“Şaxta baba da bizimdir, şam ağacı da…” – MÜBAHİSƏLƏRƏ SON!

Yeni ilin miladi təqvimlə yanvarın 1-də, yaxud Günəş təqvim ilə martın 21-də qeyd olunması köhnə mübahisədir. Tacikistanda da bu mübahisələr mövcuddur və bu il rəsmi şəkildə qərara gəlinib ki, Yeni ili xüsusu təmtəraq olmadan, yəni yolkasız, Şaxta baba və Qar qızasız qeyd eləsinlər. Novruzu əsas bayramı sayan bu ölkə kimi Azərbaycanda da “Şaxta baba əleyhdarları” var.

Milli aydınlarımızdan Hikmət Babaoğlunun həm yolka, həm də Şaxta Baba ilə bağlı maraqlı fikirləri, tapıntıları var.

***

Bildiyimiz kimi, yanvar ayının 1-də yeni ilə keçid kimi qeyd etdiyimiz miladi təqvim İsa peyğəmbərin doğuluşunu simvolizə edir və bu doğuluş şərti olaraq insanlığın, bəşəriyyətin yeni tarixini müəyyənləşdirir. Bu, xristian dini inancından irəli gələn sistemli dini-ideoloji baxışdır. Amma tarixi mənbələrdə hələ İsanın doğuluşuna qədər, yəni milada qədər olan dövrdə biz bu doğuluşu simvolizə edən və doğuluş günü şam ağacının müqəddəs ağac kimi istifadə olunmasını göstərən, eyni zamanda, şaxta baba obrazı ilə identifikasiya oluna biləcək bir obrazın mövcudluğunu qədim türk xalqlarının tarixində və əsasən uyğur xalqının tarixində görürük. Bu tarixin kifayət qədər qədim olduğunu nəzərə alsaq, o zaman milad mədəniyyətini, şam ağacını və şaxta baba obrazını qədim hun-uyğur ənənələri ilə izah edə bilərik. Fransız tarixçisi Jan Pol Ru yazır ki, türklərdə müxtəlif müqəddəs heyvanlar və bitkilər var idi. Müqəddəs bitkilərin arasında o, şam ağacını da göstərir və qeyd edir ki, qədim türk mifologiyasına görə Qaraqorum dağlarından aşağıya – ovalığa doğru iki çay axırdı. Onlardan biri Tola çayı, digəri isə Selenqa çayı idi. Bu iki çayın arasında Kamançı, yəni Şamançı adlanan bir yer vardı. Burada iki ağac bitmişdi. Bu ağaclardan biri “küsük” adlandırılan şam ağacı idi, digəri isə toz ağacı, yəni qayın ağacı idi.

Hun-uyğur mifoloji təsəvvürünə görə, günlərin bir günü bu ağaclar arasında olan təpəciyə göydən bir nur düşdü və bir müddət otuz insanın əhatə edəcəyi yer qədər olan əraziyə hər gecə, hər gün bu nur düşməkdə davam etdi. Uyğur xalqı bunu müşahidə edirdi. Bir gün isə eynilə insanın doğuluşu kimi, bu təpədən 5 qapı açıldı. Bu beş qapının içərisində 5 uşaq var idi. Külək dəyən kimi bu uşaqlar böyüdülər, çox keçmədən danışmağa başladılar. Uyğurların əcdadları bu uşaqların dünyaya gəlməsini bir doğuluş günü kimi qeyd etdilər və onları müqəddəs hesab edərək özlərinə başçı seçdilər. Uşaqlar danışan kimi valideynlərinin kim olduğunu soruşdular. Onlar valideynləri kimi şam ağacı və toz ağacını göstərdilər. Bu uşaqlar valideynlərinə itaət edərkən bu ağaclar da onlara xeyir-dua verdilər və əbədi həyat arzuladılar. Uyğur xalqının öndə gedənləri, ağsaqqallar həmin uşaqlara Sonqur təkin, Kotur təkin, Tükel təkin, Or təkin və Buku təkin adlarını qoydular. Bunların içərisində ən zirək, cəsur və iti zəkalı olduğu üçün Buku təkini özlərinə başçı seçdilər.

Göründüyü kimi, xristian miladından, yəni İsa miladından öncə Buku təkin miladı var və o, şam və toz ağaclarından doğulub. Onun doğulduğu yerə Kamançı, yaxud Şamançı deyilir. Bildiyimiz kimi, qədim şaman fəlsəfəsində və tanrıçılıq inancında şamanlar şam ağacını əbədi həyatın simvolu kimi qəbul edirdilər. Çünki şam ağacı qışda və yazda da yaşıl qalır, ölmür. Şamanlar xüsusi meditasiya vasitəsilə Tanrı ilə əlaqəyə girmə prosesində həm yüksək dağ zirvələrindən, həm də şam ağacından isfadə edirdilər. Nəzərə alaq ki, şam ağacı oxvari şəkildə göyə yüksəlir və onlar bu oxvari formadan meditasiya prosesində informasiya ötürücüsü və qəbul edicisi kimi istifadə edirdilər. Yəni şam ağacının xüsusi oxvari formasından Tanrıya, göyə informasiya ötürmək üçün istifadə edirdilər. Digər tərəfdən, İsanın doğulduğu Yerusəlimin isti iqlimini və oradakı bitki örtüyünü nəzərə alsaq, onun şam ağacının altında dünyaya gəlməsi fikrinin və bugünkü yolkanın da bununla əlaqləndirilməsinin yanlış olduğunu görərik. Üstəlik Şaxta Babanın geyimi Şimal geyimidir. Başında şişpapaq qıpçaqların şiş papağı əynində isə xüsusi qolpaqlı kürk var. Bu tipik şaman geyimidir.

Bunları nəzərə alsaq və tarixi hadisələri müqayisə etsək görərik ki, bu dövrü araşdıran tarixçilər əfsanəvi Buku, yaxud Buğu xaqanı, Alp Ər Tunqa, yəni Əfrasiyabla eyniləşdirirlər. Əfrasiyabın tarixi şəxsiyyət olduğunu və eradan əvvəl VIII-VII-ci əsrlərdə yaşadığını da bilirik. Herodot yazır ki, e.ə. VIII əsrdə bütün türklər saqların hökmdarı Alp Ər Tunqanın rəhbərliyi altında bir yerdə yaşayırdılar.

Belə olan halda, artıq mifoloji təsəvvür tarixiləşir və əfsanə olmaqdan çıxır. Deməli, küknar, şaman və milad üçlüyü, yəni, şaxta baba, şam ağacı və milad triadası İsa miladından ən azı 800 il əvvələ gedir. Ona görə də hesab edirik ki, yeni ili, yəni bu doğuluşu müşayiət edən şam ağacı və şaxta baba əslində şaman və şam ağacıdır ki, burada şam əbədiyaşarlıq simvoludur. Hətta son dövrlərə qədər Azərbaycanın bəzi kəndlərində, məsələn, bizim yaşadığımız qərb bölgəsindəki bəzi kəndlərdə dünyasını dəyişən insanın nəşinin qolunun altına kiçik şam ağacı qoyardılar. Görünür, burada mistik bir inanc var idi ki, şam ağacı insanın ölümündən sonrakı həyatını təmin edəcək. Bu Şamançılıq fəlsəfəsinin, yaxud Tanrıçılıq dininin günümüzə qədər yaşamasının bir sübutudur.

Bəs necə olub ki, qədim türk mifologiyasından yaranan bu milad-doğuş triadası, yəni şaman, şam ağacı və milad fəlsəfəsi xristianlığa keçib? Bildiyimiz kimi, qədim hunlar tanrıçılığa sitayiş edirdilər və şamanizmin bütün ənənələrinə riayət edirdilər. Necə ki, onlar Şərqi Sibirdən Avropaya qədər gəldikləri bütün ərazilərdə monastırlar tikirdilər və bu monastrları Manas dağındakı şamanın ibadət etdiyi zirvəyə bənzədirdilər. Yeri gəlmişkən, “manasdar” sözü də buradan irəli gəlir. Yəni Manasdakı baş şamanın ibadət yerinə bənzər ibadət yerləri tikirdilər, çünki Manas dağına qayıtmaq uzun vaxt apardığı üçün şamanlar tanrıya ibadətlərini simvolik olaraq Manas dağını və oradakı zirvəni xatırladan süni yaradılmış dağda həyata keçirirdilər. Manasçı, Manasa gedib-gələn, yəni Manasdar termini də buradan əmələ gəlmişdir. Bura da “dar”, “dər” sözdüzəldici şəkilçidir. Məsələn, ev-evdar, mal-maldar və s.

Hunlar, milad ənənələrini də yəni Buku xaqanın doğuluşu, şam və şaman üçlüyü fəlsəfəsini də özlərilə Avropaya gətirdilər. 451-ci ildə Milanı zəbt edən Atilla qısa müddətdən sonra Romanı mühasirəyə alır. Roma məğlub olacağını başa düşən zaman Roma papası Atillanın bütün şərtlərinə razı olacağını bildirir və ondan xahiş edir ki, Romaya girməsin. Bu zaman Atillanın qoyduğu 6 şərtdən biri də ondan ibarət idi ki, siz bizim kimi ibadət edəcəksiniz. Beləliklə, romalılar o vaxta qədər əslində yəhudilərin ibadətlərini imitasiya edən xristian ibadətindən imtina edərək məhz tanrıçılıq ibadətini və bu proses zamanı onların geyindiyi geyimi və tanrıçılığın simvolu olan, habelə müqəddəs Georgi xaçı kimi tanıdığımız və o dövrdə Atillanın bayrağı üzərində olan, odu, suyu, havanı və torpağı simvolizə edən müqəddəs dörd üçbucağı Georgi xaçı kimi mənimsəyirlər. Elə dini öyrənmək üçün tikdikləri məntəqələri də hunların Manas-darına bənzədirlər. Beləliklə, hazırda xristianlıqda tanıdığımız monastrlar meydana gəlir. Əslində, Georgi xaçı kimi tanıdığımız fiqur, xaç deyil, tanrıçılığın dörd müqəddəs ünsürünün ən bərk həndəsi fiquru olan dörd üçbucaqda birləşməsidir.

Bu prosesdə avropalılar doğuluşu da türk mifoloji tarixinə uyğun olaraq şaman, şam ağacı və milad üçlüyü kimi qəbul edirlər. Sadəcə onlar sonrakı dövrlərdə Hun imperiyasının süqutundan sonra miladı artıq Buku xanın, yənun türklərin əfsanəvi əcdadının doğuluşu kimi deyil, İsa peyğəmbərin miladı kimi qeyd etməyə başladılar.

Ona görə də şaxta babanın geyiminə nəzər salsaq görərik ki, şaman geyimidir, şam ağacı da Qərb müəlliflərinin də qəbul etdiyi kimi türklərin müqəddəs bitkisidir və Buku xaqanın doğuluşu da şam və toz ağaclarından başlayır. Belə olan halda, biz tamamailə əminliklə deyə bilərik ki, şaxta baba da bizimdir, şam ağacı inancı da bizimdir, doğuş isə İsanın deyil, ulu əcdadımız, əfsanəvi liderimiz, tarixi şəxsiyyət Alp Ər Tonqa ilə eyniləşdirilən, tarixi şəxsiyyət kimi qəbul edə biləcəyimiz Buku xaqanın doğuluşudur.

Bunun hansı tarixdə qeyd olunması isə əhəmiyyətli deyil. Bu doğuluşu istər, yanvar ayında, istərsə də mart ayında qeyd etmək və şərti olaraq təqvimi dəyişmək olar. Ona görə də şaxta baba da, şam ağacı da, şaman da bizə doğmadır. Bunlar bizim unudulmuş milli tariximizdir, adət-ənənəmizdir, şərəfli keçmişimizdir.

Hikmət Babaoğlu

Siyasi elmlər üzrə fəlsəfə doktoru