Ça. İyn 18th, 2019

İlham Əliyev 3 sərəncam imzaladı

Prezident İlham Əliyev Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Turkustan.info xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, avadanlıq və dəzgahlarla təchizatı və infrastrukturunun yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.49.5-ci yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.

***

Prezident İlham Əliyev Q.V.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir”.

***

Prezident İlham Əliyev R.Y.Rzayevin Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq qərara alıram:

1. Ramiz Yaqub oğlu Rzayev Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilsin.

2. Bu Sərəncam 2018-ci il fevralın 25-dən qüvvəyə minir”.

Paylaşılıb
CrestaProject