Müsəlman ölkələri bu gün Qüdslə bağlı qərar verir – Gözlər İstanbulda…

Deputat: “Azərbaycanın toplantıda iştirakı və İslam həmrəyliyi nümayiş etdirməsi ABŞ və İsrail əleyhinə çıxmaq demək deyil”

Bu gün İstanbulda Türkiyənin təşəbbüsü ilə İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbədənkənar zirvə toplantısı keçiriləcək. Quruma üzv ölkələrin rəhbərləri Amerika prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasını və səfirliyi bu şəhərə köçürməklə bağlı qərarını müzakirə edəcəklər. Azərbaycan prezidenti də tədbirdə iştirak edəcək.

Trampın qərarına İƏT ölkələrinin indiyə qədərki qərarını nəzərə alsaq, toplantıda Amerika və İsrail əleyhinə ciddi qərarların qəbul ediləcəyi, bəyanatların, açıqlamaların veriləcəyi indidən məlumdur. Qüdsün paytaxt kimi tanınmasına sərt mövqe sərgiləyən Azərbaycanın toplantıdakı mövqeyi də demək olar dəqiqləşib. Bir müsəlman ölkəsi kimi Azərbaycan veriləcək qərarın və bəyanatın lehinə olacaq.

Bunun da Azərbaycan-Amerika, Azərbaycan-İsrail əlaqələrinə soyuqluq gətirə biləcəyi ehtimalları indidən yüksək görünür. Ekspertlərin də məsələ ilə bağlı mövqeləri demək olar üst-üstə düşür. Rəsmi Bakının silah aldığı əsas ölkələrdən biri olan İsraillə əlaqələrin soyuqlaşacağı təqdirdə, bundan hər iki tərəfin zərər görə biləcəyi vurğulanır. Amerika ilə də əlaqələrin orta olduğunu düşünsək, bunun bir az soyumasının ciddi problemlərə yol açacağı bildirilir. Trampın prezidentliyə gəlişindən sonra onun digər ölkələrin daxili işlərinə qarışmayacağını düşünən və buna çox sevinən Azərbaycan tərəfi sonradan onu vədinə əməl etmədiyinə görə sərt şəkildə qınamağa başladı. Bu gün də Trampla bağlı rəsmi Bakının mövqeyi belədir.

Sadaladığımız amilləri nəzərə alsaq, Azərbaycanın İƏT-in bugünkü toplantısında ciddi seçim qarşısında qalacağı açıq şəkildə görünür. Veriləcək istənilən qərarın ağırlığını hiss etməmək mümkün deyil. Amma istənilən halda qəbul olunacaq qərara kiçik bir müsəlman ölkəsi kimi Azərbaycan imza atmalıdır.

Deputat, politoloq Elman Nəsirov bildirdi ki, Azərbaycanın bu toplantıda iştirakı və İslam həmrəyliyi nümayiş etdirməsi Amerika və İsrail əleyhinə çıxmaq anlamına gəlməməlidir: “Trampın məlum mövqeyi Amerikanın öz müttəfiqləri arasında çox böyük ziddiyyətlərlə qarşılanıb. ABŞ-ın NATO-dakı müttəfiqləri Almaniya, İtaliya, Fransa, Roma papası və digərləri bu qərarın əleyhinə mövqe ifadə ediblər. Xüsusilə bu qərar Avropa ölkələrində sabitliyə, əmin-amanlığa, sülh prosesinə çox ciddi bir zərbə kimi qiymətləndirilir. Bu gün Avropa müsəlmanlarının etiraz dalğası başlayıb. Bu da Avropa ölkələrinin daxilində sabitliyin qorunmasına ciddi maneədir. Trampın dəfələrlə belə etiraz doğuran qərarlarının şahidi olmuşuq. Sonradan o, belə qərarlarından  imtina etmək məcburiyyətində qalıb. Vaxtilə müsəlman ölkələrindən Amerikaya gələnlərə ciddi maneələr yaradan qərar vermişdi, lakin sonradan o qərar ləğv olunmuşdu. Bu nöqteyi-nəzərdən Qüdsün İsrailin paytaxtı elan olunması və Amerika səfirinin Tel-Əvivdən Qüdsə keçirilməsi ilə bağlı qərar ilk növbədə, Amerikanın milli maraqlarına zidd bir məsələdir. Çünki bu qərar əsasında ABŞ-ın regiondakı müsəlman ölkələri ilə münasibətləri korlanır, hətta müttəfiqi olan müsəlman ölkələri ilə belə münasibətlərə ciddi kölgə salır. Bu da Amerikanın dövlət maraqlarına çox ziddir. İsrailə gəlincə, bu qərar müsəlman ölkələrinin bu dövlətin üzərinə qalxması anlamına gəlir ki, bu İsrailə lazımdır? Müsəlman aləminin bu, məsələdə birlik nümayiş etdirməsi, İsrail əleyhinə şüarlar səsləndirməsi İsrailə lazım deyil. Xüsusilə bu məsələdən beynəlxalq terrorçular maksimum yararlanmağa çalışır, özlərini milli qəhrəman kimi təqdim etmək istəyirlər. Bu, Amerika və İsrailə lazım deyil. 60 ildən çoxdur ki, davam edən İsrail-Fələstin münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası çoxsaylı qətnamələr qəbul edib. Həmin qətnamələrin heç birisində Qüds İsrail dövlətinin paytaxtı kimi nəzərdə tutulmur. Belə olan təqdirdə Trampın bu qərarı ilk növbədə, beynəlxalq hüquqa ziddir, BMT-nin məlum qətnamələrinin ümumi ruhunun əleyhinədir. Azərbaycanın bu məsələlərdəki mövqeyi beynəlxalq hüquqa söykənir. Azərbaycan bu münaqişənin sülh yolu ilə həllini istəyir, gərginliyin BMT-nin qətnamələri çərçivəsində həllini istəyir. Bu baxımdan Azərbaycanın bu məsələ ilə bağlı məlum mövqeyini hesab edirəm ki, Amerika və İsraildə düzgün qiymətləndirəcəklər. Ölkə başçısı müstəqil siyasət yeridir, Azərbaycanın yeritdiyi bu xətt heç bir dövlət və beynəlxalq siyasi dairələrin təzyiqi altında deyil. Biz müstəqil xarici siyasət yürüdürük. Azərbaycan beynəlxalq hüquqa xidmət edən dövlətdir. Davranışlarımız beynəlxalq hüquq sistemi çərçivəsindədir. Həmin beynəlxalq hüquqda isə Qüds İsrailin paytaxtı kimi nəzərdə tutulmayıb. Bu baxımdan Azərbaycanın bu mövqeyi düzgün  qəbul olunmalıdır. Rəsmi Bakı həm Amerika, həm də İsraillə yaxın tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır. Əgər BMT Təhlükəsizlik Şurasının qətnamələrində Qüds İsrailin paytaxtı elan olunsaydı, beynəlxalq birlik bu qərarı dəstəkləsəydi, o zaman Azərbaycan bu məsələyə müsbət, loyal münasibət bildirərdi. Amma ortada belə bir şey yoxdur. Ona görə Azərbaycanın mövqeyi ədalətlidir. Amerika və İsrailin bu mövqedən inciməyə əsasları yoxdur”.

Image result for Elman Nəsirov

Politoloq kiçik müsəlman ölkəsi kimi Azərbaycanın bu qərardan sonra hər hansı bir təhlükə ilə üzləşib-üzləməyəcəyindən də söz açdı: “Bu bizə təhlükələr yaratmır. Doğrudur, Azərbaycan müsəlman aləmində kiçik bir ölkədir. Amma bu yerdə cənab prezidentdən bir sitat gətirmək istəyirəm. Yeri gəlmişkən, cənab prezident ölkəmizlə bağlı kiçik sözünü xoşlamır. Ölkə başçısı dəfələrlə söyləyib ki, Azərbaycan beynəlxalq aləmdə elə də böyük dövlət deyil, lakin bizim sözümüzün mənası və çəkisi böyükdür. Dövlətin ölçülərinə, əhalinin sayına görə Azərbaycan regionda İran və digər dövlətlərdən geri qala bilər. Lakin Azərbaycan bu gün beynəlxalq aləmdə elə layihələr və təşəbbüslərlə çıxış edir ki, sözümüzün mənası və çəkisi böyük olur.

Image result for İstanbulda Kudüs

Azərbaycan dünyada İslam həmrəyliyinə çox böyük töhfələr verir. Ölkəmizdə İslam Həmrəyliyi oyunları keçirildi, paytaxtımızda müsəlman ölkələrinin idmançıları bir-birilərinin əlini sıxdılar. Bunun çox böyük bir mənası var idi ki, müsəlman ölkələrinin təmsilçiləri bir-birilərinin əlini sıxmalı, bir-birilərinə hörmətlə yanaşmalıdır, necə ki, bunu idmançılar edir. Bizim üçün əsas olan odur ki, Azərbaycanın atdığı addımların kiminsə diktəsi ilə atılmadığını hər kəs bilir. Prezident tərəfindən yürüdülən siyasətin dövlətimizə və xalqımıza xidmət etdiyini hər kəs yaxşı anlayır. Əgər belə olmasaydı, haqqında danışdığımız məsələ ilə bağlı belə bizə təzyiqlər göstərilərdi. Vaxtilə biz Krım məsələsində Ukraynanın ərazi bütövlüyünü müdafiə edən dövlətik. O zaman bu o demək deyildi ki, biz Rusiya əleyhinəyik. Beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini müdafiə edirik. Əgər o vaxt Ukrayna Rusiyaya qarşı eyni addımı atsaydı, Azərbaycan Kremli müdafiə edərdi. Kim ərazi bütövlüyünü pozursa, biz onunla eyni mövqedə ola bilmərik. Biz hər kəsi beynəlxalq hüququn ərazi bütövlüyü ilə bağlı normalarına əməl etməyə çağırırıq. Bu baxımdan bir daha bildirirəm ki, bu gün Qüdslə bağlı mövqeyimiz Amerika və İsrail əleyhinə deyil”.     /musavat.com/