Öz taleyinin sahibi olan regional güc

Son 15 il ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu keçən ikinci ölkə olmayıb

Təhlükəsizlik, əmin-amanlıq, sabitlik şəraitində inkişaf edən Azərbaycan dövləti yüksəliş parametrlərinə və vətəndaş həmrəyliyinə görə dünyada nümunəvi ölkələrdən sayılır. Son 15 il ərzində aparılmış məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan möhkəm ictimai-siyasi sabitliyə, modernləşdirilmiş iqtisadiyyata, güclü hərbi-sənaye kompleksinə, ən əsası isə davamlı milli-mənəvi dəyərlərə malik olan qüdrətli dövlət səviyyəsinə yüksəlib. 
2004-cü ildən başlayaraq həyata keçirilən sosial-iqtisadi layihələr isə Azərbaycanı regionun lider dövlətinə çevirib. Son illərdə aparılan siyasi-iqtisadi islahatlar, həm xarici, həm də yerli investorlar üçün yaradılan əlverişli biznes və investisiya mühiti Azərbaycanın beynəlxalq nüfuzunu yüksəltməklə barabər, böyük şirkətlərin, iş adamlarının ölkəyə olan marağını artırıb.

Son 15 ilin uğurlu inkişaf göstəricisi

Bu gün Azərbaycan dünyanın bir çox ölkələri üçün uğurlu inkişaf formulu kimi təqdim olunur. Çünki ölkədə milli inkişaf modelinin əsaslarını sosial dövlət prinsipləri təşkil edir. Bu prinsiplər hər bir vətəndaşın yüksək sosial rifahının təmin edilməsi kimi ümdə məsələləri əhatə edir.
Son 15 ildə inkişaf və tərəqqi dövrünü yaşayan Azərbaycanda həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat ölkənin əsas inkişaf göstəriciləridir. Xüsusilə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı mərhələli dövlət proqramlarının qəbulu və icra olunması hər bir bölgənin tarazlı inkişafını təmin edib. Ölkəmizdə həyata keçirilən sosial layihələrin uğurlu icrasına nəzər yetirsək görərik ki, əgər 2004-cü ildə ölkə ərazisi üzrə qazlaşdırma 51 faiz idisə, bu gün 93 faizdir. Bütün şəhərlərimizin qazla təmini prosesi başa çatıb. Bu il həmin göstəricinin 95 faizə yüksələcəyi gözlənilir. Fasiləsiz içməli su ilə təminat 26 faizdən 67 faizə yüksəlib. 642 tibb müəssisəsi, 30 elektrik stansiyası, 4 su anbarı tikilib, 3100-dən çox məktəb inşa edilib, 12 min 300 kilometr yol çəkilib, 443 körpü-tunel tikilib,43 olimpiya idman kompleksi yaradılıb, 265 min köçkün yeni evlərlə, mənzillərlə təmin edilib. Bölgələrdə zavod və fabriklər, sənaye məhəllələri, aqroparklar inşa edilib. 1,9 milyon iş yeri yaradılıb ki, onlardan 1,4 milyonu daimidir.
Bütün bunlar dövlətin sosial-iqtisadi siyasətinin uğurlu göstəricisidir. Real faktlar təsdiq edir ki, qloballaşan dünyada baş verən maliyyə-iqtisadi böhrana baxmayaraq, Azərbaycanda bir dənə də olsun sosial layihə təxirə düşməyib. 15 il ərzindəki iqtisadi göstəricilər ümumi inkişafın uğurlu dinamikasını əyani şəkildə göstərir. İqtisadiyyatın bu müddət ərzində 3,2 dəfə artması dünya miqyasında rekord göstəricidir. Qeyri-neft iqtisadiyyatının 2,8 dəfə artması isə bir daha təsdiq edir ki, Azərbaycanın iqtisadi inkişafı, sadəcə olaraq, neftin, qazın istehsalı ilə bağlı deyil.

Bu il də kifayət qədər sosial layihələr icra ediləcək

Təhlükəsiz və sabit ölkə statusu qazanan Azərbaycan investisiyaların coğrafi mərkəzinə çevrilib. Yaradılan əlverişli biznes və investisiya mühiti sayəsində ölkə iqtisadiyyatına 231 milyard dollar sərmayə qoyulub. Bu sərmayələrin 93 faizi son 15 il ərzində yatırılıb. Azərbaycanın valyuta ehtiyatları 44 milyard dollara yüksəlib. İqtisadiyyat 3,2 dəfə, qeyri-neft iqtisadiyyatı isə 2,8 dəfə artıb. Sahibkarlara güzəştli şərtlərlə 2 milyard manatdan çox kredit verilib.
Bu ilin investisiya proqramına əsasən ölkədə kifayət qədər sosial layihələr icra ediləcək. Bu layihələr fonunda üçüncü peykimiz orbitə buraxılacaq, 137 modul tipli məktəb tikiləcək, 20 min məcburi köçkün yeni evlərlə təmin ediləcək, 3 yeni “ASAN xidmət” mərkəzi açılacaq, Bakıda 12 məktəb əsaslı təmir ediləcək, 2 şəhərdə olimpiya idman mərkəzləri istifadəyə veriləcək, kəndlərdə 100-dən çox məktəb qazlaşdırılacaq, ən azı, 300 subartezian quyusu qazılacaq, 2300 kilometr avtomobil yolları çəkiləcək, 6 şəhərdə yeni rayon mərkəzi xəstəxanalarının tikintisi başa çatacaq, 7 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək.
Bundan başqa Mingəçevir Yüngül Sənaye Parkının ilk zavodlarının, eləcə də 10 yeni xalça fabrikinin açılışı nəzərdə tutulur. Masallı, Hacıqabul, Sabirabad sənaye məhəllələrinin də bu il fəaliyyətə başlaması gözlənilir.

Avrasiyanın nəqliyyat dəhlizinə, logistik mərkəzinə çevrilən ölkə

Acıq dənizə çıxışı olmayan bir ölkənin beynəlxalq nəqliyyat dəhlizinə, logistik mərkəzə çevrilməsi həqiqətən çox maraqlıdır. 
Son illərdə Azərbaycanın bu statusa yiyələnməsi üçün ölkəmizdə böyük gəmiqayırma zavodu inşa edilib, Xəzər hövzəsində olan ən böyük beynəlxalq Yeni Bakı Dəniz Ticarət Limanı tikilib və Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Artıq bir neçə aydır ki, Asiyadan, Avropadan müxtəlif istiqamətlərə gedən yüklər Azərbaycan ərazisindən keçir. 2004-cü ildə elektrik enerjisi idxal edən Azərbaycan bu gün xaricə enerji ixrac edir. 
Təxminən 40 milyard dollar həcmində sərmayə qoyuluşu nəzərdə tutulan, uzunluğu 3 min 500 kilometr və 4 seqmentdən ibarət olan “Cənub qaz dəhlizi” layihəsi Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı 7 ölkədən keçən boru kəməri ilə bu il Türkiyəyə, iki il sonra isə Avropaya çatdıracaq. Bu nəhəng layihə ilə Azərbaycan dünyanın əsas qaz ixracatçılarından biri olacaq. Bundan əlavə “Şimal-Cənub” nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri uzunmüddətli inkişafa əlverişli şərait yaradır.

Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir

Zəngin təbii sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçən gənc müstəqil Azərbaycanın inkişaf konsepsiyasının mühüm tərkib hissəsindən biri də təhsilin, elmin inkişafıdır. Çünki müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. 
Yeni dövrün gənclərinin fəaliyyət strategiyası adlandırılan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı isə gənclərlə bağlı təsdiq edilən üçüncü sənəddir. Gənclərin bütün sahələrdə maraqlarını nəzərə alan bu proqram müasir dövrün çağırışlarına tam cavab verir. Son illər Azərbaycan gənclərinin təşkilatlanması, onların beynəlxalq əlaqələrinin inkişafı istiqamətində mühüm nailiyyətlərin əldə olunması qürurverici amillərdir. İqtisadi qüdrəti, milli-mənəvi dəyərlərə sadiqliyi, ordu quruculuğu və digər sahələrdə aparılan islahatlarda gənclərin fəallığı təsdiqləyir ki, gələcəyimizi etibar edəcəyimiz bugünkü gənclik onlara göstərilən etimadı layiqincə doğruldur.

Amil CAVADOV,
YAP Gənclər Birliyinin Şura üzvü