Hərə üçün 200 manat: Hökumət yoxsulluğu necə ləğv edəcək?

Baş nazirin müavini Əli Həsənovun “2020-ci ilədək Azərbaycanda 1 nəfər də yoxsul qalmayacaq” açıqlamasından sonra ölkədə yoxsulluq meyarının nə ilə ölçülməsi məsələsi gündəmə gəlib. Qeyd edək ki, Azərbaycanda 2017-ci il üçün yaşayış minimumu 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilib. 2017-ci ildə ehtiyac meyarı 116 manat təşkil edib.

“Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən, növbəti il üçün yaşayış minimumu ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyən edilib. 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat müəyyən olunub.

Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş minimum istehlak səbəti üzrə əsas növ ərzaq məhsullarının illik istehlak normalarına görə, orta hesabla bütün əhalinin hər nəfəri üçün çörək və çörək məhsulları 126,2 kq, kartof 50,7 kq, tərəvəz və bostan məhsulları 97 kq, meyvə və giləmeyvə 46 kq, ət və ət məhsulları 31,5 kq, süd və süd məhsulları 231,3 kq, balıq və balıq məhsulları 7,7 kq, yumurta 153 kq, şəkər və qənd məhsulları 17,4 kq, bitki yağları, marqarin və digər piylər 9,8 kq, kərə yağı 6,7 kq təşkil edir. Bu göstəricilər başqa ölkələrdə fərqlidir.

İqtisadçı-alim Vüqar Bayramov “Cümhuriyət” qəzetinə bildirib ki, Dünya Bankı tərəfindən yoxsulluq səviyyəsini müəyyənləşdirən indikatorlar var: “Dünya Bankının təqdim etdiyi metodologiyaya əsasən gündəlik gəliri 2 dollardan az olan adamlar yoxsul hesab olunur. Amma onu da nəzərə alaq ki, bunu heç də bütün ölkələrə tətbiq etmək mümkün deyil. Çünki bəzi ölkələrin müəyyən qədər alıcılıq qabiliyyəti olsa da, bəzi ölkələrdə ümumiyyətlə, heç 2 dollarlıq alıcılıq qabiliyyəti yoxdur. Amma bu metodologiyadan istifadə olunur və fərqli ölkələrə tətbiq edilir. Eyni zamanda beynəlxalq təşkilatlar təklif edirlər ki, yoxsulluğu müəyyənləşdirən zaman keyfiyyət yoxsulluğu indeksindən istifadə olunsun. Keyfiyyət yoxsulluğunun əhəmiyyəti ondan ibarətdir ki, aylıq 60 dollar gəlir əldə etməyən həmin vətəndaşın yoxsul olmaması anlamına gəlmir. Ona görə də hər ölkədə alıcılıq qabiliyyətinə uyğun olaraq keyfiyyət yoxsulluğunun səviyyəsini müəyyənləşdirməyi təklif edirlər. Təbii ki, yoxsulluğun aradan qaldırılması zaman tələb edən işdir. Çünki bir sıra hallarda rəqəmlər dəyişir. Bəzi hallarda qiymətlərin artması yoxsulluq səviyyəsi ilə bağlı minimum istehlak səbətinə və yaşayış minimumuna yenidən baxılmasını tələb edir. Hətta keyfiyyət yoxsulluğunda belə rəqəmlər kifayət qədər nisbidir”.

İqtisadçı onu da qeyd edib ki, Azərbaycanda yoxsul insan məhz yaşayış minimumu və ehtiyac meyarına uyğun olaraq müəyyənləşdirilir: “Ehtiyac meyarından az gəliri olanlar yoxsul insan hesab edilir. Nəticədə həmin insanlar ünvanlı sosial yardım layihəsi çərçivəsində kompensasiya almaq imkanına malikdir. 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat, yaşayış minimumu ölkə üzrə 173 manat müəyyənləşdirilirb. Bizim müstəqil qiymətləndirmə onu göstərir ki, xüsusən, ehtiyac meyarının artırılmasına ehtiyac var. İnsanların yoxsulluq həddində yaşamaması üçün ailədə hər nəfərə düşən gəlirin 200 manatdan artıq olmasına ehtiyac var. Əgər ailədə hər adama düşən gəlir 200 manatdan artıqdırsa, deməli, o ailə müəyyən qədər minimum xərclərini ödəmək imkanına malik ola bilər. Təbii ki, 130 manat minimum xərcləri ödəmək üçün kifayət deyil. Buna görə də biz Dünya Bankının təklif etdiyi metodologiyadan fərqli olaraq, Azərbaycanda hər nəfərə düşən gəlir səviyyəsinin aylıq 200 manat müəyyənləşdirilməsinin tərəfdarıyıq. Hər nəfərə düşən gəlir 200 manatdan çox olduğu halda təbii ki, onu yoxsul olmayan kateqoriyaya daxil edilməsi daha məqsədəuyğun olardı”.    /cebhe.info/