Bayılda sakinlərə ev əvəzinə çadır təklif edilir… — VİDEO

Səbail Rayon İcra Hakimiyyəti zəngləri cavablandırmaq istəmir.

 Turkustan.info bildirir ki, Səbail rayonunun Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 42 ünvanında yaşayan sakinlər Sputnik Azərbaycan-a müraciət edərək problemlərini dilə gətiriblər. Sakinlərin sözlərinə görə, “Dönüş 1” MMC tikinti şirkətinin rəhbəri olan Əli Həsənov adlı iş adamının yeni bina tikmək layihəsi ətrafda yaşayan sakinlərin rahatlığını pozub. Ərazidə söküntü işləri aparıldığı üçün evləri hələ sökülməyən sakinlərin kommunal xidmətləri sıradan çıxarılıb. Dünən səhər saatlarında ərazi yaxınlığında yeni binanın bünövrəsi qazılarkən sakinlərin evlərinə gələn su borusu və qaz xətti sıradan çıxıb.

 
 “Dünən küçənin bütün su xətləri, kanalizasiya sistemi, qaz xəttini sıradan çıxarıblar. Bizim üçün burada yaşayışı dözülməz vəziyyətə gətiriblər. Ana qaz xəttini partlatdıqları üçün qaz havaya sovrulur, su yerə axır. Dünən səhər saat 6.00-dan 10.00 —ə qədər 112,104, 955, 199 və s. bütün xidmətlərə zəng etmişik. Saat 10-nun yarısı gəlib işıq və qazı bərpa ediblər. “Azərsu”-dan isə heç kim gəlmədi. Sonradan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gələrək işin dayandırılmasını tələb etdilər, ancaq iş dayandırılmadı” — deyə sakinlər bildiriblər.

Sakinlərin iddialarına görə, Səbail rayon icra başçısının müavini Abid Əliyev əraziyə gələrək bildirib ki, orada pilot layihə həyata keçirilir və prezidentin qərarına görə, ərazidəki sakinlər çadırla təmin ediləcək. İcra müavini sonra yaxın zamanlarda ərazidə çadırların qurulacağını bildirib:

 
 “Abid Əliyev gülə-gülə deyirdi ki, sizi çadırlara köçürəcəyəm. Daha sonra bizə deyirdi ki, ağzınızı yumun. Səsinizi başınıza atmayın. Sizi çadıra köçürəcəyik. Tikinti şirkətinin rəhbəri Əli Həsənov bizə deyir ki, arxamda Adil Əliyev durub, mənə heç nə edə bilməzsiniz. Dövlət də mənəm, hökumət də. Hara şikayət etsəniz, mənə gəlib çıxacaq. Söküntülərdə Azərbaycan Kikboksinq Federasiyasının üzvləri də iştirak edir. Bizə çox maraqlıdır ki, onlara bizi evlərimizdən çıxarmaq üçün qayğı göstərilir? Ayın 15-i Rüstəm Rüstəmov da burda idi”.

Sakinlər bildirir ki, məsələ ilə bağlı baş nazirin müavini Abid Şərifovun qəbulunda olublar, ancaq həmin görüş də nəticəsiz qalıb: “Prezident Aparatında da olmuşuq. Bizə bildirdilər ki, sizin razılığınız olmadan tikinti şirkəti heç nə edə bilməz. Şirkətin rəhbəri isə deyir ki, gedib aksiya keçirin, mitinq edin”.

Məsələ ilə bağlı millət vəkili Adil Əliyevlə əlaqə saxladıq. O, bu məsələyə yenidən qayıtmaq istəmədiyini bildirdi.

Səbail Rayon İcra Hakimiyyətindən isə zənglərimizə cavab verən olmadı.