Neft nə vaxta kimi qalxacaq? – “Azərbaycan bu artımdan milyonlar qazanır”

Son 1 aydır ki, dünya bazarında Azərbaycan neftinin qiyməti sürətlə artır. Bu günə olan məlumata görə, “AzeriLight” markalı neftin 1 barelinin dəyəri 0,65 dollar və ya 0,93% artaraq 70,54 dollar təşkil edib. Yəni, uzun müddət sonra neftimizin qiyməti 70 dollar həddini aşıb.

“Qara qızıl”ın sürətlə bahalaşması nikbin fikirlər formalaşdırır. Lakin sual yaranır: neftin qiymətinin birdən-birə kəskin artmasının iqtisadi əsasları varmı və bu artım davamlı olacaqmı?

Məsələ ilə bağlı BakuPost.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, qiymətlərin qalxmasının kökündə dünyada baş verən siyasi hadisələr dayanır: “Əvvəl İraqın şimalında Kürdüstanla bağlı referendum, ondan sonra Şimali İraqdan neft ixracatının dayandırılması, Səudiyyə Ərəbistanla Yəmən arasında gərginliyin artması, Səudiyyəyə raket zərbələrinin endirilməsi, ən son isə Liviyada terror hadisəsinin olması və neft hasilatının azaldılması qiymətə ciddi təsir edib. Son 1 həftədə isə İranda daxili çaxnaşmalar var. Yəni bu günə qədər neftin qiymətinə səbəb olan əsas amillər məhz siyasi hadisələrdir. Hansısa iqtisadi hadisə baş verməyib. Nə neftin hasilatı kəskin azalıb, nə dünya iqtisadiyyatında neftə tələbat kəskin artıb. Bir də OPEK-Rusiya anlaşması var idi ki, gündəlik neft hasilatının 1,8 milyon barel azaldılmasını nəzərdə tutur. Bu da neftin qiymətinə təsir göstərdi. Lakin müvəqqətidir, bu il sona çatacaq. Sözümün canı odur ki, bu günə kimi baş verənlər ancaq siyasi səhnədə olanların nəticəsidir. Ona görə neftin qiymət artımının davamlı olması o qədər real görünmür”.

Картинки по запросу natiq cəfərli

İqtisadçı əlavə edib ki, neftin oratalam qiyməti 2018-ci il ərzində 55 dollar olacaq: “Müxtəlif beynəlxalq nüfuzlu agentliklərin 2018-ci illə bağlı proqnozlarında göstərilir ki, neftin ortalama qiyməti bu il 55 dollar olacaq. Çox böyük ehtimal fevral ayından başlayaraq qiymətlərdə enmələr başlayacaq. Çünki fevral ayında aprel və may aylarının neft müqavilələri satışa çıxarılır. O aylarda isə bir çox ölkələrdə neftayırma zavodları yay mövsümündən öncəki təmirə başlayır. Bu zaman da neft alınma azalır. Yəni neftə tələbat azalır. Son 10 ilə baxsaq, bu aylarda neftin qiymətində ciddi enmələr müşahidə olunur. Buradan çıxış edərək bildirirəm ki, ola bilər, fevral ayında neftin qiymətinin yenidən aşağı düşməsini müşahidə edək və qiymətlərin 60 dollardan da aşağı düşdüyünün şahidi olaq”.

N. Cəfərlinin sözlərinə görə, neftin qiymətinin 70 dollar civarında olması Azərbaycanın gəlirlərinə ciddi təsir göstərir: “Neftin qiymətinin hər bir dollar artması gün ərzində Azərbaycana əlavə 400 min dollar gəlir gətirir. 10 dollar artırsa, deməli gündə əlavə 4 milyon gəlir. Azərbaycan bu qiymət artımından kifayət qədər gəlir götürəcək. Lakin bir problem var ki, bizdə hasilat azalıb. Hasilatın səviyyəsi 2017-ci ildə 9 faiz azaldıldı. Hasilatın azalması fonunda qiymətin artması heç olmazsa, azalmanı kompensasiya etməyə və gəlirlərin kəskin aşağı düşməsinə imkan vermir”.