Bakını ayağa qaldıran “avtoş” belə yaxalandı – “Naz Lifan”la görün nələr edir – VİDEO

Ramin Ağasıyev “malyar” işləyir, atası, anası, bacısı xəstədir, özü isə “avtoş”…

Yanvarın 21-də səhər saatlarında Bakıda avtoxuliqanlıq edən sürücünün saxlanılması ilə bağlı yeni faktlar ortaya çıxıb.

Turkustan.info bildirir ki, Avtosfer.az-ın apardığı araşdırma zamanı məlum olub ki, həmin sürücünü heç də Yol Patrul Xidmətinin 23 avtomobili təqib etməyib. 90-UR-366 dövlət qeydiyyat nişanlı “Naz Lifan” markalı avtomobili 33 yaşlı Ağasıyev Ramin Niyazə oğlu idarə etsə də, həmin nəqliyyat vasitəsi dövlət tərəfindən Məmmədov Zaur Səxavət oğluna verilib. Lakin Ramin Ağasıyev avtomobili dostu Zaur Məmmədovdan götürərək nömrələrini çıxarıb və Bakı şəhərində idarə etməyə başlayıb.

Nömrənin yerində olmadığını görən yol polisi əməkdaşları ona əvvəlvə Yasamal rayonu ərazisində “saxla” işarəsi veriblər. Lakin avtomobildə özü ilə yanaşı 3 dostu da olan sürücü qaçmağa başlayıb. Yol polisləri onu təhlükəsizlik qaydalarına uyğun şəkildə təqdib ediblər. Sürücü olduqca təhlükəli manevrlər edib, maşını yol polisi avtomobillərinin, həmçinin yol polisi əməkdaşlarının üstünə sürərək hərəkəti davam etdirib. Hətta bir neçə dəfə qəza şəraiti yaradan sürücü saxlanılarkən qəza törədib və “Naz Lifan”ın ön tərəfini səkiyə çırpıb.

Şəhərin mərkəzi küçələrində təhlükəli vəziyyət yaradan “avtoş”u yol polisləri kənara çıxarıblar. DYP əməkdaşları onu məqsədli şəkildə mərkəzi küçələrdən kənarlaşdıraraq Nobel prospektinə istiqamətləndiriblər. Burada isə süni sıxlıq yaradaraq maşını dayandırıblar. Sürücü maşından düşüb qaçmağa çalışsa da, buna imkan verilməyib. Yol polisləri tərəfindən saxlanılan sürücü toplanmış materiallarla bilrikdə Səbail rayon Polis İdarəsinə təhvil verilib. Burada aparılan araşdırma zamanı məlum olub ki, Ramin Ağasiyevin sürücülük vəsiqəsi yoxdur. Avtomobil rəngsazı kimi çalışan Raminin anası və atası, eləcə də bir bacısı xəstədir. Bütün bunları nəzərə alan Səbail rayon Məhkəməsi ona 30 gün inzibati həbs cəzası verib.

Bakı şəhər DYP-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, avtoxuliqanlıq edən Ramin Ağasıyevin saxlanılması üçün 3 kəsişmədə ayrı-ayrı avtomobillərdə xidmət aparan yol polisi əməkdaşları tərəfindən “saxla” işarəsi verilib. Lakin sürücü qanuna tabe olmayaraq qaçıb. Nəhayət, 3 patrul maşını tərəfindən təqib olunan “Naz Lifan” Nobel prospektində süni sıxlıq yaradılmaqla saxlanılıb.

Ramin Ağasıyev hazırda Daxili İşlər Nazirliyinin İnzibati həbs olunanların saxlanılma məntəqəsində cəzasını çəkir.