Qorqud adının yayıldığı sahələr və yaşayan “Dədə Qorqud hekayələri”

 Məhərrəm Ergin (1925-1995)  – Türkoloq alim M.Ergin 1925-ci ildə Axıskada dünyaya gəlmişdir. Uşaq yaşlarında ailəsi ilə birlikdə Türkiyəyə köç edərək Bulanıqda məskunlaşmışdır. 1943-cü ildə Balıkəsir liseyini, 1947-ci ildə İstanbul Universiteti ədəbiyyat fakültəsinin “Türk dili və ədəbiyyatı” bölümünü bitirmişdir. Rəşid Rəhməti Aratın assistenti olaraq universitetdə elmi və pedaqoji fəaliyyətini davam etdirmiş, 1971-ci ildə professor elmi adını almışdır. Dilçilik sahəsində bir çox dəyərli əsərlərlə yanaşı, “Kitabi-Dədə Qorqud” dastanları ilə də bağlı tədqiqatların da müəllifidir.

M.Ergin böyük dil siyasətçisi, dil filosofu idi. Onun “Türk kimdir, kim türkdür”, “Azəri türkçəsi”, “Türkçənin soy kötüyü”, “Türkiyəni bu günə gətirən tarixi seyr”, “Sovet imperializmi”, “Balkanlar və türklər” və s. ictimai-siyasi və elmi əsərləri yalnız Türkiyə üçün deyil, bütün Türk dünyası üçün də çox qiymətli əsərlərdir.

 

Qorqud adının yayıldığı sahələr yaşayan “Dədə Qorqud hekayələri”

 

Tarixi mənbələrin “Dədə Qorqud” – “Qorqud Ata və hekayələri” haqqında verdiyi məlumatların hamısı “Oğuznamələr”lə birlikdə öz dövrlərindəki oğuz xalq rəvayətlərinə istinad edir. Bu rəvayətlərin hamısı Dədə Qorqudun portretini təxminən eyni formada çəkir və verdiyi məlumatlar, demək olar ki, “Dədə Qorqud kitabı”ndakı ilə eynidir. Xalq filosofu, kəramət sahibi, aqil məsləhətçi və ozan olaraq Dədə Qorqud – Qorqud Atanın xatirəsi müxtəlif dövrlərdə və uzun əsrlər boyunca türklərin əski və yeni yurdlarında canlı olaraq yaşamış, müxtəlif türk xalqları arasında və geniş bır sahədə son dövrlərə qədər gəlib çatmışdır.

Bu gün bir tərəfdən Dədə Qorqudun adı və xatirəsi, o biri tərəfdən “Dədə Qorqud kitabı”nda gördüyümüz hekayələrdən bəziləri geniş Türk dünyasının müxtəlif ərazilərində hələ də  yaşayır.

Yalnız “Dədə Qorqud kitabı”ndakı coğrafı ərazini əhatə edən Anadolu və Azərbaycanda Dədə Qorqud adına və xatirəsinə rast gəlinir. Lakin “Dədə Qorqud hekayələri” Şərqi Anadolu və Azərbaycandan başqa bu gün bütün Anadoluya yayılaraq xalqın müxtəlif təbəqələri arasında yaşayır.

Bunun müqabilində “Dədə Qorqud hekayələri”ndən başqa Qorqud Atanın adı və xatirəsi də Azərbaycan və Anadolu xaricində müxtəlif türk xalqları arasında bu günə qədər yaşamağa davam etmişdir.

Həmçinin, bu gün türkmənlərlə qazaxlar arasında Qorqud Atanın qəbir təqib etməsi haqqında bir rəvayət vardır. Bu rəvayətə görə, Qorqud Ata uzun müddət əcəldən qaçmaq istəmiş, fəqət hara getsə, “qəbir təqib edən (axtaran) Qorqud” üçün qəbir qazıldığını görmüş, nəhayət, 300 yaşında ikən onun üçün qazılan qəbirlərdən birinin yanında ölmüşdür (O.Ş.Gökyay, a.e., Başlanğıc s. 35, Əbdülqadir İnanın söhbətindən). Bununla bağlı türkmənlər arasında təqdir və qismət haqqında “Qorqudun qəbrini qazma” atalar sözü də var (Əbdülqadir İnan. Kitab-i Dede Korkut hakkında, Türkiyat Mecmuası, I. s. 213-214).

Velyaminov-Zernov Qorqudun əcəldən qaçması haqqında Sırdərya hövzəsində qazaxlardan bu rəvayəti toplamışdır (ZVO. IV, s. 283-dən birbaşa O.Ş Gökyay, a.e., Başlanğıc, s. 35-36, qeyd 2):

Qorqud övliya əvvəllər dünyanın bir küncündə yaşayırmış. Bir gün yuxusunda bir neçə adamın qəbir qazdığını görmüşdür. “Bunu kimə qazırsınız?” – deyə soruşanda, Qorqud övliya üçün qazdıqlarını deyirlər. Səhər yuxudan oyananda ölümün yaxınlaşdığından qorxaraq ondan qaçmaq qərarına gəlmiş və dünyanın o biri ucuna getmişdir. Orada da eyni yuxunu gördükdə bu dəfə dünyanın mərkəzində yaşamaq üçün Sırdərya ətrafında qəbrinin olduğu yerə gəlmişdir. Lakin orada da eyni yuxunu görmüşdür. Bundan sonra quruda yaşaya bilməyəcəyini başa düşmüş, əbasını Sırdərya çayının ortasında suyun üzərinə sərərək üstünə oturmuş və bundan sonra yüz il yaşamışdır. Öldükdən sonra müsəlmanlar nəşini o ətrafda dəfn etmişlər.

Yenə qazaxlar arasında Qorqud Ata xalq şairi, qopuz və tənbur çalğılarının yaradıcısı olaraq təqdim edilir. Qazaxlara görə, ən böyük övliyalardan biridir. Qazax baxşıları qopuz çalıb mahnı söyləyərkən pir hesab etdikləri Qorqud Atanı imdada çağırırlar (Əbdülqadir İnan, göst. yer).

Qırğız dastanı “Manas”da da Qorqudun adı çəkilir və “Dədə Qorqud kitabı”ndakı Qazılıq dağı zikr edililir.

Qazaxlarda sevgilinin gözləri Qorqudun yandırdığı çırağa bənzədilir. “Dədə Qorqud”dakı Təpəgözün doğuşuna bənzər bir motivə qazaxların “Ər Töştük” dastanında, çayda ağciyərdən divin çıxması ilə bağlı rəvayətdə rast gəlinir (Əbdulqadir İnan, göst. yer).

Qazaxıstanda Akmola[1] şəhərindən 110 fərsax məsafədə yerləşən Muntjaklı və Dumburalı adlı iki kiçik dağa verilən adlar da rəvayətə görə, Qorqud Ataya şamil edilir. Guya qədim dövrlərdə Qorqud (Qorqurd) Ata əlində tənburu qazax çöllərində gəzirmiş. Muntjaklı dağında tənburunun muncuğunu (bəzəyini), Dumburalı dağında da tənburunu unutduğu üçün dağlara bu adlar verilmişdir (Abdullah oğullarından Həmit Həmdi, Korkuda ait, Türkiyat Mecmuası, II, s. 396-397).

Sırdəryanın Aral gölünə[2] yaxın bir yerində Qorqud Ata qəbri var. Buna görə oradakı stansiyaya da Qorqud adı verilmişdir. Aral gölünün şimal-şərqində, aşağı Sırdərya sahillərində Kazalinsk şəhərinin yaxınlığında olan bu qəbri ilk dəfə amerikalı səyyah Şiller tanıtmış və günbəzli Qorqud həzrətin türbəsinin şəklini dərc etdirmişdir (tərcümə və tərtib edəni Kolağası Ahmet Musavver Türkistan Tarihi və Seyahatnamesi, İstanbul, 1294, s. 102-103 və 282-283). Daha sonra 1897-ci ildə qəbri görən A.Divayev gördüklərini qələmə almış və  qəbrin 1899-cu ildə çəkdiyi iki şəklini çap etdirmişdir (məlumat üçün bax: A.Divayev, Mukaddes Xorxut Atanın Mezarı Hakkında Bir Kaç Söz, ZVO, X, s. 193-194; qəbrin şəkli üçün bax: A.Divayev, ZVO, XIII, s. 39-40).

 

*

“Dədə Qorqud hekayələri”nə bu gün daha çox Anadolunun müxtəlif bölgələrində rast gəlirik. Anadoluda indiyə qədər toplanmış hekayələr Beyrək, Dəli Domrul və Təpəgöz haqqındadır. Bütün bu hekayələr bir xeyli dəyişikliklərə məruz qalmış, içərisinə bir çox nağıl ünsürləri qarışmış, bəzi qəhrəmanların adları dəyişmiş və ümumi olaraq əsas hadisələrdə “Dədə Qorqud hekayələri” ilə oxşarlıqları qalmışdır. Bunun nəticəsində də ”Dədə Qorqud kitabı”ndakı dastan ruhundan əsər-əlamət qalmamış və bu hekayələr nağılla qarışıq ortabab xalq hekayələri halına gəlmişdir.

“Dədə Qorqud hekayələri”ndən ən geniş yayılanı Bəy Böyrək (Beyrək) olmuşdur. Adı bəzən “Ağ Qavaq qızı”, bəzən “Bəngiboz ilə Bəy Böyrək”, bəzən də “Bəy Beyri” və ya “Bəy Böyrə” olan bu hekayənin indiyə qədər Safranbolu, cənubi Anadolu və Toroslar, Ərzurum, Ərzincan, Trabzon, Bayburt, Bəyşəhir, Konya və İstanbul variantları üzə çıxarılmışdır.

Bunlardan Safranbolu və Trabzon rəvayətlərini Əhməd Baha toplamış və nəşr etdirmişdir (Milli Mecmua, 1930, №132; Atsız Mecmua, №10; Bartın Gazetesi, 21 eylül 1931, №312 Safranbolu; 26 İlkteşrin 1931, №317 Hamamizadə İhsandan birbaşa Trabzon rəvayəti ). Cənub (Gavurdağı, Aladağ) rəvayətlərini Əli Rza Yalman (Yalgın) toplamış və nəşr etdirmişdir (Memleket Mecmuası, Adana, 1929, №5; Cenupta Türkmen Oymakları, kısım III, Ankara, 1933, s. 68-80).

Ərzurum rəvayətini də Baha Gökoğlu yayınlamışdır (Halk Bilgisi Haberleri, İstanbul, 1936, yıl 5, №54, s. 81-87).

Bayburtda üç rəvayəti professor Osman Turan toplamış və yayınlamışdır (Ülkü, Ankara, 1938, X, №59; Türklük, İstanbul, 1939, II, №8).

Pertev Naili Boratav Bəyşəhir rəvayəti ilə Konyanın Meydan kəndi rəvayətini ilk ağızdan toplayaraq, İstanbul rəvayətini isə İstanbul Üniversiteti Kitab №239 və Ankara Türk Dil Kurumu Kitab №1359-6028 qeydiyyat nömrəli yazılardan çıxararaq cönklərdən topladığı “Bəy Beyri mənzumələri” ilə bir yerdə yayınlamışdır (Ülkü, X, №60; XI, №61 və b.; bunları həm də kitab halında bir yerə toplamışdır: Bey Böyrek Hekayesine Ait Metinler, Ankara, 1939).

Bunlardan başqa Həmid Zübeyir Koşaydan Muğlanın Uyğur kəndində də “Bəy Böyrək hekayəsi”nin bir rəvayətini dinlədiyini eşitmişdik.

“Dəli Domrul hekayəsi”nin indiyə qədər bir tək rəvayəti qeydə alınmışdır. Antalyanın Zeytun kəndindən toplanan bu rəvayəti Atabəyli Naci toplamış və yayınlamışdır (Ün Mecmuası, İsparta Halkevi, 1934 birinci teşrin, №5, s. 81-82).

Təpəgöz hekayəsinin Anadoluda yaşadığını ilk dəfə elan edən M.Cevdət olmuşdur. M.Cevdət uşaq vaxtı atasının xidmətçisi Bayındırlı Mehmet Çavuşun bu hekayəni ona şirin-şirin danışdığını nəql edir (Oğuzname − Kitab-ı Dede Korkut, Yeni Mecmua, Çanakkale nüshası, İstanbul, 1337, s. 89-92).

Təpəgöz hekayəsinin də bu məlumatdan başqa indiyə qədər tək bir rəvayəti aşkar edilmişdir. Əli Rza Yalmanın toplamağa başladığı bu rəvayət ertəsi gün söyləyicinin gəlmədiyi üçün yanımcıq qalmışdır (Cenupta Türkmen Oymakları, IV, Adana 1933, s. 32-34.).

Dədə Qorqud hekayələrinin aşkar edilən bütün bu rəvayətlərinin xülasəsini Orhan Şaik Gökyay bir yerə toplamışdır ( a.e., Başlangıç, s. 44-75).

Dədə Qorqudun Anadoluda ən yayılmış hekayəsi olan Beyrəyə Anadolu və Azərbaycandan xaricdə də rast gəlmək mümkündür. Bu hekayənin coğrafı dairələrinə görə və düşmənlər tərəfindən uydurulmuş variantı qaraqalpaqlar, qazaxlar, başqırdlar və özbəklər arasında da yaşayır. Hekayənin qaraqalpaqlar və qazaxlar arasındakı adı “Alpamıs” yaxud “Alpamsı”, başqırtlardakı adı “Alpamış” yaxud “Alpamşa”, özbəklər arasındakı adı isə “Alpamış”dır. Bu sözlərin Alp Bamsıdan yarandığı hesab edilir (Beyrək hekayəsinin bu rəvayətləri haqqında daha çox məlumat üçün bax: Əbdülqadir İnan, Ülkü, X, №60, s. 545-547).

 

Nüsxələrin müqayisəsi

Drezden nüsxəsi:

 

Əsli Drezden Kral Kitabxanasında mühafizə olunan bu nüsxənin bu gün əlimizdə fotosurəti mövcuddur. Nüsxəni ilk dəfə kəşf edən H.O.Fleyşer kataloqunda (Catalogus codicum Manuscriptorum ori-entalum Bibliothecae Dresdensis, Dresden, 1831, №86) bu məlumat verilir:

“152 vərəqlik türkcə məcmuə, kiçik 4, nəsx yazılı, əski Şərq türkcəsi və ya oğuz şivəsi ilə yazılmış “Kitabi-Dədə Qorqud”dur. İç Oğuz və Daş Oğuz qəbilələrinin Məhəmməd dövründəki macəralarının hekayələridir. Kitabın adı bütün hekayələrdə Qorqud adlı birinin böyük rolu olmasından doğur. Qorqudun dindar, ağıllı və oğuz qəbilələri arasında böyük etibar sahibi olduğu rəvayət edilir”.

Əlimizdəki şəkillərə görə, nüsxənin təsvirini bir az daha genişləndirə bilərik:

Nüsxənin üz qapağında ortada, yuxarıya doğru “Kitabi-Dədəm Qorqud ala lisani-taifei-Oğuzan” yazılıdır.

Üst sağ küncdə “Tarixi-vəfati-Osman sene 993” yazılmışdır. Alt sağ küncə doğru “Muhabbətnamə ağzında yazılmışdır” qeydi vardır. Bunlardan başqa üz qabığında kitabla əlaqəsi olmayan başqa qaralamalar da vardır. Üz qabığının arxasında böyük və kiçik ölçüdə iki dəfə yazılmış farsca bir beyt mövcuddur. Mətnin başladığı vərəqin a üzü də yenə müxtəlif qaralamalarla doludur. Biz bu səhifəni 1-ci səhifə hesab etdik. Bunun arxasında, yəni 2-ci səhifədə əsl mətn başlayır. Hər səhifədə düzgün bir nəsx xətti ilə 13 sətir vardır. Yalnız ilk, yəni 2-ci səhifədə ilk sətrin yerinə “bismillah” yazıldığı üçün 12 sətir mövcuddur. Səhifələrin ətrafı tək xətt ilə əhatə edilmişdir. Mətnin içərisində pərakəndə səpələnmiş iri nöqtələr vardır. Hekayələrin başlıqları ilə “soylama”, “soylamış” kimi sözlər və bəzi adlarla girişdəki bir neçə cümlə qalın yazı ilə yazılmışdır. Kitab 304-cü səhifədə bitir. Əsərin nəzm hissələri müəyyən formada yazılmamış və bütün mətn səhifələrə nəsr kimi doldurulmuş, hekayələr üçün də başlıqlar ayrılmamışdır. Nüsxə bir giriş ilə 12 boyu əhatə edir. Bunların sıra və səhifələri belədir:

 

( Giriş)                                                                  S.          2-9

  1. Dirsə xan oğlı Buğac xan boyı                                 9-35
  2. Salur Qazanun ivi yağmalanduğı boy                           35-66
  3. Qam Pürənün oğlı Bamsı Beyrək boyı66-122
  4. Qazan oğlı Uruz Bigün tutsak olduğı boy 122-154
  5. Duxa Qoca oğlı Dəlü Dumrul boyı                      154-170
  6. Qanlı Qoca oğlı Qan Turalı boyı                                170-201
  7. Qazılıq Qoca oğlı Yigənək boyı                                201-213
  8. Basat Təpəgözi öldürdügi boy                                213-235
  9. Bəkil oğlı Əmran boyı235-253
  10. Uşun Qoca oğlı Səgrək boyı                                       253-271
  11. Salur Qazan tutsak olup oğlı  Uruz çıxarduğı boy    271-291
  12. İç Oğuza Taş Oğuz asi olupBeyrək öldügi boy      291-304

 

Vatikan nüsxəsi

 

Vatikan nüsxəsi Vatikan Kitabxanası Türk dili bölümündə 102 nömrə işarəti ilə qeydiyyata alınmışdır. Bu nüsxə başqa risalə ilə bir yerdə eyni cilddə yerləşir. Bu cildin 2-58-ci vərəqləri arasındakı ilk risaləsi “Hekayəti-latifei-ucübə və mahcübei-zarifə” adlı əsərdir. Dədə Qorqud nüsxəsi isə bundan sonra başlayır və 58 b ilə 106-cı vərəqlər arasında yerləşir. Biz nüsxəni səhifələrə görə nömrələdik və ilk səhifəni 2 ilə başladıq.

20,5×15,2 ölçüsündə olan Vatikan nüsxəsi başdan-başa hərəkəli bir nəsx yazı şəkli ilə yazılmışdır və hər səhifədə 13 sətir vardır. Nüsxənın başlığı “Hekayəti-Oğuznamei-Qazan Beg və qayri” adını daşıyır. Bu nüsxə də bütünlüklə nəsr formasında yazılmaqla yanaşı, bəzi yerlərdə mənzum hissələrin misra sonunda bir az boşluq qoyulmuşdur. 97-98-ci səhifələri əhatə edən sondan bir əvvəlki vərəq qopmuşdur. Nüsxənin sonu 99-cu səhifədə yerləşir.

Vatikan nüsxəsi hekayələrin sayı cəhətdən əksik nüsxə olub giriş ilə bir yerdə ancaq bu altı hekayəni əhatə edir:

(Giriş)                                                                                    S.    2-5

  1. Hekayəti-Xan oğlu Buğac Xan                                        5-20
  2. Hekayəti-Bamsı Beryik Boz atlu                                     20-53
  3. Hekayət Salur Qazanun eviyağmalanduğıdur                     53-68
  4. Hekayəti-Qazan Begün oğlı UruzXan dutsak olduğıdur         68-85
  5. Hekayəti-Qazılıq Qoca oğlı Yegənək Beg                           85-92
  6. Hekayəti-Taş Oğuz İç Oğuza asi olupBeryək vəfatı                  92-99

 

Vatikan nüsxəsi Drezden nüsxəsinə nəzərən çox bərbad bir nüsxədir. Hərəkələr çox səhv şəkildə qoyulmuşdur. Xüsusi adlar belə bir neçə variantda yazılmış və hərəkələnmişdir. Nüsxənin bu xüsusiyyəti onun orijinal Drezden nüsxəsinə edə biləcəyi köməyi, demək olar ki, heçə endirir. Drezden nüsxəsi ilə eyni nüsxədən köçürüldüyü bilinən Vatikan nüsxəsinin mirzəsi orijinal nüsxədə başa düşmədiyi kəlimələri dəfələrlə ötürmüşdür. Bir çox yerdə də ifadə fərqli forma almış və bəzən bir-birindən çox uzaqlaşmışdır. Fərqlər, ümumiyyətlə, mənsur hissələrdə daha çoxdur.

Nüsxələr arasındakı fərqlərin böyük bir hissəsini sahə ayrılığı təşkil edir. Bu ayrılıqların əksəriyyəti sözün əvvəlindəki b/m, sözün əvvəlindəki t/d, ilk hecadakı e/i, sözün daxilindəki və sonundakı fellərin x/ğ olması və bəzi formaların eyni şəkilçilərlə yazılması kimi ümumiləşdirilə bilər.

Sözün əvvəlindəki b/m yazılışından Drezden nüsxəsi m, Vatikan nüsxəsi b tərəfindədir.

Sözün əvvəlindəki t/d yazılışından Drezden t, Vatikan d tərəfindədir.

İlk hecadakı e/i yazılışından Drezden əsasən i, Vatikan e tərəfindədir.

k/x,ğ yazılışından Drezden x,ğ, Vatikan k tərəfindədir.

Vatikan nüsxəsi Drezdendəki -gəç feili yerinə -icək feilini istifadə etmişdir.

Bəzi yerlərdə Drezden nüsxəsinə nəzərən daha əhatəli olan Vatikan nüsxəsi əksikdir.

Bu şərtlərlə nüsxələrin müqayisəsi çətin olmuş və bir çox yerdə Vatikan nüsxəsini qeydə almaqla nəticələnmişdir.

 

*

Hər iki nüsxənin də XVI əsrdə surətinin çıxarıldığı güman edilir. Nüsxələrin yazısı və imlası bunları XVI əsrdən daha əvvələ aid etməyə imkan vermir. Onsuz da hekayələrin XV əsrin ikinci yarısında aşkar edildiyini ehtimal etdiyimizi nəzərə alsaq, baxış zamanı surəti olmayan hər iki nüsxənin də XVI əsrdən əvvələ getməyəcəyi aydın olur. Digər tərəfdən nüsxələrin yazısı, imlası və ümumi vəziyyəti bunların XVI əsrdən sonraya şamil edilməsinə imkan vermir. Belə kitabların oğuz dastan ənənələrinin canlı olduğu, yaşadığı zamanlarda yazılmış olduğunu da düşünsək, bunların XVI əsrdən daha sonrakı dövrün məhsulu olmadığını ehtimal etməkdə çətinlik çəkmərik. Biz doğru və yaxşı nüsxə olan Drezden nüsxəsinin XVI əsrin ilk yarısında, səhvləri çox və dili daha yeni olan Vatikan nüsxəsinin isə daha sonra, bəlkə də XVI əsrin ikinci yarısında köçürülmüş olduqlarını ehtimal edirik.

Drezden nüsxəsinin yalnız baş hissəsində bəzi səhifələrin qismən hərəkələnmiş olduğu görünür. Əlimizdəki fotoşəkillərdə yazıya görə çox solğun qalan və bəzən da səhv qoyulmuş bu hərəkələr bəlkə də mətnə sonradan əlavə edilmişdir. Bundan başqa, Drezden nüsxəsi əsasən hərəkəsiz, dolğun, oxunaqlı, dəyişməyən bütöv bir nəsx xətti ilə yazılmışdır. Bu vəziyyəti ilə də nüsxə XV əsrdən sonrakı hərəkəsiz yazı dövrünün məhsulu olaraq qəbul edilir. Vatikan nüsxəsi başdan-başa hərəkəlidir. Lakin dediyimiz kimi, bu hərəkələr çox səhv və pərakəndə olub bir çox yerdə yazıya aid deyildir. Bu, Vatikan nüsxəsinin də təbii hərəkə dövrünün deyil, hərəkəsiz dövrün məhsulu olduğunu, lakin məcburi hərəkələməyə məruz qaldığını göstərir.

Drezden nüsxəsinin qapaq səhifəsində nüsxə ilə əlaqəsi olmadığı bilinən “tarixi-vəfati-Osman sene 993” bir yazı vardır. Vatikan nüsxəsində isə nüsxənin özündə hər hansı bir tarix yoxdur. Yalnız eyni cild içində yerləşən və özündən əvvəl gələn “Hekayəti-latifei-ucübə və mahcübei-zarifə” adlı risalənin Seyid Əhməd bin Həsən Balı adlı bir şəxs tərəfindən h.918-ci ildə (1512-1513) yazıldığı qeyd olunub. Vatikan nüsxəsindən sonrakı vərəqdə də Sunullahın[3] ölüm tarixi h.956-cı il (1549-1550) yazılıdır.

Mətnin redaktorun qeydlərində də göstərdiyimiz kimi, Vatikan nüsxəsi ilə Drezden nüsxəsi arasında bir çox kəlimə, ifadə və dil fərqləri vardır. Fəqət, bu fərqlər Vatikan nüsxəsinin sərbəst köçürmə ilə əldə edilmiş olmasından irəli gəldiyini göstərir. Yəni Vatikan nüsxəsinin katibi bu variantı yaradarkən qarşısındakı nüsxəyə tam bağlı qalmamış, onun bir çox yerini bildiyi kimi dəyişdirərək çox sərbəst köçürmə üslubunu seçmişdir. Bunu iki nüsxə arasındakı yaxınlığın əlamətləri də açıq şəkildə göstərir. Həqiqətən, Vatikan nüsxəsinin Drezden nüsxəsi ilə çox yaxından əlaqəli olduğu görünür. Nüsxələrin müqayisəsində ortaya çıxan dəlillər iki nüsxənin bir-biri ilə bağlı olduğu qənaətində şübhəyə yer qoymur. Heç olmasa, hər iki nüsxənin ortaq bir nüsxəyə istinad etdiyini qəbul etmək lazımdır. Biz daha da irəli gedərək Vatikan nüsxəsinin Drezden nüsxəsindən köçürüldüyünü iddia edə bilərik.

Əvvəla, Drezden nüsxəsində mirzənin qüsuru üzündən oxunması və başa düşülməsi çətin olan sözlərin Vatikan nüsxəsində yazılmamış olduğunu görürük. Bu cəhətdən Vatikan nüsxəsi bizə Drezden nüsxəsinin çətinliklərini başa düşməkdə gözlənildiyinin əksinə olaraq kömək edə bilməmişdir. Drezden nüsxəsinin yozması hələ mümkün olmayan sözlərini Vatikan nüsxəsində tapa bilmirik. Tapdıqlarımız da Drezden nüsxəsində olduğu kimi şübhəli və anlaşılmaz şəkildə qarşımıza çıxır. Sonra Drezden nüsxəsindəki anlaşılması rahat sadə səhvlərin Vatikan nüsxəsində də eyni ilə yazıldığını görürük. Məsələn, soluna kəlməsi hər iki nüsxədə də solına (D 124-2, V 69-8), boyuma kəlməsi hər iki nüsxədə də boynuma (D 124-6, V 69-10) olaraq eyni formada səhv yazılmış; bigler kimi yazılmalı olan Drezdendə (303-5) Begil olaraq yazılan söz, Vatikanda (99-1) Bigil olaraq yazılmış; arı sudan sözlərinin sudan hissəsi hər iki nüsxədə də düşərək yalnız arı (D 132-3, V 73-7) hissəsi qalmışdır.

Başqa bir cəhətdən Drezden nüsxəsindəki bir hərf səhvinin belə Vatikan nüsxəsinə yalnışlığa səbəb olacaq formada əks olduğunu görürük. Məsələn, Vatikan nüsxəsindəki iverürmiş (V 27-12), virürmiş (V 27-13) sözləri ivermiş və virmiş olmalı ikən Drezden nüsxəsindəki qarşılığı olan iverimiş (D 80-10,11) və ç-dən sonrakı vav-ı re-ye bənzədiyi üçün köçürürmiş olduğu hesab edilən köçürmiş (D 80-11) kəlmlərinin təsiri ilə səhv olaraq iverürmiş, virürmiş olaraq yazılmış olduğu görünür. Hələ bir söz var ki, bu söz nüsxələrin bir-biri ilə əlaqəsi cəhətindən çox inandırıcı bir vəziyyətdədir. Drezden nüsxəsində doğru olaraq maslahata (D 78-6) yazılan bu söz, son hərfi, yəni he-si sətir sonunda cədvəlin xəttinə qarışmış olduğu və ortadakı te də sonda imiş kimi yazıldığı üçün diqqətlə baxılmazsa, maslahat kimi oxunub keçilə bilər. Həqiqətən də, sözü Vatikan nüsxəsində maslahat (V26-12) kimi görürük. Bunu Drezden nüsxəsinə bağlamamağa, bu yalnışlığa Drezden nüsxəsinin səbəb olduğunu düşünməməyə imkan yoxdur. Bütün bunlar bizdə Vatikan nüsxəsinin sərbəst bir köçürmə ilə Drezden nüsxəsindən alındığı fikrini oyandırır.

Nüsxələr bəhsini burada bağlayarkən bir nöqtəyə də diqqəti cəlb edək. Rossinin çap etdirdiyi Vatikan nüsxəsinin faksimiləsində ya şəkilləri çəkilərkən və ya qəlibi hazırlanarkən aydın çıxsın deyə bir çox yerdə mürəkkəbli qələmlə mətnin üzərindən keçilmiş olduğu görünür. Bu keçmə işinin mükəmməl olmadığınıvə bəzən səhv edildiyini bidirməliyik. Məsələn, ağan (V 62-4) sözündə qayın-ın başı bağlanmış, gelüb eshab (V 66-4) sözlərində birinci sözün be-si ikinci sözün elif-inə bitişdirilmiş, kan (V 72-3) sözünün elif-i ilə nun-u birləşdirilərək kəf-əçevrilib, kaf-ın nöqtəsinin də təkləşdirildiyi üçün, söz fek şəklinə salınmış; bunlardan başqa tək nöqtə, iki nöqtə, üç nöqtə bir-birinə qarışdırılmışdır. Bu baxımdan Vatikan nüsxəsinin əlimizdəki faksimiləsi qarşısında diqqətli olmaq lazımdır.

 

Azərbaycan türkcəsində işləyəni və şərhlərin müəllifi

Dos., fil.ü.f.d. Nailə Əskər

 

[1] Akmola – 1992-1998-ci illərdə Qazaxıstanın bugünkü paytaxtı Astana şəhərinin adı.

[2] Aral dənizi və ya Aral gölü – Mərkəzi Asiyada, Qazaxıstan və Özbəkistan sərhədində axmayan göl. XX əsrin 60-cı illərindən dənizin əsas qida mənbəyi Amudərya və Sırdərya çayları idi. Suvarmada mütəmadi və rejimsiz istifadə nəticəsində dənizin səviyyəsi enməyə başladı. 1989-cu ildə dəniz iki hissəyə parçalandı – Şimali (Kiçik), Cənubi (Böyük) Aral dənizi.

[3] Sunullahın kim olması haqqında müəllifin aydın şərhi yoxdur.