“Salam gətirmişəm sənə Fəratdan, Bir də ki Arazdan – təmiz, səmimi”… Puşkindən tərcümələr

Bu şeirlər müasir Rus ədəbiyyatının banisi hesab olunan Aleksandr Sergeyeviç Puşkinindir. Tərcümə edəni Cərrah Əli – İsmayılov Əli Müseyib oğludur.
Əli həkim gözəl cərrahdır, Kəlbəcərin ağır illərində (1988-1993) yüzlərlə yaralı əsgərlərimizi, xeyli mülki əhalimizi ən çətin şəraitdə əməliyyat edərək həyata qaytarıb.
Hazırda 1 saylı Şəhər Xəstəxanasında cərrah kimi fəaliyyətini davam etdirir. Eyni zamanda, gözəl ədəbiyyatçı, geniş mütailəli ziyalımızdır. Tərcümə etdiyi bu şeirlər mükəmməl poeziya nümunəsidir.
 
DON
 
Günəşdən nur alıb geniş çöllərdən
Sakit-sakit axır, salam, Don çayı!
Sənə gətirmişəm uzaq ellərdən 
Bir oğul salamı, bir oğul payı.
 
Çaylar tanıyırlar səni sakit Don
Şöhrətli, qüdrətli bir qardaş kimi,
Salam gətirmişəm sənə Fəratdan,
Bir də ki Arazdan – təmiz, səmimi.
 
Amansız qaç-qovdan alıb dincini
Sanaraq buranı öz vətənləri
İçib Arpaçayın doğma suyundan
Söndürür yanğısın Don köhlənləri. 
 
 
QARAÇILAR
 
Günəş yığışdırıb şüalarını
Meşəli sahili çulğayıb qürub.
Yenə yandıraraq tonqallarını
Budur, qaraçılar toy-büsat qurub.
 
Salam olsun sənə, xoşbəxt qəbilə
Sənin ocaqların tanınır gendən
Xatırla, bir vaxtlar burda səninlə
Günlər keçirmişəm çadırlarda mən.
 
Sabah gün doğmamış bu sahillərdən
Köçüb gedəcəksən, izin itəcək,
Sənin şairinsə qalır səfərdən
O sənin ardınca ta getməyəcək.
 
Keçmiş dəcəlliyin daşını atıb
Sərgərdan həyatdan əl çəkəcəkdi
Tənha bir guşədə rahatlıq tapıb
Sakit kənd evində dincələcəkdi.
 
DAYƏMƏ
 
Çətin günlərimin sadiq həmdəmi
Ömrü-günü keçmiş ağ göyərçinim
Ormanlar içində bir ana kimi
Çoxdan gözləyirsən yolumu mənim.
 
Günlərlə durursan daxman önündə
Keşikdə dayanan bir əsgərmisən?
İllər iz qoyduğu o əllərində
İlmə vuran millər ləngiyir nədən?
 
Bir kimsə girməyən açıq qapıdan
Dikib gözlərini uzaq yollara
Ürəyini sıxan dərddən, qayğıdan
Usanıb dalırsan sən xəyallara…
 
Həyat aldatsa səni
Nə qəzəblən, nə qəmlən
Taleyinlə sən barış
Bir gün gələr – gülərsən
 
Ürək ümidlə yaşar,
Bu günün qəm-qüssəsi
Bir anlıqdır, keçəcək
İndinin acıları sonra şirinləşəçək.
 
 
QIŞ AXŞAMI
 
Külək asimana sovurur qarı
Zülmətə bürüyür göyün üzünü.
Hərdən bir yalquzaq qurd tək ulayır
Hərdənsə zarıyır bir cocuq kimi.
Hərdən quduzlaşmış bir vəhşi kimi 
Sanki cırmaqlayır damda samanı
Hərdənsə gecikmiş müsafir kimi
Gəlib döyəcləyir bizim aynanı
 
Miskin daxmamızı bürüyübdü qəm
Zülmət içindədi bu gecə yenə 
Mənim qoca dayəm, qoca rəfiqəm
Nə fikrə dalmısan, nə olub sənə?
Bəlkə fırtınanın müdhiş səsindən
Mənim sadiq dostum, yorulmusan sən
Bəlkə öz cəhrənin zümzüməsindən
Xoşlanıb bir anlıq mürgüləyirsən?
 
İçək dərd əlindən, bu gün bədhalam
Yoxsul gəncliyimin yaxın həmdəmi
İçək, bəs hardadır mənim piyaləm?
Bir anlıq unudaq qüssəni, qəmi.
Oxu, o quşdan ki, uzaq dənizin
Tənha adasında ömür sürərmiş
Oxu, o qızdan ki, çiynində səhəng
Səhər gün doğmamış suya gedərmiş.
 
Külək asimana sovurur qarı
Zülmətə bürüyür göyün üzünü.
Hərdən bir yalquzaq qurd tək ulayır
Hərdənsə zarıyır bir cocuq kimi…
 
Gözəlim, oxuma qarşımda gəl sən
Gürcü nəğmələrin – kədərli, qəmli
Yadıma salırlar onlar, biləsən
Ötən günlərimi – dərdli, ələmli.
 
Ürək parçalayan nəğmən, gözəlim,
Mənə xatırladır olub-keçəni
O uzaq çöllərdə qoyub gəldiyim
Məsum qızcığazı, aylı gecəni.
 
Ölüm kabusunu sənə baxanda,
Sanki bir anlığa unuduram mən
Heyhat, bu nəğmənə qulaq asanda
O mənim yadıma düşür yenidən.