“Azərbaycan ATƏT qurumlarını seçkini müşahidəyə dəvət edib” –  ATƏT PA vitse prezidenti Azay Quliyev

“Azərbaycan ATƏT-in Parlament Assambleyasını və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunu növbədənkənar prezident seçkilərini müşahidə etməyə dəvət edib”. 
Bunu ATƏT PA vitse prezidenti Azay Quliyev tvitter hesabında yazıb.

ATƏT PA rəsmisi əlavə edib: “Biz, ATƏT-in müşahidəçi missiyasının iştirakını Azərbaycanın ATƏT-dəki öhdəliklərinə sadiqliyinin nümayişi üçün gözəl imkan hesab edirik”. 
Azay Quliyev tərəflərin bu məsələdə məhsuldar əməkdaşlığına ümid etdiyini də qeyd edib.

Xatırladaq ki, ötən həftə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerinin sədrliyi ilə keçirilən iclasda Azərbaycanda keçiriləcək prezident seçkiləri müzakirə olunan məsələlərdən biri olub. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas ölkə mediasına açıqlamasında bildirib ki, Azərbaycan Avropa təşkilatlarına prezident seçkilərini izləmək üçün dəvət məktubu göndərib: “Hazırda bu məktub nəzərdən keçirilir. Biz ATƏT və DTİHB təcrübəsinə əsaslanırıq. Biz indi ATƏT DTİHB-nin qərarını gözləyirik”.