Fazil Mustafanın yeni kitabı çapdan çıxdı

Böyük Quruluş Partiyasının sədri, fəlsəfə üzrə fəlsəfə doktoru, millət vəkili Fazil Mustafanın “İslam qorxusu və müsəlman qoxusu” adlı kitabı çapdan çıxıb.

Turkustan.info-nun xəbərinə görə, müəllifin 248 səhifəlik bu kitabına İslam dininə, onun mahiyyətinə, dini həyatın fərqli aspektlərinə aid dövri mətbuatda və elmi dərgilərdə çap olunmuş publisistik və elmi məqalələri daxil edilib.

Kitabda Azərbaycan cəmiyyətində doğru din anlayışı, xurafat və cəhaləti doğuran amillər, dini-mənəvi dəyərlərin yenidən dəyərləndirilməsi kimi mövzulara toxunulub, fərqli baxış bucağından məzhəbçilik və təriqətçilik təzahürlərinin təhlili verilib.

Kitabın redaktoru tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıldır. “İslam qorxusu və müsəlman qoxusu” Fazil Mustafanın indiyədək çap olunan 20-ci kitabıdır. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.