Mahnı yelkəninə çevrilən şair – İslam Səfərli 95

Ziyalı timsalında el özünün zehni, mənəvi varlığının gerçəkliyini, öz ideallarının carçısını görür. Əsl ziyalılara həmişə ehtiram, qayğı bəsləyir, onlara güvənir. Müasir dünyada öz milli mövqeyini dərk etməkdə onlara hərəkətverici qüvvə kimi baxır. Ziyalı adını ləyaqətlə daşıyanlar  isə elin etibarını, ümidini  doğrultmağı  müqəddəs borc sayırlar. Böyük  insan, dramaturq  nəğməkar şair, içtimai xadim İslam Səfərli onların önündə olan şəxsiyyətlərdəndir. Şairin yaradıcılığı  çoxşaxəlidir. Vətənin, xalqın, milli dəyərlərimizin, təbiət gözəlliklərinin, hətta gülün-çiçəyin belə tərənnümü özünəməxsus yer tutur. Sənətdə  sehrli nə varsa, intuisiyanın gözlənilməz  kəşflərindən doğur.  Kimin intiusiyası laldırsa, o nə sənətin dilini bilər, nə sənət dilində yaradar. El dilinin saf şeiriyyətinə sahib olanlar poeziyasını bir poeziya kimi başqalarına çatdırırlar. Yalnız  sözün  duruluğunda  nəcib duyğuların  işığı könül oxşayır. Sözdə  hisslərinin, fikrin vəznini artırmaq istəyənlərin meyarı-təbii sadəlikdir. Elə burada şairin sözünün sehrini, əfsunlayıcı təsirinin sirlərini görürük.

Nəğməkar şair İslam Səfərlinin   95 illik yubileyi qeyd olunur.İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır.1930-1937-ci illər Şəkərabad kənd yeddi illik  məktəbi oxumuş, 1938-1941-ci illər Naxçıvan şəhər 1-li orta məktəbdə təhsilini davam etdirmişdi. 1941-ci il Böyük Vətən müharibəsi başlananda könüllü cəbhəyə getmişdi. 416-cı Azərbaycan Taqanroq diviziyasında kəşfiyyatçı olmuşdur. 1945-ci ildə ordudan tərxis olunması  haqqında əmr verilmişdir. 1945-1946-cı illər “Şərq qapısı” qazetində ədəbi işçi, Naxçıvan Radio Komitəsinin əməkdaşı, eyni zamanda “Azərbaycan gəncləri” qəzetinin M.R. üzrə xüsusi müxbiri olmuşdur. 1946-1951-ci illər Bakı Dövlət Universitetinin “Fiologiya” fakultəsində təhsil almış, 1948-ci ildə ailə qurmuşdur. (3övlad atası). 1951-1952-ci illər “Ədəbiyyat” qazetində incəsənət şöbəsinin müdiri. 1953-1959-cu illər Azərbaycan radio idarəsinin müxbiri, ədəbi dram şöbəsinin müdiri, 1959-1973-cü illər Azərbaycan Yazıçılar İttifaqının poeziya və dramaturqiya şöbəsinin konsultantı, 1973-cü il 21 mart Azərbaycan SSR Ali Sovet Rəyasət Heyətinin fərmanı ilə “Əməkdar İncəsənət Xadimi” adına layiq görülmüşdür. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı “Ordumuza ithaf ”, “Ədəbi gənclik”, “Onüçlər”, “Əmin ol ata!”, “Qoşa söyüd”, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi “Təzə çiçəklər”, “Üçüncü hərb istəmirik” və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. “Sınaq gecəsi”, Çex qızının məhəbbəti, “Yaralı nəğmə”, “Qığılcım”, “Fırtınalar adası”, “Dəfinə”, “Ələsgər”, “Birinci katib”, “İnsan ləpiri”, “İki bacı”, “Qeyrət qapısı”, “Abşeron yatağı” və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu.İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır.

İslam Səfərlinin adını əbədiləşdirmək məqsədi ilə Xəzər dənizində üzən gəmilərin birinə “İslam Səfərli” adı verilib, Bakının mərkəzi küçələrindən biri şairin adını daşıyır, Bakıda yaşadığı binaya (Həsən Seyidbəyli, 30) onun barelyefi-xatirə lövhəsi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə onun adı verilib.

İslam Səfərlinin 18 kitabı işıq üzü görüb. Şair 6 noyabr 1974-cü ildə uzun sürən xəstəlikdən sonra əbədiyyətə qovuşub və Fəxri Xiyabanda dəfn olunub.

İslam Səfərli  ədəbi zirvələrdən biridir.  Onun haqqında çox yazılıb və bundan sonra da yazılacaqdır. İllər keçdikcə bu böyük beynəlmiləlçi şairə məxsus yeni insani keyfiyyətlər aşkar olunur.

XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan İslam Səfərli (1923-1974) şeirlərini əsasən heca vəznində yazmış, hətta “Heca vəznliyəm mən” adlı ayrıca bir şeirində bu vəznə sədaqətini xüsusi vurğu ilə bəyan etmişdir. Şairə görə, Molla Pənah Vaqifin, Aşıq Ələsgərin Azərbaycan şeirinin “qoca vəzni” olan hecada yazdıqları şeirlər əbədi olaraq qalan “el malı” na çevrilmişdir. İslam Səfərli həmin şeirlə ümumilikdə “Azərbaycan şeirinin ahəngi adlandırdığı” heca vəznli şeirin və bu vəzndə XX əsrdə dillər əzbəri olan poeziya nümunələrini yaratmış Səməd Vurğun məktəbi ənənəsinin əbədiliyinə inamını ifadə etmişdir. İslam Səfərlinin ədəbi aləmdə ilk addımlarını atmasında və tanıdılmasında da xalq şairi Səməd Vurğunun böyük rolu olmuşdur.

Müşahidə olunan əsas cəhət bundan ibarətdir ki, İslam Səfərli yaradıcılığında romantik pafosdan, ümumi tərənnümdən lirizmə keçid çox da uzun sürməyən qısa müddət ərzində baş vermişdir. Doğrudur, romantik meyilli tərənnümçülük şairin yaradıcılığının bütün dövrlərində müşahidə olunur. Fikrimizcə, bu, həm də onun yaşadığı epoxanın özünün ideoloji pafosundan doğur. Cəmiyyətin tələbindən gələn sosial sifarişin ifadəsi olaraq yazılan şeirlərin pafos olmadan o dövrün ədəbi-ictimai mühiti səviyyəsinə çıxarılması çətin idi. Lakin İslam Səfərlinin yaradıcılığında həmin qəbildən olan şeirlər ön mövqedə görünsə də, çoxluq təşkil etməmişdir. İctimai məzmunlu romantik pafosla ifadə olunan şeirləri ilə ədəbi mühitdə “sayrışan ulduzlar” kimi zəruri məqamlarda ara-sıra görünən İslam Səfərli üstünlük verdiyi lirik şeirlərini yazmağa rahat bir imkan formalaşdıra bilmişdir. O, içtimai mühitdə ümumi tərənnümdən doğan romantik pafoslu şeirləri ilə iştirak etmiş, ədəbi aləmdə isə nəğmə təsiri bağışlayan yaddaqalan, təbii və təsirli lirika nümunələri ilə dərin izlər salmışdır. Xüsusən, şəxsiyyətə pərəstiş dövrünün cəmiyyətdə aradan qalxması, siyasi iqlimin yumşalması İslam Səfərlinin yaradıcılığındakı lirizm meyillərinin sürətlə inkişaf etməsinə böyük təkan vermişdir. Beləliklə, XX əsrin əllinci illərinin ikinci yarısından etibarən İslam Səfərlinin yaradıcılığında lirizm qüvvətlənmiş, lirika üstünlük təşkil etmişdir.

Hər bir sənətkar öz yaradıçılığı ilə özünə abidə qoyur. Əlbəttə, qranitdən və mərmərdən daha çox xatirələrdə, yaddaşlarda bu abidəni yaradır. Ürəklərimizdə yaranan belə abidələrdən biri də İslam Səfərli abidəsidir. O, cəmi 52 il yaşadı. Fevralda dünyaya gəldi, noyabrda-soyuq payız günlərinin birində dünyadan köçdü. Lakin ömrünün uzun və qısalığı əsas şərt deyil, elə 52 illik bir ömür də bir insanı yaddaşlarda yaşatmaq üçün kifayət edər. İslam Səfərli 1974-cü ildə vəfat edib, ancaq onu  vəfatından keçən bu illər ərzində həmişə xatırlanıb. Yurdun hər bir guşəsində “İslam Səfərli” adı gələndə təbəssümlə yada salırlar onu. Bu təbəssüm İslam Səfərlinin sənətkar  ömrünün yaşantılardır ki, üzlərə, gözlərə çilənib. Onu yaddaşlara daim həkk edən onun şəxsiyyəti ilə birgə onun ölməz əsərləridir.

İslam Səfərlinin  şeirləri o qədər isti, hərarətli, lirik qəhrəmanı o qədər özünəməxsus, hətta özüdür ki, yaxşı mənada təəccüblənməmək əldə deyil.

Allı-güllü, şirin dilli qafiyələrlə Vətən-vətəndaş gözəlliklərinə valeh olub qoşmaladığın dövrünün, müstər-müstəmləkə dinənin müstəqil bugünləri, azad sabahları qutlu, Azərbaycan oğlu! Peşində olduğun Turan soydaşlarının hüsnlərinə aşiq olub bəndlərə vurduğun misraların bir-birinə bənd edəcəyi sabahların sevincli, türk balası!..

“Bir dön geri,

Tale pərim…”

Nazəndə yüzlərlə poetik xitablarından biri…

Elə ruhun da, nəğmələrin də gəlsin bəri, mənən canlı, diri şair!..

Qolları daim Vətənə açıq, şəhd-şəkər dil-üslubu ədəbiyyatımıza yaraşıq sənətkar…

İslam Səfərli Azərbaycan poeziyasında həm də Naxçıvan şeir silsiləsinin görkəmli yaradıcısı kimi qəbul olunur. Tərəddüd etmədən demək olar ki, son yarım əsrdən artıq dövrdə ayrı-ayrı şairlər tərəfindən Naxçıvan mövzusunda bir neçə fərqli uğurlu bədii nümunənin yaradılmasına baxmayaraq, şeirimizdə Naxçıvan silsiləsinin yaradılmasında İslam Səfərli birinciliyi və ən uca zirvəni fəth etmiş sənətkar olaraq qalır. İslam Səfərlinin Naxçıvan mövzusunda yazılmış iyirmidən çox şeirində Azərbaycanın ayrılmaz parçası olan bu ecazkar yurdun özünəməxsusluqları bütün incəlikləri və dərin mənaları ilə yüksək poetik səviyyədə, orijinal bədii vasitələrlə əks etdirilmişdir. İslam Səfərli üçün ata-baba yurdu Naxçıvan ilk dəfə rübabını kökləməyə başladığı, ona ilham bəxş etmiş Nəqşi-Cahandır. Şair bütün ruhu ilə bu torpağa bağlıdır, ömrü boyu bu torpaqda kəsdiyi duz-çörəkdən qüvvət almışdır. Naxçıvanın Azərbaycanın tarixində və taleyindəki yeri və mövqeyi, diyarın yetirmələrinin xidmətləri, bu coğrafiyanın insanlarının “düz ilqarlı” möhkəm mənəvi dəyərləri, “od çaxarlı” təbiəti İslam Səfərlinin Naxçıvannaməsində bütün təbiiliyi və daşıdığı mənaları ilə bir yerdə ilhamla vəsf olunmuşdur. Fikrimizcə, İslam Səfərlinin yarım əsr bundan əvvəl yazılmış “Naxçıvanım” şeiri Azərbaycan şeirinin Naxçıvannaməsinin dəyirman daşı olaraq “işini” davam etdirir. Hətta həmin mövzuda yazılmış ən yaxşı şeirlər də bu dəyirman daşının pəri ətrafında fırlanmaqdadır. Hələ ki, şeirimiz Xəzər mövzusunda olduğu kimi, Naxçıvan mövzusunda da İslam Səfərli zirvəsini aşa bilməmişdir. Bütün bunlara görə, İslam Səfərlinin “Naxçıvanım” şeiri Azərbaycan şeirində Naxçıvanın poetik pasportu olaraq yaşayır.  Məşhur mərcan gözlü Batabat yaylağı haqqında da ən əlçatmaz şeir İslam Səfərli tərəfindən yazılmışdır. Bu, Batabat haqqında şeirdən çox, şeirdə Batabatın özüdür:

Bulaqların bir səmtədir axarı,

Salvartının xoş görünür baxarı,

Biçənəkdən at səyirdib yuxarı

Yalmanına yata-yata gəlmişəm,

Mərcan gözlü Batabata gəlmişəm.

Naxçıvan torpağının vurğunu olan İslam Səfərlinin bu mövzuda yazılmış şeirləri sırasında “Naxçıvan yadigarı” nın xüsusi yeri vardır. “Naxçıvan yadigarı” adlı mənzərələr silsiləsinin dahi yaradıcısı Bəhruz Kəngərliyə həsr olunmuş bu şeirlə İslam Səfərli özü də doğma diyar haqqında mənalı bir şeir tablosu yaratmışdır. “Naxçıvan yadigarı” şeirində o, geniş mənada Naxçıvan diyarının ümumiləşmiş poetik ponoramını rəsm etməyə müvəffəq olmuşdur. Bu şeir həm də İslam Səfərlinin şair-rəssam kimi də böyük istedadını meydana qoyur.

Bütövlükdə İslam Səfərli ana Vətənin hər qarışını ürəkdən sevmiş, Vətən mülkünün cazibədar poetik panoramını yaratmaq yollarında ilhamla qələm çalmışdır. Şairin yaradıcılığında ölkəmizin ayrı-ayrı guşələrindən hər birinin mahiyyətini açan, mənasını, gözəlliyini, funksiyasını təqdim edən şeir çələngi formalaşmışdır.

İslam Səfərli “Dəlidağın ətəyində göz açan, Kəlbəcərdə ləpir salıb iz açan” İstisunu, Bakının “Döşündə bir nişan kimi” parlayan Abşeronu, “Kərpici xallı qalın divarlardan hörülmüş” Gəncəni, “Fateh İskəndəri kəməndə salmış” Bərdəni, “Abşeronun gözlərində bir sürmə”, “atəşgahlar yeri” Suraxanını, “Meyvəsi ulduz sanır” Qubanı, Muğanı “al qumaşa bürüyən” Mingəçevir dənizini, “meşəli sahilləri” Nabranı heç bir şairə bənzəmədən böyük ilhamla tərənnüm etmişdir. Şairin “Bilgəh bağları” şeirində görkəmli fırça ustaları Səttar Bəhlulzadənin, Tahir Salahovun Abşeron rəsmləri ilə yanaşı, dayana bilən şairanə lövhələr vardır. İslam Səfərli Azərbaycan torpağının nəğməkarı, Naxçıvanın vurğunu, Xəzərin Məcnunu idi.

Məlum olduğu kimi, İslam Səfərli, sözün böyük mənasında, nəğməkar şairdir. Azərbaycan poeziyasında sözlərinə ən çox mahnılar bəstələnmiş şairlərdən biri də İslam Səfərlidir. İslam Səfərlinin şeirlərinin böyük əksəriyyəti poetik və ahəngdardır, musiqiyə yatımlıdır. Musiqi, mahnı İslam Səfərlinin şeirlərinin ritmində, ahəngində çağlayır. Azərbaycanın görkəmli bəstəkarları – Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev, Arif Məlikov, Səid Rüstəmov, Şəfiqə Axundova, Ramiz Mirişli, Emin Sabitoğlu, Nəriman Məmmədov, Tamilla Məmmədzadə və başqaları İslam Səfərlinin şeirlərinə yaddaqalan mahnılar bəstələmişlər. İslam Səfərlinin sözlərinə yazılmış “Ana”, “Bakı, sabahın xeyir” “Pıçıldaşın, ləpələr”, “Dan ulduzu, bir də mən”, “Nə vaxta qaldı”, “Ağ şanı, qara şanı”, “Şəhla gözlüm”, “Qonaq gəl bizə”  və sair mahnılar yarandıqları vaxtdan indiyədək yarım əsrdən çoxdur ki, ifa olunmaqda davam edir. Şairin bir çox mahnıları Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin Qızıl fondunu təşkil edən əsərlərin sırasındadır. Analar haqqında çoxlu şeirlər və mahnılar yazılsa da, İslam Səfərlinin sözlərinə görkəmli bəstəkar Cahangir Cahangirovun yazdığı “Ana” mahnısı böyük müğənni Rəşid Behbudovun ifasında anaların laylası qədər həzin və mənalı səslənir:

Gözümün nuru, canım ana,

Böyütdün sən bizi yana-yana.

Odlusan gün kimi, bir qaynar həyat kimi,

Borcluyam mən sənə, sənə bir övlad kimi.

İslam Səfərlinin şeirlərində xəlqilik düşüncəsini daha da dərinləşdirmişdir. Bu cəhətdən, layla janrından yaradıcı istifadə onun şeirlərinin xalq ədəbiyyatı ənənələri ilə qaynayıb-qarışmasına daha geniş imkan yaratmışdır. Layla janrının imkanları İslam Səfərlinin şeirlərinin musiqiyə yatımlığını da qüvvətləndirmişdir. Onun bir sıra şeirlərinin ahəngində layla ritmi var. İslam Səfərlinin “Laylay” şeiri şifahi xalq ədəbiyyatındakı laylalar qədər sadə, aydın və təsirlidir. “Dan ulduzu, bir də mən” şeiri layla haqqında layladır.

Bu şeirlərin mahiyyətindəki romantika, dərin lirizm, axıcılıq musiqi kimi səslənir. Fikrimizcə, İslam Səfərli təkcə nəğməkar deyil, həm də bəstəkar şairdir. Bəstəkarlarımız onun şeirlərinə mahnı bəstələməkdə xüsusi bir çətinlik çəkməmişlər. Bu şeirlərin bətnində, cövhərində lirik bir mahnı çağlayır.

Azərbaycan poeziyasında vəznli sərbəst şeirlərin yaradılmasında İslam Səfərlinin böyük xidmətləri vardır. Onun “Azərbaycanım”, “Üçüncü hərb istəmirik” şeirləri ahəngi, qafiyələndirmə sisteminə görə sərbəst şeirdən çox heca vəzninə uyğundur. “Səslər zirvəsi”, “Oxu, Rəşidim, oxu!”, “Meşəli sahillər” İslam Səfərliyə məxsus vəznli sərbəst şeirlərdir. Dünya şöhrətli sənətkarlar Qara Qarayevə həsr olunmuş “Səslər zirvəsi”, Rəşid Behbudov haqqında yazılmış “Oxu, Rəşidim, oxu!” şeirlərində bu böyük şəxsiyyətlərin sənətinin fərdi xüsusiyyətlərini əks etdirən ritmdən, səciyyəvi ifadələrdən yaradıcılıqla istifadə olunmuş, hətta səslərin seçilməsinə də xüsusi diqqət yetirilmişdir.

İslam Səfərlinin vəznli sərbəst şeirləri heca vəzni daxilində müəyyən sərbəstliyə imkan yaradan poetik nümunələrdir. Bu isə öz növbəsində onun heca vəznli şeirdə formal tələblər naminə artıq sözlər işlətməkdən qaça bilməsinə, fikri, obrazı bir qədər də sərbəst ifadə etməsinə meydan açmışdır. İslam Səfərlinin yaşayıb-yaratdığı dövrdə vəznli sərbəst şeir Azərbaycan şeirinin yeni bir hadisəsi idi. Bu mənada, İslam Səfərli XX əsr Azərbaycan vəznli sərbəst şeirinin əsas yaradıcılarından biridir. İslam Səfərlinin və müasirlərinin vəznli sərbəst şeirləri XX əsrin altmış-yetmişinci illərində Azərbaycan poeziyasında heca vəzninin və sərbəst şeirin rəqabət dövrünün yenidən meydana çıxarıb gündəmə gətirdiyi ədəbi hadisələrdən biri idi. Şeirimizdə vəznli sərbəst şeirin əvvəldən az nəzərəçarpan müəyyən ənənəsi olsa da, yeni dövrdə bu qarışıq vəznin meydanının daha da genişlənməsi və təkmilləşməsi poeziyamızda novatorluğun təzahürlərindən biri idi. İslam Səfərli yeni dövr Azərbaycan vəznli sərbəst şeirinin poeziyada keyfiyyət göstəricisinə çevrilməsində mühüm rol oynamışdır.

Şeir həyatiliyi sevir. Realizm şeirin canıdır. İslam Səfərli  öz kitabında bu  prinsipə əməl etməyə çalmışdır.

Qırçın-qırçın göy ləpələr,

Nə xəfifdir, nə incədir,

Onu şeirə çəkmək olmaz,

O ən zərif düşüncədir.

50-60-cı illərin poeziyasında İslam Səfərli nin bir şair kimi öz yeri, öz mevqeyi vardır. O, öz şair adını və şəxsiyyətini şeirlərində tam ifadə etmişdi. Onun gözəl, lirik şeirləri ilə yanaşı, “Sınaq gecəsi”, “Yaralı nəğmə”, “Birinci kitab”, “Dəfinə” və s. poemalarıda olmuşdur.  Onun  yaradıcılığında baş mövzu şübhəsiz ki, Azərbaycan idi. Bu mövzuya yazdığı şeirlərin bir çoxu ola bilsin ki, indiki ədəbi meyar və ölçülərlə yanaaşşsaq, bir qədər zərifvə solğun təsir bağışlasın, amma bütünlükdə bu şeirlərin hamısına xas olan bu cəhəti xüsusi vurğulamaq lazımdır-o da səmimiyyət idi. Şeirlərinin birində yazırdı:

“Bağrıma basmışam Azərbaycanı. Araz bir qolumdur-Kür bir qolumdur”.

Sinən bir ağ gümüşdü, gümüşdü,

Gözüm könlünə düşdü, nə düşdü,

Sahilində işıqlar qızıldı,

Yel dəydi, göy köynəyin sızıldı,

Suların çin-çin oldu, Xəzərim,

Ləpən göyərçin oldu, Xəzərim…

Dramaturgiya ilə də ardıcıl məşğul olan və “Dar ağacı”, “Ana ürəyi”, “Yol ayrıcında”, “Yadigar”, “Xeyir və şər” dramlarını, “Qayın arvadı, xayın arvadı” komediyasını və bir çox radiopyeslər yazmış İslam Səfərli bu sahədə də özünəməxsus iz buraxmışdır. Xüsusən, İslam Səfərlinin “Göz həkimi” pyesi uzun müddət Azərbaycan teatrlarının repertuarında mühüm yer tutumuş, müəllifinə ədəbiyyat və mədəniyyət aləmində böyük nüfuz qazandırmışdır. “Göz həkimi” dramı XX əsrin ikinci yarısı Azərbaycan dramaturgiyasının qiymətli nümunələrindən biridir. Öz dövrü üçün aktual səslənən “Göz həkimi” pyesi güclü müasirlik imkanlarına malik olan əsər kimi yeni epoxada da əhəmiyyətini saxlayır.

Qısa və mənalı ömür yaşayan, 30 ildən çox “əldə qələm, dizdə varaq” bədii yaradıcılıqla məşğul olmuş İslam Səfərli Azərbaycanı tükənməz ilhamla tərənnüm etmişdir. Azərbaycan İslam Səfərli şeirinin canı-cövhəri, baş mövzusu, şərəfi-şöhrətidir. Azərbaycan İslam Səfərlinin böyük Vətən eşqinin möhtəşəm poetik çələngidir:

Əlvan naxışlısan, doğma məkanım,

Sənə qurban canım, Azərbaycanım!

Nəğməkar şairin şeirləri və mahnıları ölkəmizin bu gününün və sabahının əsərləri kimi yaşayır. İslam Səfərli  əsl vətəndaş idi, vətənpərvər, yurdunu sevən idi.  Azərbaycanı canından da çox sevən şair Qarabağı Azərbaycanın tacı hesab edirdi:

Mənim də boş yerə sözüm olmayıb,

qəlbinə  dəymədim

əsla bir kəsin.

Özgə torpağında gözüm olmayıb,

Ana torpağıma  göz dikilməsin!

Əmr  et! Keşiyində mətin dayanım,

Sənə nənəm qurban, Azərbaycanım!

İ.Səfərlinin  illər əvvəl qələmə aldığı şeir elə bil bugün yazılıb. Sanki  naxələf qonşularımızın son 20 ildə şəhər və kəndlərimizi viran qoymasına, körpələri və qocaları min bir işgəncə ilə qətlə yetirməsinə şairin nifrətini, doğma Azərbaycana sevgisini ifadə edir.

Məlum olduğu kimi, İslam Səfərli  sözün böyük mənasında nəğməkar şairdir. Azərbaycan poeziyasında sözlərinə ən çox mahnı bəstələnmiş şairlərdən biri də İslam Səfərlidir. İslam Səfərlinin şeirləinin  böyük əksəriyyəti poetik və ahəngdardır, musiqiyə yatımlıdır. Musiqi, mahnı  İslam Səfərlinin şeirlərinin ritmində, ahəngində çağlayır. Azərbaycanın görkəmli bəstəkarları-Niyazi, Cahangir Cahangirov, Tofiq Quliyev,  Arif Məlikov, Səid Rüstəmov, Şəfiqə Axundova, Ramiz Mirişli, Emin sabitoğlu, Tamilla Məmmədzadə, Nəriman Məmmədovvə başqaları İslam Səfərlinin şeirlərinin yaddaqalan mahnılar bəstələmişlər. Şairin bir çox mahnıları Azərbaycan musiqi mədəniyyətinin, mahnı xəzinəmizin Qızıl fondu təşkil edən əsərlərin sırasındadır.

İslam Səfərli ədəbiyyat tariximizdə həm də bir dramaturq kimi anılır. Bəlkə də çox şair və nasir dram əsərləriylə tanınmır, onları ancaq şair və nasir kimi yad edirlər. Lakin  İslam Səfərlinin elə bircə “Göz həkimi” pyesi kifayətdir deyək ki, o, həm də dramturq kimi yaşayacaq. Bu əsər əllinci illərin ortalarında qələmə alınmışdı və səhnəyə vəsiqə alandan sonra uzun müddət  bizim teatrların repertuarında özünə yer tutdu. İslam Səfərli “Göz həkimi” pyesi göstərdi ki, İslam Səfərli-lirik duyğular şairi həm də həyatda, onu əhatə edən mühitdə baş verən hadisələrə dramatik  məqamlardan da yanaşa bilir.

İslam Səfərli çox erkən getdi. Amma bu işıqlı dünyada öz izini və özünə məxsus imzasını qoydu-bir şair kimi də, bir insan kimi də. Onun bu misraları bir daha təsdiq edir ki, şairlər ölmür, onların ölümü cismanidir, mənəvi həyatlarısa həmişə davam edir:

Günlər keçir birəm-birəm,

Bir uğurlu yol gedirəm.

Yurdumuzu vəsv edirəm

Əldə qələm, dizdə varaq,

Mənə qalan bu olacaq.

Aynurə Əliyeva

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının metodisti Aynurə Əliyeva