Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə… – Politoloq

Türkiyənin Azərbaycana olan münasibətinin eynisini İrandan tələb etməyə haqqımız var.

Turkustan.info bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında sabiq dövlət müşaviri Qabil Hüseynli deyib. Politoloqun sözlərinə görə, Azərbaycan indiki dönəmdə İranla daha çox ticarət əlaqələrini inkişaf etdirməlidir:

“Azərbaycan İran üçün çox böyük həyati əhəmiyyətə malik olacaq Şimal-Cənub dəmir yolu layihəsinin reallaşmasına böyük köməklik göstərir. Hətta Astara çayı üzərində körpü ortaq tikilməli olduğu halda, Azərbaycan bu işi təkbaşına yerinə yetirdi və 40 milyon dollardan çox vəsait xərclədi. İndi isə Bakı İrana çox cuzi faizlə yarım milyard dollar vəsait verir ki, Tehran Astara-Rəşt dəmir yolunun inşasını sürətlə başa çatdırsın. Bütün bunlar çox önəmli məsələlədir”.

Politoloq bildirib ki, İran Şimal-Cənub dəmir yolu layihəsindən Azərbaycandan daha çox gəlir əldə edəcək:

“Bakı bunun əleyhinə deyil, dövlətlər əməkdaşlıq edir və bundan da öz bəhrələrini götürürlər. Məsələ burasındadır ki, Azərbaycan həm də quru yolları ilə İranı Rusiya və Avropa ilə birləşdirir. Azərbaycan hətta sanksiyalar dövründə də İranla ticarət əlaqələrini dayandırmadı. Tehran Bakının bütün bu jestlərini nəzərə almalıdır və unutmamlıdır ki, bizi tarixi köklər, mədəniyyət birliyi, hətta orada yaşayan azərbaycanlıların timsalında dil birliyi birləşdirir. O üzdən də hesab edirəm ki, bir çox əlamətlərə görə, Türkiyənin Azərbaycana münasibətinin eynisini İrandan da tələb etməyə haqqımız var”.