Mehriban Zeynalova: “İt ilə yatan, bit ilə qalxar”

İdeal olmayan dünyada ideal münasibətlər axtarmaq cəfəngiyatdır. Bütün dünyaya rəgmən, biz bu cəfəngiyatı kənara atıb, ideal olmağa çalışan millətik. O qədər vasvasıyıq  ki, insanın  formalaşmış təfəkkürünü silib, təmizləyib, paklayıb öz bildiyimizi ora yazmağa qədər hazırıq… “Yazıya pozu yoxdur” deyiblər. Bəs  zorla yazdığımız yazı kim üçün və nə üçündür? Əsas sual budur…

 

“Yazıya pozu yoxdur” konsepsiyası ilə həyata baxsaq, onda hamımızın içimizi çəkərək gileyləndiyimiz, gündən-günə artan boşanmalar da bir alın yazısıdır. Əgər alın yazısıdırsa, onda giley nədir? Deyinib demək ki, ailə dəyəri qalmayıb. Dəyər deyib hay çəkənlərin dəyərə münasibəti konkret deyil, anlaşılan deyil hələ ki…

 

Ailə dəyəri demiş, deyirlər ki, daha kişilər boşanmır, qadınlar boşanır. Bir də deyirlər ki, əvvəllər qadınlar boşananda ağlardı, indi sevincəkdirlər. Deyirlər ki, nikahsız evlənənlər nikahlı evlənənlərdən daha çoxdur. Bir də deyirlər, atalar uşaqlarından bədgümandır. Çox söz deyirlər, çox söz danışırlar. Amma əsl həqiqəti kimsə demir, dəyərin dəyərini izah edə bilmədiyi kimi.

Aləm dəyib bir-birinə. Köhnə bazara təzə nırx qoyanlar istəyir ki, necə var elə də görünsünlər. Pisi pis, yaxşını yaxşı. Yeri gələndə kişidən qabaq cavab versin, hələ üstəlik, kişidən cəld bazarlığın pulunu ödəsin, ya restoranda, kafedə kişidən geri qalmayıb, ofisiantı çağıraraq hesab da ödəsin. Hətta lazım gəlsə qayınana, qayınatadan xəbərsiz ərini qoluna vurub istirahətə də getsin.

 

Köhnə bazarın adamları da deyir ki, “Nə danışırsız… mən qarşımdakını olduğu kimi qəbul etmərəm. Beləsi adamı qorxudur. Öz fikri, öz düşüncəsi, öz davranışı olanda adam vahimələnir. Bir an sonra nə edəcəyini bilə bilməzsən. Əgər mən bir an sonra, hətta  bir il sonra qarşımdakı gəlinin nə edə biləcəyini bilmirəmsə, onda beləsi mənə gərək deyil. Odur ki, ən salamatı, gedib elə bələkdən qız alım.. Oğlum özbaşına qalsa, dədələr demiş, it ilə yatar, bit ilə qalxar. Gəlin nə deyər, onu da edər, nə görər, onu da götürər. Axı bizim ailə dəyərimiz var, kişi qadına yox, qadın kişiyə tabe olar”.

Dəyər demiş, indi heç ailəyə dəyər kimi baxan da yoxdur. Dəyər- qiyməti olan, alınan, satılan nə varsa, odur deyirlər… Ailə isə nə alınar, nə satılar, onun nə dəyəri olasıdı. Zorla bu, dəyər deyib, çar çəkdiyimiz nədirsə, əslində, yoxdur, lap  alın yazısı konspesiyası kimi. Zorla ailə dəyəri deyib, məcburi bir-birini görmək, eşitmək, dinləmək, birgə uşaq böyütmək istəməyənlərə, ailə dəyəri var deyib, zorlayıb birgə saxlamaqda nə məna?  O uşaq üçün dəyər deyilən yox, sevgi lazımdır.

 

Adam zorla məsuliyyət, öhdəlik kimi hissləri yaşamaq istəmir. Nə kişisi, nə qadını törətdiyinə sahib çıxmaq istəmir. Dəyər deyib duranlar anlamır ki, ev yükü, el yükünü çəkən qadın daha  kişi  yükünü  çəkməkdən  bezib. Heç kişi də, sir-sifətindən zəhrimar yağan, el üzünə gülən, evdə isə turşuyan sifəti görmək istəmir. Onu al, bunu al, onu elə bunu elələrdən bezib. “El nə deyər”lə başlayan söhbətlərdən yorulub.

 

Nə qədər bazar köhnə idi, qaydalar da köhnə idi. İndi təzə nırxla köhnə bazar heç yollaşmır. Nə edək….bazarmı bağlayaq?

Birdən yadıma düşdü ki, heç bazar da qalmayıb bağlanası. Amma bazar olmayan yerdə azarımız nə qədər desən.

Ən böyük azarımız da ailədir. Zor gücünə, qol gücünə, dil gücünə qurduğumuz ailə. Hərənin bir azarı var, mənim azarım  isə USAQLARDI….

 

Bir alın yazısı ki, uşağın sevincini, gülüşünü əlindən alacaq, bir dəyər ki, uşağı uşaqlıqdan məhrum edib, uşaq ikən qocaldacaqsa, intihara sürükləyəcəksə, pozulsa, dağılsa, məhv olsa yaxşıdı…

 

Dağıdın təməli boş, içi boş ev dediyiniz sevgisiz ailələri!