dönəmdə bəzi ciddi türkoloqlar bu adı haqlı olaraq Köl və ya Kol Tikin şəklində yazmağa başlayıb. Tanınmış azərbaycanlı türkoloq alim Ramiz Əsgər araşdırmaçı Əzizxan Tanrıverdinin “Qədim türk mənbələrində yaşayan şəxs adları” monoqrafiyasına yazdığı “ön söz”də deyir:

“Məsələ burasındadır ki, həmin ad V.V.Radlov, V.Tomsen, H.N.Orkun, Y.S.Malov kimi ünlü türkoloqlar, eləcə də sovet və Azərbaycan alimləri tərəfindən Kül Tigin şəklində oxunmuş və bu, aksioma kimi qəbul edilmişdir. Yalnız çağdaş türk alimlərindən Osman Fikri Sərtqaya bu oxunuşa şübhə ilə yanaşmış” və ilk dəfə Kül Tikin oxunuşunun yanlış olduğunu ortaya qoymuşdur.

Bilindiyi kimi Orxon-Yenisey abidələri araşdırmaçılar tərəfindən iki qrupa ayrılır;

1.Orxon abidələri

2.Yenisey abidələri

Kol (Köl) Tikin, Bilgə Xaqan, Tonyukuk, Köli (Koli) Çor kimi kitabələr Orxon abidələri qrupuna daxildir.

432-ci ildə daşın bağrına yazılan Kol Tikin kitabəsi ilk dəfə 1889-cu ildə rus alimi N.M. Yadrintsev tərəfindən tapılıb üzə çıxarılmışdı. R.M. Melioraniski bu abidəni ruscaya çevirmişdi.

 

                 Kul Baş

 

Dədə Qorqud dastanlarında adı keçir. Kül Tikinlə eyni soya və ya eyni sinfə mənsub olduğunu söyləmək olar. Nə yazıqlar ki, bəzi araşdırmaçılar məsələnin dərininə getmədən bu adın izahını çağdaş fars dilində axtarırlar. Məsələn, “Xilbaş sözünün təhrif edilmiş” variantıdır. Fonetik təhrifin əks istiqamətdə getdiyini, Qılbaş sozünün fars dilində “Xilbaş” kimi tələffüz edildiyini düşünmək daha doğru olardı” – düşüncəsində olanlar var (S.Əlizаdə. “Кitаbi-Dədə Qоrqud” аntrоpоnimiyаsının еtimoloji əsаslаrı. Аzərbаycаn оnоmаstiкаsı prоblеmləri, III, Bакı, 1990). Türkoloq V.V. Bartold isə bu sözü məhz Kulbaş (Kul Baş) şəklində yazır. Fəzlullah Rəşidəddinin “Oğuznamə”sində isə Kul Başın adı Sarı Kul Baş olaraq keçir (Fəzlullah Rəşidəddin “Oğuznamə”,  Bakı, Azərnəşr – 1992).

 

                                                 Kul Çor

 

699-cu ildə paytaxtı Balasaqun olan Türkeş dövləti quruldu. Bu dövlət 766-cı ilə qədər mövcud oldu. Kul Çor bu dövlətin ən qüdrətli xaqanlarından biri idi. 720-ci illərdə hələ xaqan olmazdan öncə Türküstana soxulan işğalçı Əməvi qoşunlarına qarşı dirəniş göstərmişdi. Onun komandanlığı altında savaşan Türkeş ordusu Əməvi orduları üzərində parlaq qələbə qazanmışdı. Türkeşlərin qələbəsindən sonra Əməvilər Orta Asiyadan geri çəkilmişdi. Kul Çor 738-ci ildə Türkeşlərin xaqanı oldu. Xaqan olandan sonra adını dəyişib Baka Tarkan qoymuşdu.

 

                                Köl Xaqan və ya Kol Xaqan

 

742-ci ildə Türküstanda qüdrətli bir dövlət tarix səhnəsinə çıxdı. Bu, Uyğur Xaqanlığı idi. Köl Xaqan (Kol Xaqan) bu xaqanlığın ən ünlü başçılarından biri olmuşdu. O, həm də bilgəliyinə görə Bilgə Köl Xaqan kimi də tanınırdı. Köl Xaqan 744-cü ildən 747-ci ilə qədər xaqan olmuşdu.

 

                                                  Kol Erki Xan

 

Oğuz Xaqan dastanında və Fəzlullah Rəşidəddin “Oğuznamə”sində adı keçir.  Fəzlullah Rəşidəddinin “Oğuznamə”də yazdığına görə Kayı İnal Yabqudan sonra onun oğlu Tuman böyüyənə qədər dövlət başçısı olmuşdu. Kayı İnal öləndə oğlu Tuman yaşca kiçik olduğu üçün dövləti onun naibi (səlahiyyətli nümayəndəsi)  Kol Erki Xan yönətmişdi. Tuman böyüyüncə dövlətin başçısı olmuş və Kol Erki Xanın qızı ilə evlənmişdi. Tuman da bir qədər xaqanlıq etdikdən sonra taxta Kol Erki Xanın qızından olan oğlunu gətirmişdi. Çox böyük ehtimalla bu olay miladdan yüz illər öncə Oğuz-Sak dövlətində baş vermişdi, Kol Erki Xan da Oğuz-Sak dövlətinin başçısı olmuşdu.

Bu və bu kimi örnəklər bəlli edir ki, kolanı türkləri miladdan yüz illər öncə  Köl və ya Kol adıyla ayrıca türk boylarından biri kimi tanınmışdılar. Kol türkləri ən əski Sak-Oğuz soylarından biridir və min illər əvvəl ayrı-ayrı türk dövlətlərinin qurulmasında və yönətilməsində fəal rol oynamışdılar. Onların arasında ünlü ordu komutanları, xaqanlar və bilgə dövlət adamları vardı. Yuxarıda örnək gətirdiklərimiz onlardan yalnız bir qismidir.