Bu müəllimlər attestasiyadan keçiriləcək

Gələn il musiqi məktəblərində dərs deyən musiqi müəllimləri attestasiyadan keçiriləcək.

Trend xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

2017-ci ili mədəniyyət sahəsinin inkişafı üçün uğurlu il sayan nazir əlavə edib ki, Bakı şəhərində və ətraf qəsəbələrdə də mədəniyyət ocaqlarının, musiqi və incəsənət məktəblərinin şəraiti yaxşılaşdırılır.

Ə.Qarayev deyib ki, hazırda Şağanda və Qızıldaş qəsəbələrində yeni mədəniyyət müəssisələrinin inşası davam etdirilir. Yaxın aylarda həmin müəssisələrin açılışı planlaşdırılır.

Ə.Qarayevin sözlərinə görə, nazirliyin strukturunda aparılan islahatlar nəticəsində 2017-ci ildə regional mədəniyyət və turizm idarələri fəaliyyətə başlayıb. Bununla da yerlərdə mövcud problemlərin həlli, mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması istiqamətində uğurlu addım atılıb: “Bu islahatlar həm büdcə xərclərinin daha səmərəli istifadə olunmasına şərait yaradacaq, eləcə də, mədəniyyət müəssisələrinin effektiv çalışmasını təmin edəcək. Növbəti ildə müəllimlərin attestasiyası keçiriləcək. Beləliklə də musiqi və incəsənət təhsili sahəsində keyfiyyətin artırılmasını təmin etmiş olacağıq”.

Nazir onu da urğuladı ki, bu il ərzində musiqi və incəsənət məktəblərində yoxlamalar aparılıb, işində nöqsanlara yol vermiş rəhbər şəxslər işdən kənarlaşdırılıb.