İran hadisələrinə Azərbaycan siyasi elitasından fərqli reaksiyalar

Güney Azərbaycan türklərinin aksiyalara qoşulmamasına da münasibət birmənalı deyil 

Son günlər İranda baş verən hadisələr dünyada, o cümlədən ölkəmizdə bir nömrəli hadisə olaraq izlənməkdədir. Siyasətçilər, ekspertlər Yaxın Şərqin güclü oyunçularından birinə çevrilən İranın daxili siyasi və iqtisadi vəziyyəti ilə bağlı fərqli mühakimələr yürüdürlər.

İrandakı hadisələr daxili etiraz idi, yoxsa İran rəsmilərinin iddia elədiyi kimi, xarici güclərin dəstək verdiyi qiyam? Bu hadisələrin sonucları nə ola bilər? İlk dəfə idi ki, İrandakı böyük mitinqlərdə Güney Azərbaycan türkləri iştirak etmədi. Bunun səbəbləri nədir?

ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a bildirdi ki, xeyli vaxtdır dünyada qlobal iqtisadi böhran başlayıb. Bu böhran öz arxasınca siyasi böhran gətirir: “İndi dünyada idarə olunan siyasi böhranlar mərhələsinə qədəm qoyulub. Bu da qlobal iqtisadi böhranın təsirlərinin ABŞ-dan, Avropadan, İsraildən kənarlaşdırılması üçündür. Siyasi böhranı başqa ərazilərə, dövlətlərə transfer edirlər. Beləliklə, süni surətdə ərəb inqilablarını yaratdılar. İndi isə o prosesi İrana və Türkiyəyə daşımaq istəyirlər: “İranı və Türkiyəni Yaxın Şərqdəki destabilizasiya prosesinə qoşmağa çalışırlar. İranda son hadisələrə bu aspektdən baxmaq lazımdır. Eynilə Liviya, Yəmən, Misir, Suriya xalqları da qalxmışdılar ayağa və hakim rejimlərdən xilas olmaq, demokratiya qurmaq arzularını dilə gətirdilər. Onların ayağa qalxmasına kənardan dəstək verilməyə başlandı. Xalqın üsyanlarını kənar güclər xalqın öz əleyhinə yönəltdilər. Nəticədə ayağa qalxan ərəblər xoşbəxt olmadılar, əvvəlkindən daha dəhşətli vəziyyətə düşdülər. Bu nümunə göz önündədir. Azərbaycan türkləri də bu nümunəni dərk etdiklərindən İrandakı hadisələrdə iştirak etmədilər. İndiki halda Cənubi Azərbaycan türkləri bunu aydın şəkildə başa düşürlər.

İran hadisələri ile ilgili görsel sonucu

İrandakı hadisələr dayanmasa, bu hadisələr İranı Suriyanın gününə çıxaracaq. Çünki ABŞ və İsrail bu prosesə müdaxilə etməklə bağlı bəyanat veriblər. Açıq görünür ki, onlar İrana müdaxiləyə hazırlaşıblar və bəhanə axtarırlar. Biz belə müdaxiləni İraqda, Liviyada, Suriyada, Misirdə, Yəməndə gördük. İrandakı indiki hadisələr mahiyyətcə yanlışdır, formaca düzgündür. Formaca ona görə düzgündür ki, ölkədə iqtisadi durum pisləşib, qiymətlər bahalaşıb, sosial problemlər artıb və insanlar buna etiraz edirlər. Mahiyyətcə ona görə yanlışdır ki, bu ayağa qalxmaya kənardan-ABŞ və İsraildən, Avropanın bəzi dövlətlərindən dəstək verilir. Beləliklə, iqtisadi məsələ keçir arxa plana, siyasi məsələ önə çıxır. Bu da sonda xalqın əleyhinə çevriləcək.

ADP sədri Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu

Necə ki, sadaladığım ərəb ölkələrində çevrildi. İranın daxili işlərinə müdaxilə edənlər İran xalqının maraqlarını deyil, öz maraqlarını güdürlər. Güney Azərbaycan türkləri də bunu yaxşı başa düşürlər və həmin prosesə qatılmamaqla düzgün edirlər. Soydaşlarımız tamamilə düzgün mövqedədirlər. Neçə ki, kənardan müdaxilə var, soydaşlarımız bu proseslərdə iştirak etməməlidirlər. Azərbaycan türkünün genetik informasiyasında ədalətsizliyə üsyan qoyulub. Əsl türk odur ki, o, ədalətsizliyə üsyan edə bilsin. Ona görə İslam peyğəmbərinin hədislərində də türklər ədaləti bərpa edən millət kimi təqdim olunur. Məsələn, təkcə SSRİ zamanında üç dəfə, 6 dəfə isə çar Rusiyası zamanında çara qarşı azərbaycanlıların üsyanı olub. İranda da dəfələrlə Azərbaycan türklərinin üsyanı olub. İndiki hadisələrdə Cənubi Azərbaycan türklərinin iştirak etməməsi də bizim genetik yaddaşımızla bağlıdır. Azərbaycan türkü heç vaxt kənar təhriklə oyunlara girməz. Azərbaycan türklərinin ən böyük üstünlüyü odur ki, o, yalnız özündən qaynaqlanan səbəblərdən ədalətsizliyə qarşı çıxır”.

İran hadisələri ile ilgili görsel sonucu

S.Cəlaloğlu vurğuladı ki, İrandakı proseslər daha da böyüsə və oraya xarici müdaxilə olsa bundan qonşu dövlət olaraq biz də ciddi zərbələr ala bilərik: “İrana hərbi müdaxilə olarsa və ölkə daha da qarışarsa, Azərbaycan dövlət olaraq çox böyük təhlükə ilə üz-üzə qala bilər. Bizim ən böyük sərhədimiz İranladır, İran böyük iqtisadi partnyorumzdur, İranda 30 milyondan artıq türk var. İrana müdaxilə olsa, soydaşlarımızın azı 10 faizinin Azərbaycana pənah gətirməsi qaçılmazdır. Azərbaycan isə istər-istəməz onları qəbul etməli olacaq. Belə olan halda Azərbaycan demək olar ki, sosial kollabsa düşər. Odur ki, hadisələrin bu cür inkişafı Azərbaycan dövlətini misli görünməmiş ağır durumla üz-üzə qoyar, həmçinin Türkiyənin də maraqlarına ziyan vurar”.

ADP sədri hesab edir ki, İranın çıxış yolu var: “Yeganə yol hakimiyyətlə narazı qüvvələrin danışığa getməsidir. Vətəndaşların iqtisadi problemlərinin həllini dövlət öz üzərinə götürməlidir. Başqa çıxış yolu yoxdur. Əks halda, prosesə xarici güclərin müdaxiləsi qaçılmazdır”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ile ilgili görsel sonucu

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı isə bildirdi ki, İrandakı narazılıqlar və bu narazılıqların ifadə forması olan mitinqlərin səbəbini İranın daxilində axtarmaq lazımdır: “Uzun illərdən bəri İranda hakimiyyətdə olan rejim kifayət qədər İran əhalisi içərisində etirazlar doğurmaqdadır. Bundan öncəki illərdə də hakimiyyətə qarşı etirazlar olmuş və həmin etirazlar amansızlıqla yatırılıb. İndi növbəti dalğadır. İranda müasir nəsil yetişməkdədir, yüzminlərlə insan xaricdə təhsil alıb. Onlar öz ölkələrindəki sistemi qəbul edə bilmirlər, qapalı cəmiyyətdən qurtulmaq istəyirlər. Əlbəttə, İranda kütləvi aksiyaların genişlənməsində ayrı-ayrı ölkələrin də maraqları var. ABŞ-ın, İsrailin, Səudiyyə Ərəbistanı və Avropa ölkələrinin bəzilərinin İranla münasibətləri gərgindir. Bu ölkələr də maraqlıdırlar ki, İranda rejim dəyişsin. İranın Yəməndə, Suriyada, İraqda öz təsir imkanlarını genişləndirmək cəhdləri də dünyanın güc mərkəzlərini qıcıqlandırır. Hadisələrə bunun da təsiri var. Ola bilsin ki, daxili narazılıqlara xaricdən də impulslar verilir. Tarixdə bu və buna bənzər sistemlərin taleyinin nə ilə qurtardığının şahidiyik. Ona görə də İran hakimiyyəti daha ciddi, daha qanlı hadisələrin baş verməsini istəmirsə, idarəetmədə müəyyən dəyişikliklər etməlidir”.

F.Ağamalının sözlərinə görə, son hadisələr milli məsələ olmadığı üçün Azərbaycan türkləri bu hadisələrdə iştirak etmədilər. Bu hadisələrdə rejimdən narazı olan farsların daha ciddi rolu var: “Azərbaycan türkləri artıq kifayət qədər təcrübəyə malikdirlər. Onlar düzgün olaraq son hadisələrdə iştirak eləmədilər”.

Ümid Partiyasının sədri İqbal Ağazadə ile ilgili görsel sonucu

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bildirdi ki, İran hadisələri təkcə xarici amillərlə bağlı deyil. Daxildə səbəb olmasa xaricdən heç bir təsir xalqı ayağa qaldıra bilməz: “İran hakimiyyəti düşünməlidir ki, bu hadisələrə səbəb olan nədir? Niyə bu cür hadisələr yaşana bilir? Deməli, nələrsə doğru deyil, nələrsə böyük problemlər yaradır. Yaranan problemlər əsasən rejimlə bağlıdır. İnsanlar bu rejimdə artıq yaşamaq istəmirlər. İnsanlar artıq yorulublar. Xaricə səfər edən iranlıların həyat tərzindəki fərqlərə diqqət edin-İrandan çıxan kimi bütün ordakı dəyərləri kənara qoyub getdikləri ölkələrin dəyərlərinə uyğun yaşam tərzinə keçirlər. Bu, o deməkdir ki, adamlar öz ölkələrindəki yaşam tərzlərindən məmnun deyillər. Razı olmayan insanların narazılıqlarından isə xarici amillərin istifadə etməyə çalışması mümkündür. İranın özü çox ölkələrdə hadisələr başlayanda öz maraqları üçün müdaxilələr edib. Hər kəsin öz marağı var. İrana da dost və düşmən olanlar var. Ona görə də daxildən başlanan prosesin xaricdən dəstəyi də olacaqdı”.

İran hadisələri ile ilgili görsel sonucu

İ.Ağazadə Güneydə yaşayan soydaşlarımızın ehtiyatlı mövqe tutduğunu və bunu doğru hesab etmədiyini dedi: “Onlar İran vətəndaşlarıdır və İranın demokratikləşməsi onların milli haqlarını alması üçün böyük bir avantaj verir. Rejim yumşalmalıdır ki, onlar da haqlarını əldə edə bilsinlər. Rejimin yumşalması üçün isə daxildə baş verən ümumi prosesdə hökmən iştirakçı olmalıdırlar. Heç kim düşünməsin ki, İranda bu gün insanlar qalxdı və bu gün də hər şey dəyişəcək. SSRİ kimi bir imperiya çökməyə 1988-ci ilin fevralında başladı və 1991-ci ilin dekabrında dağıldı. 2019-cu ilin sonuna qədər Yaxın Şərqin də şəkli bütövlükdə dəyişəcək”.

Siyasi ekspert Şahin Cəfərli ile ilgili görsel sonucu

Siyasi ekspert Şahin Cəfərli isə hesab edir ki, İran hadisələrində ilk növbədə daxili amillərin, daha sonra isə bu amillərlə əlaqəli olan, onlara təsir edən, sürətləndirən regional və beynəlxalq proseslərin rolu var.

Politoloq Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Politoloq Elxan Şahinoğlu hesab edir ki, İrandakı son proseslər bu ölkənin dəyişikliyə hamilə olduğu qənaətini yaradır. Əgər belə olacaqsa İranda yaşayan azərbaycanlılar da bu proseslərdən kənarda qala bilməyəcək və öz haqları uğrunda mübarizəni istər-istəməz gücləndirəcəklər.  /Yeni Müsavat/