Ça. İyn 18th, 2019

Türk düşmənlərinin kökü kəsiləcək: Ankaranın strategiyasında 3 VACİB İSTİQAMƏT

Dünən Suriya hökumətinə bağlı qüvvələrin Türkiyənin “Zeytun budağı” əməliyyatı keçirdiyi Afrinə daxil olması barədə xəbər gündəmi bir anda dəyişdi.

Bölgədə hərəkətlilik dərhal artdı və türk qırıcıları Bəşər Əsəd rejiminə bağlı güclərin girdiyi bölgəni bombalamağa başladı. Türkiyə qırıcılarının aviazərbələri və top atəşləri ilə edilən xəbərdarlıqdan sonra, rejim tərəfdarı olan qüvvələr Afrinin şəhərinə 10 kilometr qalmış geri çəkilməyə məcbur olublar.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın bu gün keçirdiyi mətbuat konfransında bildirdi ki, iddia edildiyi kimi, Dəməşq və Afrindəki YPG terrorçuları arasında razılaşma yoxdur.

“Hələbin ətrafından Afrinin cənub bölgələrinə, oradan da şəhərə girməyə çalışan 40-50 avtomobillik konvoyun hərəkətini müşahidə etdik. Konvoy artilleriya atəşi ilə dayandırılaraq geri çəkilməyə məcbur edildi. Burada iddia edildiyi kimi bir razılaşma yoxdur”, – o söyləyib.

Amma YPG ilə Bəşər Əsədin razılaşma ehtimalı da nəzərdən keçirilir. Belə bir razılaşma olsa, Türkiyə hansı strategiya ilə hərəkət edəcək?

Publika.az  “Milliyyət” nəşrinə istinadən xəbər verir ki, belə bir razılaşmanın olduğu təsdiqini taparsa, bu aşağıdakı şəkildə şərh oluna bilər.

1. Bəşər Əsəd və onun arxasındakı Rusiyanın istədiyi təqdirdə YPG-ni hərəkətə keçirə biləcəyini göstərir.

2. Rusiya ilə dialoqun olması vacibdir. Çünki, arxasında Moskva olmasaydı, Əsəd belə bir addım ata bilməzdi. Afrinə nəzarət edən YPG-yə uzun illərdir əsas dəstəyi verən ölkə Rusiyadır.

3. Əsədin əsgərləri Afrində – Türkiyə-Suriya sərhədində yerləşdirilərsə, Dəməşqlə koordinasiyanın qurulmasının əhəmiyyəti daha da artacaq. Bundan başqa, Əsədlə YPG-yə qarşı ittifaq da gündəmə gələcək. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun sözlərinə görə, rejim YPG-ni təmizləmək üçün Afrinə girərsə, burada heç bir problem yoxdur.

Və nəhayət: YPG Afrindən çıxaraq ehtimal ki, Fəratın şərqinə, yəni ABŞ-ın nəzarət etdiyi bölgəyə keçəcək. Bu, ABŞ-la Rusiya arasında de-fakto razılaşmanın olduğunu göstərir. Yaxın gələcəkdə Fəratın qərbinin YPG-dən təmizlənəcəyini, şərqdə YPG-nin varlığına ABŞ-ın sahib çıxacağını söyləmək olar.

Üç əsas strategiya

“Milliyyət” hesab edir ki, YPG probleminin öhdəsindən gəlmək üçün Ankaranın yürütdüyü strategiya üç istiqamətlidir. Bunlar beynəlxalq, regional və yerli səviyyədədir.

1. ABŞ və Rusiya arasında beynəlxalq tarazlıqda balans yaratmaq çox vacibdir. İki böyük gücə də bel bağlamadan hər ikisi ilə əməkdaşlığı saxlamaq YPG probleminin öhdəsindən gəlmək üçün geniş meydan yarada bilər.

2. Bölgə ölkələri ilə ittifaqın önəmi getdikcə daha önə çıxır. Tehran və Bağdadla dialoq Ankaranı xeyli rahatlatdı. Dəməşqlə ittifaqın da nə qədər fərq yaradacağı aydındır. Rejim bundan sonra YPG ilə məsafəli davranarsa, Ankarada Dəməşqə qarşı mülayim atmosfer yarada bilər.

3. Suriyanın şimalında PKK/YPG bağlantısı olmayan kürd qrupları gözardı edilə bilməz. “Kürd Milli Şurası”nın çətiri altında 8 kürd partiyası var. Bunların hamısı Şimali İraq kürd muxtariyyətinin keçmiş lideri Məsud Bərzaniyə yaxındır. Bu partiyalar uzun müddətdir YPG-yə rəqibdirlər.

Ankara PKK-nın nəzarətində olmayan qruplarla Bərzaninin vasitəsilə dialoq qura bilər. Beləliklə, Bərzaninin dəstəyini alaraq Suriyanın şimalında YPG-yə qarşı olan kürd qruplarını gücləndirmək olar.   /musavat.com/

Paylaşılıb
CrestaProject