Dizelin qiyməti ilə bağlı GÖZLƏNTİ: Nə olacaq?

Azərbaycan dünyada dizel yanacağının qiyməti ən aşağı olan ölkələr sırasındadır. Həftəlik yenilənən “Global petrol prices” saytında əks olunan göstəricilərə əsasən bu nəticə əldə edilib. Belə ki, ən son göstəricilərə görə, Azərbaycan dizel yanacağının qiyməti ən aşağı olan ölkələr sırasında 8-cidir. 

Maraqlıdır, Azərbaycanda yaxın vaxtlarda dizelin qiyməti qalxa bilərmi?

Turkustan.info bildirir ki, İqtisadçı-ekspert Akif Nəsirli Cebhe.info-ya açıqlamasında bu ehtimalın nə dərəcədə real ola biləcəyindən danışıb:

“Ekspertlər adətən dövlət tərəfindən mütəmadi müdaxilə edilməyən, idarə edilməyən bazar münasibətləri ilə formalaşan bir sahədə daha asan proqnoz verə bilirlər. Aydındır ki, həmin məsələlər iqtisadi proseslərin təsiri altında formalaşır. Dizel yanacağının qiyməti isə dövlət tərəfindən tənzimlənir. Tarif Şurasının vasitəsilə hökumət bu qiyməti qaldıra da bilər, aşağı da sala bilər”. 

A.Nəsirli hazırkı reallıqda dizelin qiymətinin qaldırılmasının hökumətin siyasətinə uyğun olub-olmaması məsələsinə toxunub: 

“Bu, ölkədə gedən iqtisadi proseslərin təsiri altında deyil, dövlət qərarı ilə tənzimlənir. Bu gün hökumət kənd təsərrüfatını prioritet sahə kimi seçibsə, belə şəraitdə dizel yanacağın qiymətinin qalxması absurddur. Hətta, digər yanacaq növlərinin qiymətinin qaldırılması bizim hökumətin siyasətinə müvafiq deyil. Bu səbəbdən düşünürəm ki, yaxın illərdə dizelin qiymətinin qalxması ilə bağlı qərar verilməyəcək”. 

Qeyd edək ki, Azərbaycanda dizel yanacağının 1 litrinin qiyməti 60 qəpik, dünyada isə dizelin orta qiyməti 1,03 dollar (1.75 AzN) təşkil edir.