Vətəndaşlara xəbərdarlıq SMS-ləri: Bu gündən etibarən nə etməli olduğunuzu bilirsiniz?

Vergilər Nazirliyi əhalini əndişəyə salan və suallar yaradan bildirişlərə aydınlıq gətirib

 Dekabrın sonlarında vətəndaşlara Vergilər Nazirliyindən SMS gəlib. Bildirilib ki, 01.01.2018-ci ildən etibarən fərdi sahibkarlara mal, iş və xidmət təqdim edərkən e-qaimə-faktura verilməlidir.

 Redaksiyamıza daxil olan müraciətlərdə bildirilir ki, vətəndaşlar bu mesajın nə məna verdiyini anlamırlar. Bunu nəzərə alaraq, Sputnik Azərbaycan Vergilər Nazirliyinə müraciət edib. Nazirlikdən həmin mesajın hansı məna verdiyinə və necə həyata keçiriləcəyinə aydınlıq gətirilib.

Əvvəlcə 2018-ci ildən malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı elektron qaimə-faktura təqdim edilməlidir məsələsinin nə demək olduğu izah edilib:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 mart 2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”na əsasən, bütün vergi ödəyiciləri 2018-ci il yanvarın 1-dən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər.

Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə mal təqdim edən, iş görən və xidmətlər göstərən şəxs onlara elektron qaimə-faktura verir. İndiyə qədər sahibkarlıq subyektləri arasında mal, iş və xidmətlər üzrə əməliyyatların rəsmiləşdirilməsi zamanı qaimə-fakturaların kağız formasından istifadə olunurdu. Hazırda maliyyə, bank sferasının elektron mühasibatlıq sistemləri yeni əsaslar üzərində qurulur, ödəniş sistemlərində dəyişikliklər baş verir, digər sahələrdə hesablaşmaların strukturu təkmilləşdirilir. Bütün bu amillər hüquqi çərçivədə də dəyişiklikləri və e-qaimənin tətbiqini labüd edir.

 E-qaimə-faktura inzibatçılıq xərclərinin aşağı salınması, məlumat mübadiləsinin çevikliyinin artırılması və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Bu əməliyyatların şəffaflaşdırılması, rəsmiləşmə prosedurunun sadələşdirilməsi, operativliyin təmin edilməsi, inzibatçılıq xərclərinin azaldılması və sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaları məqsədilə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər edilib”.

Sonra bu yeniliyin kimlərə şamil ediləcəyinə aydınlıq gətirilib:

“ƏDV ödəyiciləri və ardıcıl 12 aylıq dövr üzrə vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər təqdim etdikləri mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il aprelin 1-dən qaimə-faktura təqdim edirlər. Bütün digər vergi ödəyiciləri isə 2018-ci il yanvarın 1-dən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron qaimə-faktura təqdim etməlidirlər. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmamış şəxslərin elektron qaimə-faktura vermək hüququ yoxdur”.

Həmçinin, elektron qaimə fakturanın tətbiqinin hansı zərurətdən irəli gəldiyi açıqlanıb:

“Ölkə ərazisində malların sənədsiz satılması qanuna ziddir. Hər bir mal ya ölkədə istehsal olunur, ya da xaricdən idxal edilir: hər iki halda onlar qanuna müvafiq qaydada sənədləşdirilməlidir. Əgər satılan malın sənədi yoxdursa, deməli, o, ölkəyə ya qaçaqmal kimi gətirilib, ya da qanunsuz istehsala aiddir. Gəlir və xərclərin, həmçinin vergitutma obyektlərinin uçotunun aparılmaması vergidən yayınmaya gətirib çıxarır. Bu cür halların qarşısının alınması məqsədilə Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Hər bir vergi ödəyicisi sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı elektron qaimə-faktura verməyə borcludur.

Elektron qaimə-faktura sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsi prosedurunun sadələşməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə yaranacaq fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edir. Sahibkarların bir-birlərinə təqdim etdikləri mallara görə qaimələrin elektron qaydada təqdim olunması vahid elektron baza formalaşdırır və bu, sahibkarlar arasındakı münasibətlərin hüquqi şəkildə tənzimlənməsinə şərait yaradır”.

  Sonda bu prosesin necə həyata keçiriləcəyi, qaimə-fakturaların tərtibi prosedurunun necə olacağı da izah edilib:

“2018-ci ilin əvvəlindən elektron qaimənin bütün vergi ödəyiciləri üzrə tətbiqindən sonra, əlavə dəyər vergisində olduğu kimi, digər vergi növləri üzrə də malların satış dövriyyəsi tam şəkildə elektron qaydada nizamlanacaq və prosesə vergi orqanları tərəfindən nəzarət ediləcək.

Elektron qaimə-fakturaları vergi ödəyiciləri iki üsulla hazırlaya bilirlər: “Onlayn rejimdə” — vergi ödəyicisi İnternet Vergi İdarəsinin “e-Qaimə” alt bölməsinə daxil olur və “onlayn” rejimdə elektron qaimə-fakturasını tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir. “Oflayn” rejimdə — vergi ödəyicisi elektron qaimə-fakturasını tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını və digər zəruri proqramları “İnternet Vergi İdarəsi”ndən öz kompüterinə yükləyir, qaimə-fakturaları bu proqram vasitəsilə internetdən istifadə etmədən hazırlayır və həmin faylı proqram vasitəsilə imzalayaraq sistemə yükləyir. Qeyd edək ki, bu barədə İnternet vergi idarəsində yerləşdirilmiş “Elektron qaimə-fakturanın istifadəçi təlimatı”nda da ətraflı məlumat verilib”.