“Biz Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik” – YAP İcra katibinin müavini Siyavuş Novruzov

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş Novruzov Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsinə münasibət bildirib.

Turkustan.info xəbər verir ki, S.Novruzov “Ölkə.Az”-a açıqlamasında deyib ki, Prezidentin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili”  elan etməsi Azərbaycan dövlətinin tariximizdə oynadığı  müstəsna rolunu vurğulamaqla yanaşı, onun əsasını qoyduğu ideyaların əbədiliyinin və həmişəyaşarlılığının növbəti təsdiqidir:

“Cənab Prezident İlham Əliyev həmin iclasdakı çıxışı zamanı dediyi kimi, bu il biz müstəqilliyimizin yüz illiyini qeyd edəcəyik. Yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb. Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi. Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, hətta öz praktiki fəaliyyətində onları təmin edib”. 

S.Novruzov qeyd edib ki, indiki müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) varisidir: 

“Cənab Prezidentin də söylədiyi kimi, biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. Prezidentin qarşıya qoyduğu vəzifələr və 2018-ci ildə görülməsi nəzərdə tutulan işlər isə bir növ “Cümhuriyyət ilinə” ərmağan olacaq”.