Dəmirəlin ikinci prezidentliyinə Elçibəy mane olub? – TƏFƏRRÜAT – Özəl

“Türküstan” qəzeti baş redaktorunun müavini, siyasi ekspert Araz Aslanlı Türkiyədəki son prosesləri, xüsusilə MHP lideri Dövlət Baxçalının prezident Rəcəb Tayyib Ərdoğana dəstəyini saytımız üçün təhlil edib.

Araz Aslanlı bildirib ki, Dövlət Baxçalı MHP sədri seçildiyi günə qədərki mərhələdə də nüfuzlu və kiritik mövqeyə malik siyasətçilərdən biri olub. Amma Baxçalı MHP-ni sədri seçildiyi gündən sonrakı mərhələdə demək olar ki, bütün kritik məqamlarda son sözü deyən şəxs olub: “Müsbət ya da mənfi xüsusi bir məna yükləmək istəmirəm. Çünkü bu qərarları qəbul edənlər, dəstəkləyənlər də olub, tənqqid edənlər də. Faydalı hesab edənlər də olub, zərərli hesab edənlər də. Amma bu mübahisəsizdir ki, MHP-nin parlament seçkilərində yüksək səs toplayaraq uğur qazandığı 1999-cu ildən etibarən siyasi proseslərin əksəriyyətində məhz Baxçalının qərarları həlledici olub. Elə həmin seçkilərdən sonra formalaşacaq olan hökumətin xarakterini, potensial 5 partiya içərisində sadəcə MHP (Dövlət Baxçalı) müəyyənləşdirdi. 2000-ci ildəki prezident seçkisində Baxçalının qərarları nəticəni müəyyən etdi.

2002-ci ildə Türk siyasətində gedişatın dəyişməsində, Ədalət və İnkişaf Partiyasının (AK Parti) hakimiyyətinin başlamasında da Baxçalının fövqəladə seçkilərlə bağlı qərarı həlledici oldu.

2007-ci ildə keçirilən prezident seçkilərində yenə də son sözü MHP və Dövlət Baxçalı dedi. Nəticələri bir dəfə ləğv edilən seçkilərin Türkiyə parlamentində baş tutması məhz MHP-nin seçkilərdə iştirakı sayəsində  oldu.

2015-ci ilin iyununda keçirilən parlament seçkilərindən sonra Türkiyənin yaxın tarixinin daxili siyasət baxımından bəlkə də ən kritik qərarı yenə Baxçalı verdi. Müxalifətin hökumət qurmaq və uzun müddətdir davam edən AK Parti hakimiyyətini başa çatdırmaq imkanı məhz Baxçalı istəmədiyi üçün ortadan qalxdı. Baxçalı bu mərhələdə hətta CHP lideri Kamal Kılıçdaroğlunun baş nazir olmaq təklifini də rədd etdi. Xüsusilə bu mərhələdən sonra AK Parti hakimiyyətinin davam etməsində, 15 iyul hərbi çevriliş təşəbbüsünün uğursuzluğunun  təminində(beləliklə Türkiyənin fəlakətə sürüklənməsinin qarşısının alınmasında) Baxçalının qərarlarının və atdığı konkret addımların xüsusi rolu olduğu qeyd edilir.

Türkiyə tarixi baxımından vacib məqamlardan biri də qardaş ölkənin prezident üsul-idarəsinə keçişiylə bağlıdır. Oxuyucularımız yəqin ki, xatırlayarlar: 2015-ci ildəki parlament seçkilərindən öncə HDP-nin həmsədri Səlahəddin Dəmirtaş parlamentdəki çıxışında Ərdoğana xitabən demişdi ki, səni başkan yaptırmayacağız (xatırladaq ki, burada söhbət prezident üsul idarəsinə keçişdən və Ərdoğanın məhz yeni sistem üzrə prezident olmasından gedir). Sanki Türkiyənin daxilindəki və yaxın xaricdəki müəyyən prosesləri nəzərə alan Baxçalı isə dedi ki, səni prezident seçdirəcəyik. Bu yolda ilk maneə keçən il aşıldı. 2017-ci ilin aprelində keçirilən referendum nəticəsində Türkiyə prezident üsul-idarəsinə keçdi. 8 yanvar 2018-ci il tarixdə isə Baxçalı MHP-nin 2019-cu ildəki prezident seçkilərində ayrıca namizəd irəli sürməyəcəyini, Ərdoğanın namizədliyini dəstəkləyəcəyini elan etdi. Beləliklə növbəti mərhələ üçün Baxçalı sön sözü deməyə çalışır. Düzdür MHP əvvəlki gücündə deyil. Partiyadan ciddi ayrılıqlar olub. İYİ Partinin qurulması da proseslərə ciddi təsir edəcək. Amma yaxın tarixdə Baxçalının kritik mövqelərinin ciddi nəticələr yaratdığı reallığı da unudulmamalıdır.

Mövzu ilə bağlı adının açıqlanmasını istəməyən və Ankara uzun müddət yaşamış başqa bir mənbə isə daha maraqlı bir məlumat verdi. Mənbəmizin iddiasına görə Dövlət Baxçalı 2000-ci ildə o vaxtkı Türkiyə prezidenti Süleyman Dəmirəlin ikinci dəfə prezident seçilməsinin də qarşısını alıb. Həm də Azərbaycanın keçmiş prezidenti, milli azadlıq hərəkatınnı lideri Əbülfəz Elçibəyin istəyi ilə. Mənbəmizin iddiasına görə həmin vaxt Türkiyədəki qaydalara görə bir şəxs ard-arda iki dəfə prezident seçilə bilməzmiş. Amma o vaxtkı koalisiyalı hökumət bu qaydanı dəyişdirərək, Süleyman Dəmirəlin ikinci dəfə prezident seçilməsini təmin etmək istəyirmiş. Həmin vaxt müalicə üçün Türkiyədə olan Elçibəy Baxçalı ilə təkbətək görüşündə ondan son xahişini edib: Dəmirəlin növbəti dəfə prezident seçilməsinə imkan verməyin!

Müsahibimiz bunun səbəbləri barədə də müəyyən məlumatlara malik olduğunu, amma onları bizimlə bölüşmək istəmədiyini bildirdi. Amma xüsusi qeyd etdi ki, məhz bu xahişdən sonra Baxçalının Dəmirəl ilə bağlı mövqeyi dəyişib və beləliklə Dəmirəl növbəti dəfə prezident seçilə bilməyib.

Turkustan.info