Milyonlarla manat zərərlə işləyən “Muğan Bank” necə rəqabətə davam gətirir? – İqtisadçıdan CAVAB

“Muğan Bank” 2017-ci ili 6,341 milyon manat xalis zərərlə başa vurub. “Renkinq”in məlumatına görə, bankın maliyyə hesabatında 2017-ci il il ilə müqayisədə 2016-cı ili 54,7% daha az zərərlə başa vurub. Bu barədə fins.az saytı məlumat yayıb.

Ötən il “Muğan Bank”ın faiz gəlirləri 42,812 milyon manat, faiz xərcləri 16,193 milyon manat, qeyri-faiz gəlirləri 10,897 milyon manat, qeyri-faiz xərcləri 24,844 milyon manat, xüsusi ehtiyatlara ayırmaları isə 19,013 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə “Muğan Bank”ın aktivləri 480,177 milyon manat olub ki, bu da illik müqayisədə 2% çoxdur. Bunun 349,071 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2017-ci ildə Bankın kredit portfeli 0,9% böyüyüb.

Hesabat dövründə “Muğan Bank”ın öhdəlikləri 0,9% artaraq 411,16 milyon manat olub. Bunun 201,754 milyon manatı müştərilərdən alınmış depozitlərdir. Ötən il bankın depozit portfeli 5% böyüyüb.

İl ərzində “Muğan Bank”ın balans kapitalı 9,1% artaraq 69,017 milyon manata, nizamnamə kapitalı isə 13,3% artaraq 85 milyon manata çatıb.

Maraqlıdır, 2 ildir zərərlə işləyən bank bazarda necə rəqabətə davam gətirə bilər?

İqtisadçı-alim Vüqar Bayramov Cebhe.info-ya açıqlamasında bu haqda danışıb. 

Vüqar Bayramov Muğan Bank

Bankın mənffətlə işləməsi daha məqsədəuyğun və vacib olduğunu deyən V.Bayramovun sözlərinə görə, bu zaman istənilən qurum bazarda daha uzunmüddətli fəaliyyət göstərə bilir: 

“Bu zaman bankın rekvizitliyini də təmin etmək mümkündür. Lakin bankın zərərlə işləməsi heç də o anlama gəlmir ki, onun lisenziyasını ləğv etmək lazımdır. Bank funksiyalarını, məcburi kapitalla bağlı öhdəliklərini yerinə yetirə bilmədikdə onun lisenziyasını ləğv etməklə bağlı qərar qəbul edilə bilər. Həmçinin əmanətlərin qaytarılması ilə bağlı problem varsa, hesabatlılıq yoxdursa, daimi olaraq hesabatlar ictimaiyyətə təqdim olunmursa, bu halda hər hansı bankın lisenziyasının ləğv edilməsi məsələsi gündəmə gələ bilər. Lakin sözügedən bankın da monitorinqinin aparılmasına ehtiyac var. Eyni zamanda bankın digər öhdəliklərinin necə yerinə yetirməsi araşdırılmalıdır. Bankların sağlamlaşdırılması ilə bağlı ayrıca proqramın işlənməsinə ehtiyac var”. 

V.Bayramov bildirib ki, bankların müflis elan edilməsi yolu ilə problemdən çıxış, arzuolunan addım deyil: “Bankların birləşdirilməsi, sağlamlaşdırılması daha məqsədəuyğundur”.