Bu analizi Avropada edirlər, bizdə isə… – Ekspert

Türkiyədə yeni doğulan körpələrdən “topuq qanı” adlandırılan analiz götürülür. Körpənin ayağından alınan topuq qanı genetik və maddələr mübadiləsi ilə bağlı olan problemlərin aşkar edilməsi üçün alınır.

Türkiyəli həkimlər bildirirlər ki, xəstəliklərin diaqnozu üçün bu, çox vacib analizdir. Azarbaycanlılar üçün bir o qədər də tanış olmayan topuq qanı analizinin xüsusilə körpələrin gələcək həyatı üçün əhəmiyyətli olmasını nəzərə alaraq, ekspertə ehtiyac duyduq.

Axar.az-a danışan tibb üzrə ekspert, professor Adil Qeybulla bildirib ki, bir zamanlar uşaqlardan kəllədən qan analizi götürülürdü. Tibb professorunu fikrincə, bu tip analizlər müxtəlif xəstəliklərin öyrənilməsi üçün vacib və əhəmiyyətlidir:

“Azərbaycanda topuqdan qan analizi alınmasına rast gəlməmişəm. Azərbaycan səhiyyəsi üçün bir qədər yad analizdir. Türkiyədə isə məktəblər var. Oradakı təbabət yüksək səviyyədədir və Avropa təbabəti hesab edilir. Orada ayrı-ayrı məktəblərin protokolları var. Və həkimlər də o protokollarla hərəkət edirlər. Bizdə səhiyyə özfəaliyyət xarakteri daşıyır. Onlar mütəmadi iş aparır və yeniliklər edirlər. Biz də Avropa protokollarına keçməliyik. Bizdə köhnə stereotiplər tam dağılmayıb. Ona görə topuq qanı analizi bizim üçün bir qədər yaddır”.

A.Qeybulla bildirib ki, bu tip analizlərin götürülməsinin uşağın səhhətinə heç bir ziyanı yoxdur.

Qeyd edək ki, topuq qanı analizi vasitəsilə uşaqlıqda yaranacaq əqli geriliyin qarşısını tamamilə almaq mümkündür. Əgər hipotiroidi varsa, vücudda mövcud olan vacib hormon yoxdursa, dərmanlardan istifadə edilərək yarana biləcək fəsadların qarşısını almaq da olur.