Ç. İyn 19th, 2019

“AST Telman”la bağlı istintaq yekunlaşdı: ”Vinoven…”

Rusiya İstintaq Komitəsi Azərbaycan əsili milyarder, AST Şirkətlər Qrupunun sahibi, hazırda Fransada gizlənən Telman İsmayılov barəsində istintaqı yekunlaşdırıb. Bu barədə Rusiya KİV-i məlumat yayıb. 

Məlumatda bildirilir ki, T.İsmayılov və qardaşı Rafiq İsmayılov 2016-cı ildə Moskva vilayətində iki nəfərin ölümündə günahkar bilinirlər. Qətllərdən biri 2016-cı ilin mayında baş verib. Məlumdur ki, “AST Telman”ın hazırda həbsdə olan qardaşı Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlanır. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaq bu qənaətə gəlib ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

Qətldən az sonra R.İsmayılov saxlanılsa da, qardaşı Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb. Savkinin oğlunun davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. Bu qətllə bağlı daha öncə “AST Telman”ın qardaşı Rafiq və killer Mehman Kərimov həbs ediliblər. T.İsmayılovun vəkili isə iddia edir ki, killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.

T.İsmayılova ikinci ittiham “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Qeyd edək ki, “AST Telman”ın daha bir qardaşı- Vaqif İsmayılov da 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır və o da axtarışdadır.

“AST Telman”ın şərləndiyini desə də, məlumdur ki, qardaşları “satan” təkcə həbsdə olan killer deyil. Məlumdur ki, cinayət işi üzrə T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşindir. Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilib. Bildirilir ki, Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Qavryuşindən əvvəl isə İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə vermişdi. Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib.

T. İsmayilov ötən ilin noyabrında videomüraciət yayaraq təslim olmayacağını, əksinə, ona qarşı olanları cəzalandırmaq üçün hərəkətə keçəcəyini demişdi.

Image result for telman ismayılov

Səs yazısı olan müraciətdə T.İsmayılov bunları demişdi: “9 il davam edən informasiya terroru nəticəsində mənə qarşı bir çox ittihamlar irəli sürülüb. Bunların heç biri təsdiqini tapmayıb. İndi isə məni adam öldürməkdə ittiham edirlər. Mən həyatım ərzində bircə dənə də olsun cinayət törətməmişəm. Mən israrla iddia edirəm ki, günahım yoxdur və bunu isbat edə bilərəm. İstintaq mənə qarşı irəli sürülən ittihamları məndən gizlətməsəydi, mən Moskvaya gələrdim və günahsız olmağım barədə sübutları təqdim edərdim. Buna görə, istintaq gizli şəkildə aparılıb, həbs qərarı da o formada verilib. Lakin mən indi də günahsız olduğumu sübut etməyə hazıram. Mən uzun müddət susmuşam, bu şər-böhtandan üstün olmağa çalışmışam. Lakin bu gün mənim nəvələrimə deyirlər ki, sizin babanız qatildir. Bu, kimə xoş gedər? Doqquz il öncə də bu hadisələr baş verib: mənim haqqımda, Çerkizov bazarı haqqında hər kəs ağlına gələni yazırdı, guya mən orada qaçaqmalçılıqla məşğulam… O zaman mən bütün bazarın ərazisində çəkiliş apardım, bunu diskə köçürdüm. Bu gün mən o videoçəkilişi “YouTube”da yaymağa hazıram. Artıq bəsdir! Mənim də deməyə sözüm var – nəinki bazar haqqında, bir çox məsələlər barədə. Sübut olmadan ittiham etmək olmaz. Mən Rusiya vətəndaşıyam və sübutları tələb edirəm. Mənə hamı deyir ki, sənin məsələnlə bağlı əmr yuxarıdan gəlib. Necə yəni əmr yuxarıdan gəlib? O yuxarıda oturan kimdir? Bu sualı verəndə, cavab olaraq hər kəs barmağıyla yuxarını göstərir. Deməli, söhbət ən yuxarıda oturan şəxsdən gedir. Əgər o bilsə ki, onun barəsində belə danışırlar, həmin şəxslərin sonu yaxşı olmayacaq”.
T.İsmayılov barəsində qiyabi həbs qərarını ötən ilin oktyabr ayının 30-da çıxarıb. Bundan sonra o, beynəlxalq axtarışa verilib.   /Musavat.com/

Paylaşılıb
CrestaProject