Qarabağ Ermənistanı yenidən qarışdırır

Yanvarın 19-da Ermənistan paytaxtında hakimiyyət əleyhinə mitinq olacaq.Nümayiş hökumətin qiymət artımına etiraz məqsədilə keçirilir. Ermənistan KİV-ləri bildirirlər ki, istehlak mallarının qiymətinin kəskin şəkildə artması cəmiyyətdə etiraz dalğasının artmasına səbəb olub.Etiraz aksiyasının təşkilatçıları ümid edir ki, hakimiyyət nəhayət cəmiyyətin tələblərini yerinə yetirəcək.

Lakin erməni ekspertlər bu gözləntinin üzərindən xətt çəkirlər və iddia edirlər ki, Serj Sarkisyanın rəhbərlik etdiyi hökumət xalqı məhv etməyə hazırdır və hər hansı aksiya onu dayandırmayacaq.Nəzərə alsaq ki, mart ayında prezident seçkiləri keçiriləcək və hazırkı dövlət başçısı Serj Sarkisyanın səlahiyyət müddəti başa çatır, bu kimi aksiyaların davamlı olacağına şübhə yoxdur.Cəmiyyət 2008-ci ildə kütləi etirazlar altında hakimiyyətə gələn Sarkisyandan narazıdır.Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi, Rusiyadan asılılıq və ölkədə hökm sürən ağır sosial-iqtisadi böhranın baş nazir postuna iddialı olan Sarkisyana bu planını həyata keçirməyə imkan verməyə bilər.

Qarabağ məsələsi Ermənistanı iki yerə bölür

Ermənistan KİV-ləri son zamanlarda uzun illərdir Azərbaycanla bu ölkə arasında davam edən Dağlıq Qarabağ münaqişəsinin ölkə əhalisini iki yerə böldüyünü və bu münaqişəli bölgənin Azərbaycana qaytarılmasını istəyənlərin sayının çoxaldığını bildirirlər.Erməni mənbələr bildirirlər ki, son 5 ildə 15 min erməni Qarabağ məsələsinin həll edilməməsinə görə vətəndaşlıqdan imtina edib.KİV-lər vətəndaşlıqdan imtina edən ermənilərin Qarabağın Azərbaycana qaytarılmasını istədiklərini də qeyd edirlər.Bildirilir ki, təkcə 2017-ci ildə 3823 erməni ölkə vətəndaşlığından imtina edib.Ermənistan KİV-ləri yazırlar ki, ölkədən axın edənlərin böyük əksəriyyəti gənclərdir və onlar Qarabağda ölməmək üçün yeganə çıxış yolunu ölkədən qaçmaqda görürlər.

Ermənilərin informasiya mənbələri 2016-cı ildə Azərbaycanla baş vermiş döyüşlərdəki (aprel hadisələri) ağır məğlubiyyətdən sonra Qarabağın geri qaytarılmasına razılıq verənlərin sayının artdığında xüsusi diqqət edirlər və qeyd edirlər ki, bu, Ermənistanda hakimiyyət dəyişikliyinə səbəb ola biləcək prosesi ortaya çıxaracaq əsas amillərdən birinə çevrilib.

“Ermənistan yavaş-yavaş silkələnir”

Politoloq Məhəmməd Əsədullazadə “Cümhuriyət” qəzetinə açıqlamasında bildirib ki, Ermənistanın Azərbaycana qarşı işğalçı müharibəsi davam etdikcə, bu ölkədə sosia-iqtisadi vəziyyət ağır olaraq qalacaq. Politoloq qeyd edib ki, bu işğaldan qaynaqlanan iqtisadi blokada və Azərbaycanın rəsmi İrəvanı regional lahiyələrdən kənarda saxlamaq siyasəti bu ölkədə çox ciddi iqtisadi demoqrafik və iqtisadi problemlər yaradıb:

“Hesab edirəm ki, Serj Sarkisyanın hakimiyyətə gəlişindən sonra əhalinin gəlirləri əhəmiyyətli dərəcədə azalıb və ermənilər sürətlə ölkəni tərk edirlər. Hazırda bu ölkənin heç bir iqtisadi perspektivi yoxdur.Məhz Qarabağı işğal altında saxlamaq və hakimiyyətini uzatmaq məqsədilə Sarkisyanın Ermənistanın müəyyən iqtisadi infarsturukturlarını Rusiyanın inhisarına verməsi Ermənistanda ağır vəziyyət yaradıb.Baş nazir Karen Karapetyanın iqtisadi proqramları və islahat siyasəti də heç bir nəticə vermir. Hesab edirəm ki, Ermənistandakı iş yerlərində gedən kütləvi ixtisarlar, yanaqcağın qiymətinin artması, pensiya və müavinətlərin indeksləşdirilməməsi, inflyasiyanın dərinləşməsi xalq arasında Sarkisyan rejiminə qarşı kütləvi etiraz dalğası yaradıb”.

M.Əsədullazadə qeyd edib ki, yanvar ayının 19-na təyin edilmiş mitinq siyasi xarakterlidir və Sarkisyan rejiminə qarşı yönəlib:

“Hesab edirəm ki, seçkilərdən sonra səlahiyyət müddəti başa çatan və baş nazir olmaq istəyən Sarkisyana qarşı kütləvi nümayişlərin sayı artacaq. Müxalifət partiyaları bu mitinqlərə dəstək verəcək və bu baxımdan, Ermənistanda mərkəzləşmiş müxalifət alyansının formalaşması gözlənilir.Hesab edirəm ki, sosial-iqtisadi etirazlar siyasi xarakter alacaq. Bu, Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klanı”nı silkələyə bilər. Son zamanlarda Qarabağda erməni hərbçilərinin ölməsi hallarının sayının artması da prosesləri gərginləşdirəcək”.  /Cebhe.info/