TƏHLÜKƏ: Bakıda sərnişinlərlə dolu avtobus qapısı açıq hərəkət edir – VİDEO

Bu gün səhər saatlarında “Neftçilər” metrostansiyasından Yeni Günəşli qəsəbəsi istiqamətinə 50 nömrəli xətt üzrə hərəkət edən AZ 90 RO 181 dövlət nömrə nişanlı avtobusda problem yaranıb. 

Turkustan.info xəbər verir ki, təxminən 50-yə yaxın sərnişinin hərəkət etdiyi avtobus bir müddət qapısı açıq gedib. Sürücü dəfələrlə qapını bağlamağa çalışsa da, buna nail olmayıb. 

Nəticədə sərnişinlərin köməkliyilə avtobusun qapıları hər dəfə açılaraq təkrar bağlanıb. Problemlər bununla da yekunlaşmayıb. Belə ki, Yeni Günəşli qəsəbəsinin “Qartal” və “Şir” adlanan dik yoxuşdan keçərkən avtobusun hərəkətində yenidən problem yaranıb. Nəhayət, sürücü metro istiqamətində hərəkət edərkən əyləci çəkə bilməyəcəyini deyərək sərnişinləri avtobusdan düşürüb. Əks halda tələfatla nəticələnə biləcək qəza ehtimalı yüksək olub. Sərnişinlərin sözlərinə görə, təxminən 4 ilə yaxındır ki, 50 nömrəli marşrut xəttinin avtobusları bərbad vəziyyətdə sərnişindaşıma ilə məşğuldur. Bu vaxtadək dəfələrlə qəza ehtimalı yaranıb. 

Xatırlatma: 6 yanvar 2018-ci il tarixində Hövsan qəsəbəsi istiqamətində hərəkət edən 175 nömrəli avtobus qəza törətdi. Baş verən hadisədən iki gün sonra marşrut xəttinin daşıyıcıdan alınması ilə bağlı qərar verildi. Bəs görəsən, Yeni Günəşli qəsəbəsi istiqamətində gərəkət edən 50 nömrəli marşrut xətti ilə bağlı nə zaman tədbir görüləcək? Kiçik tutumlu, qapıları bağlanmayan bu avtobuslarda sərnişin sayına heç bir məhdudiyyət qoyulmur. Bu isə qəza baş verəcəyi təqdirdə tələfat ehtimalını artırır.

/Cebhe.info/