“Növbəti Türk Zirvəsində Özbəkistan prezidentinin iştirakına inanıram” – Türk Konseyinin baş katibi Ramil Həsənovla MÜSAHİBƏ

Turkustan.info Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın yaratdığı  Türk Konseyinin tibi, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi  Ramil Həsənovun APA-ya müsahibəsini təqdim edir

– Ənənəmizə uyğun olaraq, ilin son müsahibəsində 2017-ci ildəki fəaliyyətlərinizi təhlil etməyinizi xahiş edirəm.

– Bizim üçün uğurlu olan 2017-ci ili mən bundan əvvəlki iki ilin məntiqli davamı kimi qiymətləndirirəm. Türk Şurasına üzv olan ölkələrin hökumətləri arasında əlaqələrin genişləndirilməsi, alternativ enerji əldə edilməsi və  informasiya kommunikasiyası kimi  yeni sahələrin   fəaliyyət sahəmizə daxil edilməsi, əlbəttə ki, bizim üçün uğurlu addımlar sayıla bilər. Hər il olduğu kimi, bu il də üzv ölkələrimizin iqtisadiyyat, gömrük, təhsil, nəqliyyat, gənclər və idman nazirlikləri ilə gördüyümüz işləri davam etdirərək ümumi hədəflərimizə doğru önəmli addımlar atmışıq. Adını çəkdiyim sahələrə  başçılıq edən nazirlərimizlə keçirdiyimiz toplantıların hamısı konkret nəticələr əldə etməyi nəzərdə tutur. Məsələn, Qazaxıstan ilə Azərbaycan arasında həyata keçirilməsi nəzərdə tutulan TASİM  layihəsinin üzləşdiyi əngəlləri aradan qaldırmaq üçün biz bu il öz köməyimizi əsirgəmədik. Kibertəhlükəsizliklə  mübarizə sahəsində mühüm işlər görülüb. Əgər biz informasiya və kommunikasiya texnologiyaları və kibertəhlükəsizlik sahəsindəki fəaliyyətlərimizi indidən gücləndirə bilməsək, gələcəkdə  çox böyük problemlərlə üzləşə bilərik. Üzv ölkələrimizin dövlət başçıları bu sahəyə xüsusi diqqət yetirirlər. Eyni zamanda, kosmik peyk sahəsində müştərək əməkdaşlıq üçün yeganə platforma Türk Şurasıdır. Əməkdaşlıq planlarımızı   müştərək platformalarda həyata keçirmək üçün bizi  lazımi şəkildə  istiqamətləndirən  və çalışmalarımıza hər cür dəstəyi verən dövlət başçılarına təşəkkür edirəm. Bilirsiniz ki, Azərbaycan, Qazaxıstan və Türkiyənin kosmik informasiya peykləri vardır və Baykonur kimi böyük kosmik aerodromunun məhz Qazaxıstanda olması bizim bu sahədəki əməkdaşlıq imkanlarımızı  daha da genişləndirir.

İqtisadi sahədəki əməkdaşlığımız uğurla davam etməkdədir. Eyni zamanda, üzv ölkələrimiz arasında quru nəqliyyatı sahəsindəki “İpək yolu” layihəsi çərçivəsində əməkdaşlığın gündən-günə inkişaf etdirilməsi bizi çox sevindirir. Bu sahədə üzv ölkələrin iqtisadiyyat və nəqliyyat nazirliklərinin birgə fəaliyyət mexanizmi üzərində işləyirik. Nəqliyyat xərclərinin azaldılması əsas hədəflərimizdən biri olduğu kimi, Aktau, Ələt və Samsun limanlarının üzv ölkələr arasında yük nəqlinin əsas mərkəzləri kimi effektiv hala gətirilməsinə də böyük əhəmiyyət veririk. Biz başqa ölkələrin daxili işlərinə qarışmadan, başqa ölkələrə heç bir ziyan vurmadan, alternativ rəqabət mühitində  üzv ölkələrimiz arasındakı əlaqələrin dərinləşdirilməsinə çalışırıq. Bizim həm dəmiryolu, həm də quru yolu nəqliyyatında uğurlu əməkdaşlığımız olduğunu deyə bilərəm. Bununla bağlı,mən Qazaxıstan və Qırğızıstan baş nazirləri ilə, Azərbaycanın həm iqtisadiyyat, həm də nəqliyyat naziri ilə, Türkiyənin  baş naziri və nəqliyyat  naziri ilə görüşərək konkret addımlar atmağımız üçün dəstək almışam. Beynəlxalq Nəqliyyatçılar Dərnəyinin   üzv ölkələrə girərkən “torpaq basdı” pulunun alınmaması, gömrük vergilərinin azaldılması və s.  məsələlərdə bizə verdiyi təklifləri sürətlə üzv ölkələrə çatdıraraq konkret nəticələr əldə etdiyimizi deyə bilərəm. Həm hökumətimiz, həm də Beynəlxalq Nəqliyyatçılar Dərnəyi bizə təşəkkür məktubu göndərib.

Biz bir çox beynəlxalq təşkilatda ölkələrimizin mənafeyini müdafiə edirik. Bu çərçivədə ATƏT, İƏT, BMT-nin UNESCO, Dünya Turizm, Azərbaycanın  çox əhəmiyyət verdiyi Mədəniyyətlərarası Dialoq Forumu , BMT-nin İnkişaf Proqramı  və bu yaxınlarda Antalyada keçirdiyimiz Cənub-Cənub Əməkdaşlığı üzrə Beynəlxalq Təşkilatla uğurlu  əməkdaşlığımız fəaliyyətimizi beynəlxalq səviyyədə qura bilməyimiz üçün mühüm platformalardır. Dövlət idarəçiliyindəki keyfiyyəti  və şəffaflığı  yüksəltmək üçün Azərbaycanın  yaratdığı ASAN sisteminin təcrübəsinin üzv ölkələrdə də tətbiq edilməsinə çalışırıq. Qırğızıstan bu sahədə artıq addım atıb. Bizim turizm sahəsində üzərində işlədiyimiz ən mühüm layihə – “İpək yolu” turizm paketidir. Novruz bayramında paketlərin satışa çıxarılacağını gözləyirik. Bizim üçün mühüm olan o layihənin uğurla həyata keçirilməsi üçün  yoxlamalar təşkil etdik. Qırğızıstan, Qazaxıstan və Azərbaycana getmək istəyən turistlərin keçəcəyi yolların vəziyyəti, hotellər və iaşə obyektlərinin keyfiyyətli xidmət  göstərməsi üçün 3 ölkənin turizm nazirliklərinin nümayəndələri ilə birlikdə yoxlamalar apardıq. Bu sahədə Türkiyənin böyük təcrübəsini üzv ölkələrə çatdırırıq. Bu məqsədlə biz üzv ölkələrin  turizmlə məşğul olan nümayəndələri  üçün təlim kursları təşkil etmişik. Üzv ölkələrin turizm sahəsindəki bəzi nümayəndələrinin isə BMT-nin Dünya Turizm Təşkilatının Cenevrədəki ofisində təcrübə keçməsinə nail olmuşuq. Təkcə üzv ölkələrdən deyil, diaspordan da  dəvət etdimiyiz təxminən 600 gəncin iştirakı ilə Türkiyə və Qazaxıstanda gənclik düşərgələri təşkil etmişik. O düşərgələrin təcrübəsini yaşamış gənclər, gələcəkdə ölkələrimiz arasındakı münasibətlərin inkişaf etdirilməsində mühüm rol oynayacaqlar. İllik proqramımızda üzv ölkələrin təcrübəli diplomatlarının gənc diplomatlara kurslarda dərs vermələri də bizim üçün əhəmiyyətli olduğuna görə, o ənənəni davam etdiririk. Belə ki, 4 il əvvəl o kurslarda iştirak etmiş gənclər indi öz ölkələrinin xarici işlər nazirliklərində diplomat ranqında işləyirlər. Onlar həmişə deyirlər ki, biz Türk Şurasından yetişmişik, ona görə hər yerdə Azərbaycanı, Türkiyəni, Qazaxıstanı, Qırğızıstanı  təmsil edirik.

Bu işləri həyata keçirməyimizdə bizə dövlət başçılarımızın siyasi iradəsi  daima yol göstərir, həlledici dəstəyi verir. Maraqlı faktlardan biri də odur ki, Macarıstan bizimlə əməkdaşlığını sıxlaşdırır. Sentyabrda Macarıstan bizə müraciət edərək Şuramızın bir qurumu olan Türk Akademiyasında müşahidəçi olmaq istədiyini bildirmişdi. Xarici işlər nazirlərimizin iştirakı ilə sentyabrda Nyu-Yorkda keçirilən iclasda Macarıstanın istəyi qəbul  edildi. Artıq Macarıstan, TürkPa-dan sonra o biri beynəlxalq qurumumuz olan Türk Akademiyasının da müşahidəçi üzvüdür.  Özbəkistanın “dünyaya açılma” siyasətindən Türk Şurası da öz payını alır. Mən bunu Özbəkistanın bu sahədəki fəaliyyətlərini bərpa etməsi kimi dəyərləndirirəm. Siz də şahid oldunuz ki, iqtisadiyyat nazirlərimizin iclasında Özbəkistan iqtisadiyyat nazirinin birinci  müavini iştirak edərək bizi son dərəcə məmnun etdi. Nazirin birinci müavini o addımı Türk Şurasında daimi iştirak etmək üçün atdıqlarını bildirdi. Mən növbəti zirvə toplantımızda Özbəkistan prezidenti cənab Mirziyayevin iştirak edəcəyinə inanıram. Türkmən qardaşlarımızı da eyni səviyyədə gözləyirik. Ümid edirəm ki, biz növbəti zirvə toplantımızda sıralarımızı daha da genişləndirəcəyik.

– Növbəti zirvə toplantısı nə vaxta planlaşdırılıb?

– Indi bu barədə Qırğız tərəfi ilə danışıqlar aparılır, çünki ev sahibi Qırğızıstandır. Verilən təklif- 2018-ci ilin  mart ayıdır. Çox güman ki, ya 30-31 martda ya da Novruz bayramından əvvəl keçirəcəyik. Bunun danışıqlarını diplomatik kanallardan aparırıq. Mart ayında Bişkekdə növbəti zirvə toplantımızı keçirəcəyimizə  ümid bəsləyirəm.

– İki önəmli nöqtəyə diqqəti cəlb etdiniz: birincisi- Özbəkistanın Türk Şuraısnın toplantılarına yüksək vəzifəli idarəçilər səviyyəsində qatılması; ikincisi isə – Qırğızıstanın  yeni iqtidarının  Türk Şurasının zirvə toplantısının Bişkekdə keçirilməsinə hərarətli baxması. Bu vəziyyət Türk  Şurasının fəaliyyətini nə dərəcədə gücləndirəcək?

– Gücləndirəcəyinə şübhəmiz yoxdur. Açıq demək lazımdır: əvvəllər Özbəkistanla Qırğızıstanın arasında sərhədlərlə bağlı problemlər vardı. Ancaq bu gün hər iki ölkə hökumətlərinin xoş məramlı səyləri nəticəsində Özbəkistanla Qırğızıstan arasında çox gözəl münasibətlər qurulub. Əlbəttə ki, o münasibətlər Türk Şurasının fəaliyyətinə müsbət təsir göstərir. Evdə iki qardaş arasında da narazılıqlar ola bildiyi kimi, bəzən ölkələr arasında da anlaşmazlıqlar ola bilir. Bunu normal qarşılamaq lazımdır. Ortaq nöqtələri tapmaq üçün müzakirələr aparmaq lazımdır. Türk Şurasına üzv ölkələr arasındakı münasibətləri sadəcə qardaşlıq səviyyəsində görmək istəyir və bunun üçün çalışır. Üzv olmayan, bizə qonşu olmayan ölkələrlə münasibətlərimizi daima dostluq prinsipləri üzərində qurmağa çalışırıq. Bu,həssas tarazlıq siyasətidir. Hər bir ölkənin özünün xüsusi çəkiyə malik olan xarici siyasəti mövcuddur, biz buna hörmətlə yanaşırıq.

Həmişə demişəm və səlahiyyət müddətim başa çatana qədər deyəcəyəm: Türk Şurası hərbi blok deyil, Türk Şurası heç kimlə savaşmaq niyyətində olan bir təşkilat deyil. Türk Şurası ortaq kökləri olan xalqlarımızın birlikdə və bərabər fəaliyyətini  tənzimləmək və bununla bağlı siyasi-mədəni platforma yarada bilmək üçün qurulmuş   hökumətlərarası  beynəlxalq  qurumdur. Türk Şurası üzv ölkələrin ərazi bütövlüyünə maksimum hörmətlə yanaşan təşkilatdır. Türk Şurası  insanların milli, dini və mədəni hüquqlarına hörmət edilən ölkələrin qurduğu beynəlxalq təşkilatdır. Ona görə də dünyanın müxtəlif guşələrində etnik və dini zəmində ciddi anlaşmazlıqlar yaşanarkən, Azərbaycanda, Qazaxıstanda, Qırğızıstanda, Türkiyədə, bizə daimi üzv  olmasını arzu etdiyimiz Özbəkistanda və Türkmənistanda bütün millətlər, dini  və mədəni icmalar heç bir münaqişə olmadan öz haqlarını qoruyaraq və o haqlardan istifadə edərək azad  şəkildə yaşaya  bilirlər. Bu baxımdan  Türk Şurası dünyaya çox gözəl bir örnəkdir. Türk Şurası sülh və əməkdaşlıq təşkilatıdır. Biz hər kəslə əməkdaşlığa hazırıq, bizim üçün qapalı qutu mexanizmi yoxdur. Biz açıq və şəffaf platformayıq, atdığımız hər bir addımı ictimaiyyətlə paylaşırıq. İndi əsas hədəflərimizdən biri Türk Şurasına üzv olan ölkələrdə gəlir və rifah  səviyyəsinin yüksəldilməsidir. Türk Şurası ölkələrinin dövlət başçılarının Bişkekdə keçiriləcək zirvə toplantısına yenə də dəqiq ölçülüb-biçilmiş bir gündəmlə gedəcəyik.