Ərdoğan Afrinin mühasirəyə alınacağı tarixi açıqladı

“Qarşıdakı günlərdə Afrin şəhəri mühasirəyə alınacaq. Beləliklə, həm şəhərə, həm də bölgəyə gələn yardımların qarşısı kəsiləcək”.
Turkustan.info Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında bildirib.
“Türkiyə və türk millətinin “qırmızı xət”lərini yox sayanlara, lazım gəldiyində bu xətləri alnın ortasında göstərmək bizim borcumuzdur. Türkiyə hərbi əməliyyatları daim ən son ehtimal olaraq görüb. Suriyada illərdir ki, terror təşkilatlarından gələn təhdidlərin kəsiləcəyini gözlədik. Amma bu təhlükələr getdikcə və bizə zərər verəcək şəkildə artır. İndi hərəkət etməkdən başqa çarə görmədik. “Fərat Qalxanı” əməliyyatından sonra ora sülh və təhlükəsizlik mühitinin hakim olduğu yerə çevrildi. Afrində də, İdlib və Münbiçdə də eynisi olacaq. Son terrorçu qalmayana kimi mübarizə aparacağıq. Türkiyənin olduğu heç bir yerdə təzyiq, qorxu və səfalət olmaz”, – Türkiyə prezidenti söyləyib.
Türkiyə ordusu və Azad Suriya Ordusunun Afrində yavaş irəliləməsinə gəlində, Ərdoğan Afrini yandırıb-dağıtmaq üçün girmədiyini, əsas məqsədin orada təhlükəsiz zona yaradılmasının olduğunu vurğulayıb.   /Publika.az /