Ramiz Rövşənin doğum günüdür – “Yavaş-yavaş sevdim səni”

Bu gün şair Ramiz Rövşənin 70 yaşı tamam olur.

Turkustan.info xəbər verir ki o, 1946-cı il dekabrın 15-də Bakıda doğulub. Şair Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini (1964-1969), Moskva Ali Ssenari kurslarını bitirib (1976-1978).

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında, “Mozalan” satirik kinojurnal studiyasında redaktor (1971), kinostudiyanın ssenari emalatxanasında ssenarist (1974-1975), ssenari redaksiya heyətinin üzvü (1979-1987), kinostudiyanın baş redaktoru (1987-1992) işləyib. Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir sıra keçmiş SSRİ respublikalarında, eləcə də ABŞ-da, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub. Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvüdür.

Yavaş-yavaş sevdim səni
Yavaş-yavaş sevdim səni,
Hər gün bir az da sevdim.
Ən çox bu qış sevdim səni,
Qarda, ayazda sevdim.

Gör bir nə tez isinişdik
Havalar soyuyanda.
Adamlar qalın geyinib,
Ağaclar soyunanda.

Qar altından baş qaldıran
Çiçəktək sevdim səni.
İstisinə qızındığım
Ocaqtək sevdim səni.

Hələ bu cür sevməmişdim
Ömrüm boyu heç kimi.
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.

Qorxa-qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki, günəş çıxıb,
Qar əriyir deyəsən…

/Cebhe.info/