“Türkün əxlaqı qəhrəmanlığından da güclüdür” – Professor Nizaməddin Şəmsizadə ilə MÜSAHİBƏ

Professor Nizaməddin Şəmsizadə ilə müsahibə

 

– Nizaməddin müəllimin–Azərbaycanın görkəmli alimi və ziyalısının həm ictimai, həm də psixoloji durumu necədir bugünlərdə?

-63 yaşın içindəyəm. Peyğəmbərimizin dünyasını dəyişdiyi yaşıdı. Yaş o yaşdı, amma mən Peyğəmbər deyiləm. Düzünü bilmək istəsəniz, heç olmaq da istəmirəm. İndi Peyğəmbər olmaq, dahi olmaq, lap əsl ziyalı, özünə hörmət qoyan şəxsiyyət olmaq da çətindir. Mən bu çətinliyin qürurunu və şərəfini sadə vətəndaş olaraq yaşayıram. Elə bu da bəsimdi.

Söz vermişdim ki, 60 yaşdan sonra heç kimə ağız açmayacağam, heç nəyi xahiş etməyəcəyəm və özüm, zəmanəm, Azərbaycanda baş verən olaylar barəsində nə yaxşı, nə də pis heç nə yazmayacağam. Çünki indi heç kim heç kəsin kitabını axıradək oxumur. Ona görə də bir-birimizi istənilən dərəcədə tanımırıq: alim-alimi, şair-şairi, yazıçı-yazıçını.

Azərbaycanda böyük iqtisadi-siyasi inkişaf var, bunu görməmək, tarixilik kontekstində dəyərləndirməmək olmaz. Lakin bununla yanaşı, çox ciddi mənəvi tənəzzül də var, müxtəlif sahələrdə əxlaqi deformasiyalar baş alıb gedir. İnsanlar həm bir-birindən, həm də milli kökdən, adət-ənənələrdən ayrılır. Tarixin təbii gedişatı ilə hazırlanmamış qəfil vəhşi kapitalizm, onun bəhrəsi olan ucuz və haram pullar cəmiyyəti məhvə doğru sürükləyir, qlobal tədbirlər konkret insan talelərini kölgədə qoyub, cinayətlər və intiharlar artıb.

-Sizə yazılan avtoqrafların birində deyilir: “Böyük alim, təmiz qanlı türk, dostum Nizaməddin Şəmsizadəyə”. Deyəsən, tanınmış tənqidçi,  professor Rəhim Əliyevin kitabındadı. “Təmiz qanlı türk” ifadəsi xoşuma gəldi. Siz özünüzü türkçü sayırsınızmı,  türkçülük qandan gəlir, yoxsa təməldən?

-Əvvəla, onu deyim ki, Rəhim Əliyev mənim çox ağıllı müasirlərimdən biridir. Heç kimə bənzəməyən tənqidçi, yazıçı, nəzəriyyəçi alim və orijinal düşünən ziyalıdır. Osmanlı türkləri demiş, “kəndi kuralları” var. O, İctimai gedişatın perspektivini iti fəhmlə görür. Onun səhvləri də orijinaldı. Onun “Ədəbiyyat nəzəriyyəsi”, “Nəsimi və dini üslubun təşəkkülü” kitabları ədəbiyyata yeni baxış tərzi ilə səciyyələnir. Biz bir-birimizi və üstünlüklərimizi qiymətləndirməyi bacarmalıyıq.

O ki qaldı türkçülüyə, türkçülük mənim idealımdı. “Türkçülük türk millətini yüksəltməkdir” (Ziya Göyalp). Bəli, türkçülük həm qandan, həm gendən gəlir. Kitab oxumaqla, türkəm deməklə türkçü olmaq mümkün deyil. Burada, türk millətinə qarşı südlə-sümüklə gələn, bağlılıq, məhəbbət lazımdır. Türklər tarixdə böyük nüfuz qazanıblar, on yeddi imperiya yaradıblar… O üzdən, ən azı hörmət bəsləməyə məcbursan.

– Sizcə türkləri fərqləndirən özünəməxsus xüsusiyətlər hansılardır?

-Türklər qəhrəmandır. Lakin türkün qəhrəmanlığı fatehliyə, istilaçılığa əsaslanmır. Mən dəfələrlə, xüsusən “Azərbaycançılıq” kitabımda yazmışam. Türkün atı qan yolları ilə irəliləməyib, nur yolları ilə tarixdə iz qoyub. Türk demokratizmi dünyada nümunədir, o hələ öyrənilməyib. Bu gün bizim multikulturalizm adlandırdığımız nəsnə türkün həyat tərzi olub. Dünyada heç bir xalq türklər qədər başqa xalqlara öz içində yer verməyib. Türklər onlara pənah gətirən azsaylı xalqları, etnik qrupları qoruyub  inkişaf etməyə, öz dilini, milli kimliyini yaşatmağa şərait yaradıb. Bugünkü Azərbaycan da onun nümunəsidir. Türkün qəhrımanlığı və demokratizmi yüksək əxlaqa əsaslanırdı. Türklərin əxlaqı  qəhrəmanlığından güclüdür. Türk əxlaqının zirvəsi insan sevgisi və “vətən əxlaqıdır” (Ziya Göyalp). Vətənçilik, vətənkeşlik türk əxlaqında birinci yerdə dayanırdı.

Türkü sevməyənlər (bunlar çoxdur, hiyləgər və aqressivdir!) onu təhqiramiz mənada köçəri adlandırıblar. Türkün vətəni elə böyükdür ki (yerlə göy, gündoğanla günbatan arası!), onun heç yerə köçməyə ehtiyacı yox idi. Bəzən idraksızlar bilmirlər ki, türklər öz ata-baba yurdunun ərazisində Sibirdən, Altaydan, İtil boyundan keçərək Çin səddindən, Mancuriyadan Avropanın göbəyinə− Macarıstana hərəkət, “köç” ediblər. Əlbəttə, bu tarixi hərəkət, yerdəyişmə zamanı türkün qoşunu gur sel kimi ona mane olanları qarşısından süpürüb atıb: böyük türk fatehlərini− Atillanı, Meteni, Fatih Sultan Mehmeti, Əmir Teymuru, Nadir  Şahı, Mustafa Kamal Atatürkü  və b. yada salın.

Türklər Böyük Çöl mədəniyyətinə malik idi. Bu, dünya mədəniyyətinin öyrənilməmiş və yaxud yanlış dəyərləndirilmiş parlaq səhifəsidir. Onu, antik yunan, qədim çin, şumer mədəniyyətləri ilə müqayisə etmək olar. Amma, son qərinələrdə türklər Törəni tərk etdikcə torpaq itirməyə, dil dəyişməyə, başqalarını yamsılamağa meylli görünür…

-İctimai fikir tərəfindən Azərbaycanın müstəqillik dövründə milli ideologiyanın əsasını qoymuş əsər kimi qiymətləndirilən “Azərbaycançılıq” kitabınızın adını çəkdiniz. Ötən əsrin 90-cı illərinin əvvəllərində onu- azərbaycançılığı hətta türkçülüyə qarşı qoyanlar da var idi.

-İlk məqalələrim, “Azərbaycan ideologiyası” (1996) çap olunanda mənim konsepsiyam bir müddət başa düşülmədi. Əleyhimə çoxlu məqalələr yazıldı. Xüsusən mövsüm tərəvəzi kimi tez yetişib tez də xarab olan “ultra türkçülər” məni türkçülüyə qarşı çıxmaqda suçladılar. Hətta böyük türkçü alimimiz, mənim sevimli müəllimim mərhum akademik Tofiq Hacıyev kitabı oxuyandan sonra etiraf etmişdi ki, Nizaməddin, sən mənə o kitabı verəndə səndən acığım gəlmişdi, oxuyub gördüm, yox, əməyimi itirməmisən.

Azərbaycan polietnik cəmiyyətdi, azərbaycanlı adlı millət yoxdur, türk var, ləzgi, tat, talış, kürd və b. xalqlar var. Azərbaycanda yaşayan rus, yəhudi, gürcü (ingloy) da azərbaycanlıdır. Azərbaycan xalqı var və bu xalq vətən əxlaqı, vətəndaşlıq bağlantısı ilə yaşayır. Azərbaycanda çoxluğu təşkil edən aborigen xalqlardan biri türklərdir və türk əxlaqına, türk demokratizminə uyğun olaraq azsaylı xalqlara, etnik qruplara öz ərazilərində, aralarında rahat yaşamaq imkanı veriblər. O ağır illərdə mən çox fikirləşdim və milli ideologiyamız olaraq Azərbaycançılığın düsturunu tapdım: Azərbaycançılıq türkçülüyün vətən əxlaqı müstəvisində dərkidir. Azərbaycançılıq türkdilli Azərbaycan xalqının milli ideologiyasıdır. Azərbaycançılıq dünya azərbaycanlılarını birləşdirən, onlara kimliyini tanıdan milli ideologiyadır. Mənim şüarım da belədir: türk millətindənəm, islam ümmətindənəm, Azərbaycan məmləkətindənəm! Bu cümlələr “Azərbaycançılıq” (2006) kitabının qara cildində, ağ hərflərlə yazılıb…

-Siz kifayət qədər tanınmış və nüfuzlu ziyalısınız. Məncə, əsl alimin, ziyalının vəzifəsi gözəl əsərlər, dəyərli monoqrafiyalar yazmaqla bitmir. Xüsusilə qloballaşma adı altında müxtəlif ideologiyaların, Şərq təriqətlərinin, Qərb sektalarının mübarizəsinə meydan olan dövrümüzdə gənc nəslin taleyi xüsusi bir vüsətlə ön plana çıxıb. Bu kontekstdə müasir Azərbaycan gəncliyinin yönümünə münasibətinizi bilmək istərdim.

-Otuz beş ildir ki, ali məktəblərdə dərs deyirəm, otuz beş monoqrafiya, kitab və dərslik, tədris proqramları yazıb hazırlamışam. 16 il unikal təhsil ocağı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində “Ədəbiyyat və dillər” adlı böyük bir kafedraya rəhbərlik etmişəm. Bu gün dünya şöhrətli Bakı Dövlət Universitetində dərs deyirəm. Demək istəyirəm ki, mən tariximizin ən mürəkkəb, sistemdən sistemə keçid dövrünü əhatə edən böyük bir mərhələdə gənc nəsillər arasında olmuşam, zəngin müşahidələrim var… Mən gəncliyi sevirəm, onlarla nəfəs alıram, gənclər millətin iftixarlı keçmişini ruhlarında, gen yaddaşlarında yaşadan gələcəyidir, onlarla ciddi və ehtiyatla davranmaq lazımdır. Siz yaxşı dediniz, bu gün dünyada gəncliyin qəlbi və taleyi uğrunda amansız mübarizə gedir. Mən Şərqdə Avropa dövlətlərinin, ABŞ və Rusiya kimi qəzəbli imperiyaların yeritdiyi prosesləri nəzərdə tuturam. İndi, gəncliyin əsas simvolu olan sevgi, məhəbbət, gözəl ailə anlayışları ikinci plana keçib. Dünya gəncliyi ölüm, qan, müharibə, fəlakət ilə üz-üzə dayanıb, əllərində səadət gülləri əvəzinə odlu silah- fəlakət güllələri gəzdirirlər.

Azərbaycanda gənclər haqqında vahid konsepsiya yoxdur. Biz gəncləri vətən əxlaqı müstəvisində yetişdirmək və birləşdirmək əvəzinə, “İrəli” hərəkatı, “Könüllülər” adları altında ayırırıq. Tələbələr arasında müşahidə etmişəm ki, bu hərəkatlara qoşulanlar eqoistləşir, özlərini digər yoldaşlarından yuxarı tutur, hətta əcnəbi dillərin pozuq üslubunda danışmağa başlayırlar. Gənclər arasında kobudlaşma gedir, onlar milli ideallardan ayrılır, adət-ənənələrimizə, hətta bəzən valideynlərə qarşı amansız laqeydlik nümayiş etdirirlər. Gənclərdə mənəvi dəyərlərimizə məhəbbət azalır, əksinə, istehlakçı münasibət formalaşır, ünsiyyət mədəniyyətini özgələşmə əvəz etməyə başlayıb. Korrupsiya, rüşvət, regionçuluq və müstəqil fikirli, nümunəvi alimlərə, ziyalılara ögey münasibət gənc nəsildə gələcəyə inamsızlıq və etimadsızlıq yaradıb. Və biz: həm dövlət, həm də millətsevər ziyalılar, nə qədər ki, gec deyil, bu barədə konstruktiv şəkildə düşünməli və hərəkətə keçməliyik.

-Həqiqət olsa belə, mülahizələriniz məni kədərləndirdi, oxucuda da ümidsizlik aurası yarada bilər… İstəyirəm bir qədər əvvələ qayıdaq, geriyə baxaq. İlk müsahibələrinizdən birinin adı məni çox düşündürür: “Mənəvi fəlakət qarşısında”. Sovet rejiminin kəshakəs vaxtı idi. Dəqiq tarixi yadımda deyil, təxminən 82-83-cü illər. Bu nə idi, öncəgörmə fəhmi, yoxsa təsadüfi deyim?

-Əvvəla, mənim fikirlərimdən doğan kədəriniz və ümidsizlik barədə: mən çox ehtiraslı, coşğun və nikbin adamam. Bu, mənim xidmətim deyil, Şəmsəddin kişinin və Hənifə xanımın xidmətidir, mən böyük sevgidən doğulmuşam. Bütün həyatımı da sevgi ilə yaşamışam. Amma mən insan təbiətində qəmi, kədəri çox sevirəm, ona görə də qəm padişahı Füzulinin vurğunuyam. Qəm insana məxsus ən səmimi və əbədi hissdir. O ki qaldı 30 yaşlarımda verdiyim müsahibəyə, bu fəhm idi. Fəhm idrakdan qüvvətlidir. Mən hiss edirdim ki, ayağımızın altı yavaş-yavaş sürüşür.

1986-87-ci illər arası Moskvada, doktoranturada olarkən böyük türkoloq alim Aydın Məmmədovla (O, SSRİ EA Dilçilik İnstitutunda doktorant idi) o zaman məşhur olan “Дружба народов” jurnalının redaksiyasına getmişdik. Baş redaktor Sergey Baruzdinlə söhbət zamanı mənə dedi: “Низами, надо дышать пока фортучка открыто”.  Bundan sonra mənim 3-4 il əvvəl fəhmlə dediyim mənəvi və siyasi fəlakət baş verdi: qorxunc bir imperiya–SSRİ çarta-çartla parçalanıb dağıldı, Qazaxıstanda, Gürcüstanda, xüsusən Azərbaycanda qırğınlar, Qarabağ sindromu baş verdi və bu gün də davam edir.

Mənim sərt mülahizələrim sizi və oxucuları çaşdırmasın, bunları mənə qalmaqallı XX əsrdə başımıza gələn fəlakətlər diktə edib. Mənim ustadım, böyük mütəfəkkir Yaşar Qarayev Mirzə Cəlilin  dahiyanə “Ölülər”ini təhlil edərək bu nəticəyə gəlir: “Millətin naminə millətə söylənilən “ölülər” xitabı əslində  ona dəhşətli bir “elani-eşq” idi! …yalnız gülə-gülə ağlamaq” yox, həm də “gülə-gülə sevmək” üsulu idi”. Mən belə müəllimlərdən–Məmməd Cəfərdən, Abbas Zamanovdan, Kamal Talıbzadədədən, Bəkir Nəbiyevdən–həqiqi akademiklərdən dərs almış, sərt və prinsipial şəxsiyyət olmağı, milləti sevmək elmini öyrənmişəm.

-“Həqiqi akademik” ifadəsini işlətdiniz. Mən biləni son 20 ildə sizin dörd dəfə Akademiya üzvlüyünə namizədliyiniz verilib. Niyə sizin kimi görkəmli bir ədəbiyyatşünas, bu ixtisas üzrə akademiyaya müxbir üzv seçilmir? Nələr baş verir?

– Mən bu barədə çox danışmaq istəməzdim. Ona görə seçilə bilmədim ki, bizdə seçki yoxdur, hər şey yuxarıdan təyinatla həll olunur. Ona görə seçilmədim ki, Akademiyaya prinsipləri olan savadlı alimlər lazım deyil, bir də, akademiyanı qamarlamış adamlarla region uyğunluğum düz gəlmədi. Mən ilk dəfə gənc və nüfuzlu alim kimi 44 yaşımda müxbir üzvlüyə namizəd olmuşam, o vaxtdan 20 il keçir. Dərc edilməsi imkansız müşküllər barədə qeybət edib, söhbətimizin səviyyəsini endirmək istəmirəm.

Sevimli müəllimim, böyük yazıçı, alim və pedaqoq Mir Cəlalla bağlı bir yazıda oxudum: “Akademik” fəxri adını almaq üçün işlərini komissiyaya təqdim etmişdi. Seçilməyəndə dedi: “Oradakılar lotu-potularmış, mənsə elə bilirdim ki, alimlərdir”. Şəfayət müəllim onu inandırmağa çalışır ki, gərək özünü təbliğ edəydin, səs yığaydın. Atam da ona kəsə cavab verir: “Elm adamı səs dalınca qaçmaz”. Mir Cəlal layiq olduğu halda, nə xalq yazıçısı oldu, nə də akademik− əsl ziyalı kimi nəsillərə nümunə oldu.

Qorki və Korolenko Rusiya Akademiyasına üzv seçilirlər, amma Çexov seçilmir. Bu ədalətsizliyə etiraz əlaməti olaraq hər ikisi Akademiya üzvlüyündən imtina edirlər… 20-ci əsrdən bu yana Rusiyada yüksək ziyalı elitası formalaşdı. Özümlə müqayisə etmək mənasında anlaşılmasın, böyük maarifçi filosof Volter gör neçə dəfə Fransa akademiyasına üzv seçilə bilməmişdi?!

-Siz, ziyalı və siyasət, ziyalı mənəviyyatı və s. problemlərə dair çox yazmısınız. Ümumiyyətlə, ziyalılıq nədir, bugünkü Azərbaycan ziyalısı kimdir?

-Mütəmadi olaraq mən bu məsələ ilə maraqlanıram, əlbəttə bunu, resept vermək istəyilə demirəm. Təxminən 20 il əvvəl MQU-nun o zamankı rektoru Loqunov “Правда” qəzetində belə bir məqalə yazmışdı: “Интеллегентность слова русское”. Yazı, xüsusən də adı çox xoşuma gəldi, kəsib saxlamışam. Bu, əsl ziyalı təəssübkeşliyi idi. Bizdə ziyalılığın min illik tarixi, ənənəsi var; həm milli ziyalılığın, həm də dini ziyalılığın. Fəqət, bizdə ziyalı problemi ən  ağrılı məqam olaraq qalır.

XIX əsrdən başlayan Azərbaycan maarifçilik hərəkatı (A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi) XX əsrin önlərində böyük maarifçi ziyalılar yetişdirdi. F.Köçərli, Mirzə Cəlil, Sabir, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Ü.Hacıbəyli, N.Nərimanov, A.Şaiq… Bununla belə, “şüur yoxsulluğu” problemi XX əsrin əvvəllərində Azərbaycan ziyalılarını dərindən düşündürən ictimai mətləblərdən biri idi” – “yatan xalq” və “oyanan ziyalı” problemini təhlil edərkən Yaşar Qarayev (“Realizm: sənət və həqiqət”. 1980) bu qənaətə gəlirdi…

“Şüur yoxsulluğu” girdabında çabalayan qalstuklu nadanlar indi də var. Ziyalılıq kütləvi ola bilməz, onlar da istedad sahibləri kimi seçilən adamlardır. Kütləvilik olan yerdə nadanlıq ab-havası, qul xisləti var. Kütlə qarnının gündəlik ehtiyacları üçün yaşayır və bu da idarəedənlərə sərf edir. Kütlə mühiti qaragüruhu qidalandırır. İbtidai maraq, idarəolunmayan ehtiras, ədalət, vicdan, vətənpərvərlik, ülviyyət, sədaqət, məhəbbət kimi ülvi anlayışları məhv edir. Bəlkə də kütlənin ən böyük düşməni  istedad və şəxsiyyətdir. Təcrübə göstərir ki, firqə maraqlarına tabe olan, xüsusi xidmət orqanlarına işləyən adam ziyalı ola bilməz. Çünki o istəsə də, mənsub olduğu qurumun izn verdiyi çərçivələrdən kənara çıxa bilmir. Ziyalılıq azad düşüncə, şəxsiyyət bütövlüyü, millət sevgisi tələb edən missiyadır

– Sizin əsas sahəniz olan bədii ədəbiyyatdan, ədəbi tənqiddən və mövcud ədəbi mühitdən  danışmadıq. Qısaca da olsa, bu barədə fikrinizi bilmək istərdim.

– Ədəbiyyat Əbədiyyətdir. Ədəbiyyatla məşğul olan adam məncə xoşbəxtdir. Mən də o xoşbəxtlərdən biriyəm. Çünki bəşər xəzinəsini zənginləşdirən min illik bədii-fəlsəfi ədəbiyyatın varisiyəm. Ədəbiyyata xidmət mənim mənəvi ibadətimdir.

Böyük rus tənqidçisi Belinski deyirdi, “Şair sözü yüksək və müqəddəs bir sözdür. Bu sözdə ölməyən, əbədi bir şöhrət vardır”. Mənim iftixarım olan ədəbiyyatımızda, şöhrətindən çox milləti üçün yazıb-yaradan müqəddəs adlar vardır: Xaqani, Nizami, Nəsimi, Füzuli, Xətai, Sabir, Cavid, Şəhriyar, Bəxtiyar… O ki qaldı bugünkü ədəbiyyatımıza və ədəbi mühitimizə, bəzi müstəsna imzaları və əsərləri çıxmaqla o, həm fikri–fəlsəfi düşüncə, həm də bədii- poetik baxımdan tənəzzül dövrü keçirir, ən azı öz sələflərinə layiq deyil-deyərdim. Səbəb: istedadın yoxluğumu?! Bəla burasındadır ki, əsərlərini özü yazmayan yazıçılar ədəbi prosesdə, mühitdə meydan sulayır. Bundan da böyük bəla isə budur ki, hakimiyyət dairələrinə yaxın, pulu olan belə yazıçılar ədəbi tənqid tərəfindən təriflənir, hətta mükafatlar alırlar. Müasir ədəbi tənqid haqqında fikirlərimi 2015-ci ilin yay aylarında “Ədəbiyyat qəzeti”ndə çap etdirdiyim 10 yazıdan ibarət “Tənqiddə meyarsızlıq sindromu” adlı silsilə məqalələrdə bildirmişəm. Böyük şair A.S.Puşkin deyib: “Критика отражает образованность литературы”. Dövrün ədəbiyyatı hansı səviyyədədirsə, tənqidi də o səviyyədədir. Ölkədə ədəbi mühit, obyektivlik və demokratiyanın göstəricisidir.

– Nizaməddin müəllim, SSRİ dağılandan sonra mübahisələrə səbəb olan problemlərdən biri də fəxri adlar məsələsi oldu: xalq artisti, xalq şairi, əməkdar elm (incəsənət) xadimi, akademik və s. Bu məsələyə siz hansı prizmadan  yanaşırsınız?

-Hansı adlar olur olsun, dövlətin, xalqın öz ziyalısına, sənətkarına qiymət qoyması yaxşı işdir. Bu şərtlə ki, həmin adlar layiq olan adamlara verilsin. Həqiqi alim, şair, həqiqi musiqiçi, aktyor və s. alsın bu fəxri ad və mükafatları. Bizdə hələ bu advermələrin, mükafatlandırmanın meyarı tapılmayıb. Hakimiyyət dairələrinə yaxınlıq və pul bütün meyarları sıradan çıxarıb: nə elm meyarı qalıb, nə də sənət meyarı. Məsələn, Alim Qasımova kim nə deyə bilər, eləcə də Mənsum İbrahimova. Mən hələ klassikləri demirəm: Əlibaba Məmmədov, Arif Babayev, Fərhad Bədəlbəyli, Siyavuş Kərimi, Fuad Poladov və b. Amma bizdə elə adamlar fəxri ad alır ki… Ömründə bir dəfə başını kağızdan qaldırıb sərbəst surətdə bir elmi cümlə deyə bilməyən məmur səlahiyyətlərindən sui-istifadə edib özü-özünü akademik seçir, sonra da istedadlı, zəhmətkeş alimlərə mane olur. Biz çox şeyi siyasiləşdirmişik. Bir az başqa cür düşünürsənsə, küt məmurun siyasi meyarlarına uyğun gəlmirsənsə, o məmur ölməyincə adın layiq olduğun yerdə, məqamda olmayacaq, çəkilməyəcəkdir. Bundan böyük əxlaqi-ictimai fəlakət ola bilərmi?!

Vaxtilə N.S.Xruşşov SSRİ KP Baş katibi olanda akademik seçilmək üçün sənəd vermişdi. Rus ziyalıları onu seçmədilər. Deməli, Rusiyada ədalətli seçki var idi. Ona görə də Xruşşov akademiya işçilərinin maaşlarını bir neçə dəfə azaltdı, amma akademik seçilə bilmədi. Bizdə belə şey ola bilərdimi?!

Bu kontekstdə mən düşünürəm: niyə qardaşı II Cahan savaşında şəhid və Sovet İttifaqı Qəhrəmanı, oğlu Qarabağ müharibəsində şəhid olmuş xalq yazıçısı Sabir Əhmədli Fəxri xiyabanda dəfn olunmadı, əsərləri latın əlifbası ilə nəşr edilmədi?! Niyə həqiqi xalq şairi Musa Yaquba bu fəxri ad verilmir, yubileyi dövlət səviyyəsində keçirilmir?! Hansı yüksək çinli dövlət məmurusa bunu istəmir… Və nəhayət: “Qalib gələcəkmi cahanda kamal” (Səməd Vurğun). Görəsən, nə vaxt?!

– Hiss edirəm ki, söhbətimiz çox ağır gedir. Oxucunu bu auradan çıxarmaq üçün başqa suallara keçək. Həyatınızda eşitdiyiniz ən maraqlı söz?

– 1976-cı ildə universitetin dördüncü kursunun yay tətilində Bankə qəsəbəsində “zbor”da ikən qaçıb Neftçala bazarına əncir yeməyə getmişdik. Bazarın dəlisi məni hərbi formada görüb dedi: “Eh, ağlımız olmadı ki, özümüzü dəliliyə vurub başımızı saxlayaq”. Bu, mənim 60 illik ömürdə eşitdiyim ən mənalı cümlədir.

– Ağlınız kəsəndən, bu 60 illik ömürdə sizə verilən ən maraqlı sual hansıdır?!

– 2012-ci ildə “Proqres” nəşriyyatında “Ədəbiyyat nəzəriyyəsi” dərsliyim çap olunurdu. Nəşriyyatın direktoru olan cavan, gülərüz, ağıllı Cavid Cəfərov bir gün məndən soruşdu: -Sizə bir sual vermək olar? Dedim ki, buyur. Soruşdu ki, Nizaməddin müəllim, belə bir kitabı yazan adam adi insanlar arasında necə yaşayır? Gülüb, heç nə demədim. İndi də bu suala cavab axtarıram, yəqin ki, heç vaxt tapmayacağam da.

– Məncə bir yarısı halallıq, bir yarısı da insaf olan Dinlərə münasibətiniz necədir?

– Allaha itaət, bütün dinlərə hörmət, fanatizmə nifət edirəm. Savadlı, mərhəmətli və ədalətli möminlərə rəğbətim var. Azərbaycanda dinə bəzən həddən ziyadə diqqət yetirilir, gizli məzhəb təəssübkeşliyi var. Yaxın Şərqdə bütün antihumanist, antiinsani proseslər din pərdəsi altında, əslində dinin həqiqi, humanist mahiyyəti təhrif edilərək aparılır. Bütün dünyada din ideologiyaya çevrilməyə başlayıb, bu, yaxşı heç nə vəd etmir. Din ideologiya deyil, əxlaqdır, ehkamdır. Din siyasətə qarışanda, ideologiyaya gətiriləndə dağıdıcı qüvvəyə çevrilir. Amma, hələ ateizmdən tam qurtulmayan cəmiyyətimizdə, mənəvi tarazlığının qorunması istiqamətində  dini dəyərlərin  rolu misilsizdir.

– 1987-ci ildə sensasiya doğuran “Unudulmuşlar haqqında uvertüra” və “Ehkamlar dağılanda” adlı məqalələr yazmısınız. Bəs indi, 30 il keçəndən sonra ehkamlara  münasibətiniz necədir?

– Eksperiment uzananda ehkama çevrilir. Ehkamlar və imperiyalar vaxtında dağılmalıdır. Bu, onların taleyidir. Onları dağıdan saxtalıq detonatoru öz  içərisində mövcuddur. Amma ehkamların heç də hamısı pis deyil. Məsələn, milli-mənəvi ehkamlar. Şərq,  o cümlədən  Azərbaycan ədəbiyyatında əruz və s.

– Son olaraq belə bir sual da verim. Allah, müəyyən etdiyi hədlər çərçivəsində  Bağışlayandır. Sizin necə, özünüzə və başqalarına qarşı bağışlaya bilmədiyiniz həddaşmalar varmı?

– Bu tipli suala əvvəllər də cavab vermişəm. Həyatım boyu özümə və başqalarına bağışlaya bilmədiyim bircə hesabverilməz hərəkət, “vəsfolunmaz” vicdansızlıq- xəyanətdir: Vətənə, Millətə, doğulduğun yurda, üzvü olduğun ailəyə, dost deyib güvəndiyin şəxsə və s. Üstəlik də bu aşağılığı vətənə, millətə, bayrağa, dostluğa şeirlər qoşaraq, sədaqətdən dəm vuraraq eliyələr… Bəli, xəyanətkarlıq, vətəndaş, şəxsiyyət  və ziyalı ola bilməyənlərin  seçimidir…

– Marağlı müsahibəyə görə təşəkkür edirəm, Nizaməddin müəllim.Amma təəssüf ki, bir sualımı cavabsız buraxdınız…

 

Söhbətləşdi:

Cabir Alpoğlu Albantürk (şair, publisist, AYB üzvü)