Sumqayıt şəhər Poeziya evində “Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Turkustan.info-nun məlumatına görə,Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, AYB Sumqayıt bölməsi, S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsi, N.Gəncəvi adına kitabxana klub və Mərkəzi Uşaq kitabxanasının birgə təşkilatçılığı ilə Sumqayıt şəhər Poeziya evində “Göyərçin” jurnalının baş redaktoru, şair Rafiq Yusifoğlunun yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə şair Əşrəf Veysəlli, Sumqayıt MKS-nin direktoru Yeganə Əhmədova, AYB Sumqayıt bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, şair Namiq Dəlidağlı, yazıçı Hafiz İmamnəzərli çıxış edərək Rafiq Yusifoğlunun yaradıcılığı haqqında fikirlərini bölüşüb, xoş arzularını çatdırıblar.
Sonra S.Vurğun adına Mərkəzi Kitabxananın uşaq şöbəsinin nəzdində fəaliyyət göstərən Sabir Sarvan adına uşaq poeziya klubunun iştirakçılarının ifasında şairin “Əsl dost necə olar“ və “Sumqayıtın nağılı“ şeirləri əsasında hazırlanmış səhnəcik, N.Gəncəvi adına kitabxana klubun oxucularının ifasında “Yol nişanları“ şeirinə hazırlanmış kompozisiya və kitabxananın fəal oxucusu Nüsrət Ağazadənin müəlliflə birgə “Sumqayıt “ şeirinin ifası, Mərkəzi Uşaq Kitabxanasının oxucularının ifasında isə Rafiq Yusifoğlunun şeirləri maraqla dinlənilib.
Sonda Rafiq Yusifoğlu tədbirin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirərək “Göyərçin” jurnalının yeni nömrəsini uşaqlara hədiyyə edib.
Tədbirdə “Balalara hədiyyə“ başlığı altında sərgi, N.Gəncəvi adına kitabxana klubun nəzdində fəaliyyət göstərən rəsm dərnəyi üzvlərinin və Mərkəzi kitabxananın uşaq şöbəsinin oxucularının şairin şeirləri əsasında çəkdikləri rəsmlər nümayiş olunub.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin
mətbuat xidməti