“KQB” arxivlərindən toplanmış toplu çapa hazırdır – “Bir kəndin repressiyası”

Sərxan Çarçı
Araşdırmaçı
Aylardı durmadan (inanın ki, bəzən gecələri belə yatmadan) hazırladığım “Bir kəndin repressiyası” adlı kitab artıq çap üçün hazırdır. Doğma kəndçilərimin simasında repressiya hadisələrinin 80 illiyinə həsr etdiyim bu kitabı çox çalışsaq da, işin içindən yaxşı mənada iş çıxdı deyə 2017-ci ilə çatdıra bilmədim. Belə ki, kəndçilərimi araşdırarkən, mərkəzi Çaylıda olan, ölkənin bütün ərazisini əhatə edən, hətta Batumiyə, ordan da M.Ə. Rəsulzadəyə qədər gedib çıxan silahlı antisovet təşkilatı olan “Əzrail”Firqəsinin qovluqlarını əldə etməyim, bir kəndçimizi axtararkən içindən başqa kəndçilərimin cinayət işləri də çıxması və s. işimi uzatdı. Amma gördüyünüz kimi “Nərmin Yayın Evi” və “Bakı Kitab Klubu” ilə birgə gərgin işimizin sayəsində Yanvar ayının beşinə kitabı çapa hazır vəziyyətə gətirdik. Beş Yanvar tarixini təsadüfi qeyd etmirəm. O qara günlərin ən dəhşətli gecələrindən biri İstiqlal Şairimiz Əhməd Cavadın simasında 37-ci ilin 13 Oktyabrı idisə, ikinci belə dəhşətli gecə işıqlı şairimiz Mikayıl Müşfiqin simasında yüzlərlə insanın güllələndiyi 1938-ci il Yanvar ayının 5-dən 6-sına keçən gecə idi. Nə qədər həmd və şükür etsəm azdır ki, bu gecə onların qarşısında borcunu cüzi ödəmiş biri kimi daha rahat yatacağam.
Məndən ən çox soruşulan məsələ kitabın maliyyəsidi. Bu suallara cavab olaraq əvvala onu deyim ki, imkanı olan dostlardan borc almaq hesabına da olsa bu kitabı nəşr etdirəcəyəm. Amma belə bir ildə, bu mövzuda kitabın nəşrini doğrudan da hansısa rəsmi və ya qeyri rəsm qurum və ya aidiyyatlı insanlar tərəfindən öz öhdələrinə götürülməli idi. Amma hələ ki, bu dəstəyi göstərən yoxdu.
Adından da göründüyü kimi kitab bir kəndin repressiyasından bəhs edir. Amma elə oxuyanda da görəcəksiniz ki, Qazax rayonunun Çaylı kəndi necə mübariz bir kənd olub və neçə-neçə repressiya qurbanı verib. Mən də öz növbəmdə o insanların arxiv sənədlərinə əsasən repressiya qaranlığına işıq tutmaq istədim. Hər nə qədər təvazökarlıqdan uzaq olsa da deyim ki, KQB arxivindən 40 foto çıxardan yeganə insanam və kitab o sənədlər, o fotolar üzərindən yazılıb. Həmçinin də yeri gəldikcə kəndimizin tarixindən bəhs etmişəm.
İşin indən beləsində isə güvəndiyim yeganə mənbə siz oxucularsınız.