”Cümhuriyyət İli” kimlərin ilidir?

Ləman Məmmədova/Blogger

Artıq heç kəs tarixi fürsətini qaçırdığından şikayət etməsin!

”Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq…” demişdi bu tarixin əsasını qoyan M.Ə. Rəsulzadə. Hürriyyət elə bir məfhumdur ki, yalnızca aydınlar onun Günəşinin nə dərəcədə parlaq olacağını təxmin edə bilərdilər. Tarix elə təcəlli etdi ki, bu Günəşi elə o aydınlar doğurdu.

1918-ci il 28 May tarixində dünyaya İstiqlaliyyətini elan edən Azərbaycan Cümhuriyyəti yarandı. Üç rəngli bayraq bəzədi ölkəni və ürəkləri.

O günə qədər heç kəsin eşidib amma duymadığı qadın ”səs”ini Müsəlman Şərqində ilk dəfə Azərbaycan Cümhuriyyətinin aydınları duyurdular dünyaya. Qadınlar səsvermə haqqı qazandılar. Bu addımın özü böyük tarixin tozunu alıb onu tərtəmiz bir səhifəyə daşımaq idi. Cümhuriyyətin var olmayanı gerçəkləşdirib gələcəyə miras buraxa bilməsi idi. 

23 Ay davam edən hürr yaşamın başını qara buludlar alsa da, aydınların Günəşi tutulsa da, ikinci tarixi fürsəti dəyərləndirməyi bacardı o mirasa sahib çıxanlar.

1991-ci ilde kükrəyən meydanlar Cənubi Qafqazın aslanını geri qaytardılar. ”Qızıl” həbsdən qurtulub parlaq bir Müstəqillik qazandı Azərbaycan.

İllər keçdi. Müstəqilliyimizin qazanılmasında əməyi olan hər kəs birdən hürr olduğunu unutmağa başladı. Aydınlanmağa, maariflənməyə tərəf gedən yolçular, birdən yolunu şaşırıb bədbinləşməyə, dərrakəsini itirməyə, kütlə psixologiyasına ayaq uydurmağa və zamanının 100 addım gerisində ilərləməyə meyl saldılar.

Qalstuklu cahillər, savadsız post-modernistlər, intellektsiz teleaparıcılar, yetənəksiz modern-art-çılar, laqeyd deputatlar, ruhu yaşlanmadan intihar etmiş cavanlar, ahıl vaxtında da beyninin üfüqlərini aşmaq istəməyən yaşlılar, səssiz ama sədalı müğənnilər və s. kimi növlər çıxdı meydana.

Biz ”90-lar” da qaldıq bir ucu 1918-lə, digər ucu 2018-ə aparan əsrlərin ortasında. Və nəhayət 2018-ci ili görmək nəsib oldu.

Bu ilin dövlət səviyyəsində ”Cümhurriyyət İli” elan edildiyini oxuduğumda bir anlıq Aydınların Günəşi beynimdə bütün dünyaya işıq saldı.

Dedim ki, öz-özümə ”Budur! Artıq heç kəs tarixi fürsətini qaçırdığından şikayət etməsin!

Tarix yeni mərhələyə ”Cümhurriyyət ili” adıyla keçecekse, o zaman içindekiler de ”cümhurriyyet övladı” olaraq tehsilli, maariflənmiş, zəkasını ən böyük silahı hesab edərək qədəm qoyacaq bu yeni mərhələyə.

 ”Hürriyyət” kəliməsində hər zaman ”səmimiyyət” anlayışının da gizləndiyini hiss etmişəm. Bu il özünə qarşı səmimi olanların ilidir.

Özünə qarşı səmimi olanlar cəmiyyətin mənəvi yolunu salacaq, onu daha yüksək səviyyəyə çıxaracaq vətəndaşlardır. Haqqını-hüququnu bilən insanlardır azad insanlar, hürr insanlar. ”Gələcək nəsil” deyə ümidini bağladığı o mücərrəd nəsli yetişdirə bilən insanlardır azad insanlar.

Dünyanı qanına qəltan edənlərin üzünə mürəkkəblə tüpürməktən qorxmayan, zəka və bacarıqları sayəsində bir güllə belə istifadə etməyən sülh esgərləridir hürr insanlar.

Müasir dünyanın tələblərinə ”ayaquyduran”lardan olmaq deyil, müasirliyi ərsəyə gətirənlərdən olmaq fürsəti keçib elinizə, vətəndaşlar!

Artıq 50 il bundan qabaq öyrəndiyini tutuquşu kimi təkrarlamaq deyil, onları süzgəcdən keçirib gələcəyin tarixini yazmaq vaxtıdır.

Cümhuriyyət İlində Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzudə, Əhməd Cavad, Hüseyn Cavid və digər aydınlarımız bizi izlərkən, onların mizahını təkrarladığımızı deyil, o mizahdan arınmış və onların görməyi xeyal etdiyi bir cəmiyyət qurduğumuzu görsünlər.

Sonda da xatırladım ki, bu qədər təcrübəylə sınanan millət aciz deyil.

Tənbəlliyin daşını atıb inkişaf etməkdə sürətini azaltmayan dünyaya biz də öz tövhəmizi verməyə davam edək.

Güclü olub cümhurriyyətini qorumaq istəyən vətəndaş, öncə özünü gücləndirməlidir.

Ev, torpaq, maşın, i-phone alaraq deyil ha, i-phonu da, maşını da özü istehsal edəbiləcək mütəxəssislər yetişdirərək.

Torpağı sadəcə bina inşa etmək üçün deyil ha, onun tərkibini zənginləşdirib təbii məhsullarla sağlam gənclik yetişdirərək.

Hürr vətəndaş, dünyanın, insanlığın dostudur. Həmrəy və müstəqildir.

Fərd kimi kamilləşib millətin tərkibini təşkil edən insanlar olaq.

Biz tarix boyu dosta da, düşmənə də qucağımızı açdıq. Artıq beynimizin gücünü də hər kəsə sübut etməliyik.

”Cümhurriyyet İli” kimlərin ilidir demişdik?

Tarixdən dərs alıb gələcək üçün konkret addım atanların ilidir.

 Fəqət heç bir halda, riyakarlığından ödün verməyənlərin ili deyil.