Rusiya Ermənistanı meydanda tək qoyur

ABŞ-ın sanksiyaları Moskvaya müttəfiqinə silah satmağı qadağan edir

ABŞ-ın Ermənistandakı səfirliyi bəyanatla çıxış edərək bildirib ki, sanksiya siyahısına düşən Rusiya hərbi sənaye şirkətləri ilə sövdələşmələr bağlayan xarici şirkətlərə və hökumətlərə qarşı da sanksiyaların tətbiq edilməsi mümkündür. “Biz bir sıra ölkələrin hökumətlərini və özəl şirkətlərini xəbərdar etmişik ki, sanksiya siyahısına daxil edilən Rusiya şirkətləri ilə sövdələşmələrin bağlanması halında onlara qarşı da sanksiyaların tətbiq edilməsi mümkündür”-səfirliyin “Ermənistan mediasında dərc edilmiş bəyanatında bildirilir.

ABŞ-ın məhz Ermənistandakı səfirliyi üzərindən belə xəbərdarlıq yayması dərhal belə qənaət formalaşdırıb ki, mesaj daha çox İrəvana yönəlib. Çünki ötən ilin dekabrında Ermənistan Rusiyadan silah almaq üçün ikinci güzəştli kredit müqaviləsi (100 milyon dollar) imzalayıb. Bu vəsait 2018-2022-ci illər ərzində sərf edilməlidir. Gözlənilir ki, Ermənistan güzəştli kredit hesabına “Msta-S” özüyeriyən haubitsaları, “Solntsepyok” TOS-1A ağır odsaçan sistemlərini, radioelektron mübarizə vasitələrini əldə edə bilər. “Digər ölkələrin Rusiyadan silah və hərbi-kəşfiyyat vasitələri almasını məhdudlaşdırmaqla biz bu ölkəni beynəlxalq miqyasda destablizasiyaya və neqativ təsirə sərf edilə biləcək gəlirlərdən məhrum edirik”-Amerika səfirliyi bildirib. Bundan əvvəl Ermənistanın maliyyə naziri Vardan Aramyan sanksiya riskinin olduğuna dair xəbərdarlıq etmişdi. Onun sözlərinə görə, İrəvan üçün problemli situasiya yaranarsa, Amerika tərəfdaşları ilə danışıqlar aparıla bilər.

Rusiyadan silah alan ölkələrin, o cümlədən, Azərbaycan və Ermənistanın ABŞ-ın sanksiyalarına məruz qala biləcəyi haqda ötən ay “Amerikanın səsi”inə müsahibəsində Amerikanın Xarici Siyasət Şurasının analitiki Stiven Blank da bildirmişdi. Analitik hesab edir ki, Rusiyadan fəal şəkildə silahlar alan Azərbaycan və Ermənistan “sürprizlərlə qarşılaşa bilər” və sanksiyaların hətta hökumətlərə qarşı tətbiqi də mümkündür. Son illər Azərbaycan və Ermənistan Rusiya ilə 5 milyard dollar dəyərində silah-alışına dair müqavilə imzalayıb. 

ABŞ-ın bu mövqeyi Ermənistanda ciddi siyasi narahatlığa səbəb olub. Ermənilər hesab edir ki, ABŞ-ın Rusiyanın hərbi-sənaye kompleksinə qarşı tətbiq etdiyi qadağalar Ermənistanın və Dağlıq Qarabağdakı separatçıların təhlükəsizliyi üçün böyük problemlər yarada bilər. Belə ki, yanvarın 29-dan tətbiqinə başlanan sonuncu sanksiyalar Rusiyadan silah alan ölkələri hərbi müqavilədən imtina etmək məcburiyyətində qoya bilər. Bu baxımdan, Azərbaycan üçün ciddi problemin olacağı real görünmür. Çünki Azərbaycan başqa dövlətlərdən silah almaqla yanaşı, özü də müdafiə-sənayesi potensialına malikdir. Bir sıra silah və sursatları Azərbaycan artıq özü istehsal edir. Azərbaycanın silah və digər döyüş vasitələri idxal etdiyi ölkələr sırasında İsrail birinci yerdə dayanır. Digər sırada isə Pakistan, Türkiyə, Koreya Respublikası, Belarus, Ukrayna, Cənubi Afrika Respublikasının adlarını çəkmək olar. Ona görə də Rusiyanın bu siyahıdan çıxması beynəlxalq silah bazarına çıxış imkanları geniş olan Azərbaycan üçün problem yaratmır. 

Ermənistanın isə digər ölkələrdən silah almaq, eyni zamanda, mövcud hərbi arsenalını modernləşdirmək üçün maliyyə imkanları demək olar yoxdur. Rəsmi İrəvan hazırda silahları yalnız Rusiyanın verdiyi uzunmüddətli kreditlər hesabına əldə edirdi. 

Son 2 ildə Ermənistan Rusiyadan 250 milyon dollar dəyərində silah-sursat alıb. Artıq Rusiyanın maliyyə-bank sektoru və 39 hərbi-sənaye kompleksi ilə yanaşı, ən iri biznes dairələrinə də ABŞ “CAATSA “ qanunu əsasında “Kreml hesabatı”na daxil edilməsi bu yardımların da dayanmasına gətirib çıxaracaq. Sözügedən sahəyə səlahiyyətli olan Rusiya baş nazirinin müavini Dmitri Roqozinin adının sanksiya şamil edilmiş 210 nəfərin içərisində olması Rusiyanın müdafiə-sənaye kompleksinə yüz milyardlarla dollar ziyan vurub. 

Ermənistanın əsas müştərisi olduğu “Rosoboroneksport” da sanksiyalar siyahısına daxil edilmiş müəssisələr siyahısına daxil edilib. Bu baxımdan Ermənistana kömək əlini uzada biləcək digər ölkə İrandır. Lakin Rusiyanın düşdüyü qara siyahıda analoji qaydada İranın da adı var. Ona görə də Ermənistanın İranla silah alqı-satqısına dair irimiqyaslı müqavilə imzalaması İrəvanı Qərbin sərt təzyiqləri ilə üzləşdirə bilər. Azərbaycanla strateji və hərbi tərəfdaşlıq əlaqələrinə malik İsrail isə Ermənistana ümumiyyətlə, bu sahədə münasibətlərin qurulmasında maraqlı deyil. Ermənistanın, Çin, Cənubi Koreya kimi dövlətlərdən müasir texnologiyalı silah-sursat almaq imkanları da sıfıra bərabərdir. Bu səbəbdən ermənilər hesab edir ki, Vaşinqtonun “Kreml hesabatı” Ermənistanın və Dağlıq Qarabağdakı separatçıların Azərbaycanla müqayisədə hərbi imkanlarının xeyli zəifləməsinə gətirib çıxara bilər. Nəticədə Azərbaycan müharibə üçün yaranmış əlverişli şəraitdən istifadə edərək öz ərazilərini azad edəcək. 

Ancaq ABŞ-ın Rusiya vasitəsilə Ermənistana yaratdığı hərbi problem qeyd edilənlərlə yekunlaşmır. 2009-cu ildə bağlanmış müqaviləyə görə Rusiya Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazanın vasitəsilə 2044-cü ilə qədər Ermənistanın təhlükəsizliyini təmin etmək haqqında öhdəlik götürüb. 2015-ci ildə imzalanmış növbəti ikitərəfli müqavilə ilə Rusiya Ermənistanın hava məkanının müdafiəsini öz üzərinə götürüb. Elə həmin il Rusiya və Ermənistan birgə qoşun qruplaşmalarının yaradılmasına dair ikinci saziş imzalayıb. Rusiya hər üç müqavilənin şərtlərinə uyğun olaraq Ermənistanı silahla təmin etməlidir. Lakin yeni sanksiyalar Rusiyanın bu sahədə də imkanlarının itirilməsinə gətirib çıxarırb. Yəni 102 saylı hərbi bazasını silah və texnika ilə təmin etməkdə belə, ciddi problemlərlə üzləşən Rusiyanın Ermənistana əli çatmır.     /Cebhe.info/