Nə “Xocalı qətliamı”, nə də “Xocalı soyqırımı”… TƏKLİF

Odər Əlizadə

Hər iki ifadə də dil bilimsəl və siyasi anlam açısından yanlışdır.

Birinci ifadənin yanlış olmasının səbəbi; Xocalıda qətliam deyil, gerçək anlamda bir soyqırım olmuşdur.

Bəzilərimiz düşünə bilər ki, “Qətliam olmasa soyqırım olarmı?”.

Doğrudur, soyqırım hadisəsinin özündə qətl, qətliam anlayışları var. Bu Soyqırım sözündəki “qırım/qırmaq” sözündə də özünü göstərir. Ancaq məsələ burasındadır ki, “Qətliam” ifadəsi özündə termin olaraq Siyasi və beynəlxalq anlam ifadə etmir. Soyqırım sözü isə özündə həm sözün terminalogiyadakı anlamı etibarilə həm də ortaya çıxdığı tarixi-siyasi anlamı açısından beynəlxalq və siyasi anlam ifadə edir. İndi düşünə bilərsiz ki, Soyqırım sözü beynəlxalq, siyasi anlam ifadə edirsə “Xocalı Soyqırımı” ifadəsi niyə yanlış olsun?… Soyqırım sözü sadaladığımız anlamları ifadə etsə də sözün əvvəlində işlətdiyimiz “Xocalı” sözü toponimdir, Soyqırım sözünün əvvəlində toponim işlədilə bilməz. Bu dilbilimsəl (akademik) olaraq yanlışdır. Soyqırım sözünün əvvəlində ilk olaraq toponim deyil, Etnonim işlədilməlidir. Yəni Soyqırıma məruz qalan etnosun/millətin adı bildirilməlidir.

Bu baxımdan “Xocalı Soyqırımı” ifadəsi də yanlışdır. Doğru olan “Xocalıda Türk Soyqırımı” ifadəsidir ki, biz burada “Xocalı” sözünü sadəcə Soyqırımın yaşandığı yeri bildirmək üçün işlətmiş oluruq. Xocalıda Soyqırıma məruz qalan millət Türk millətidir. Biz bunu Xocalıda Türk Soyqırımı şəklində ifadə etməklə həm elmi cəhətdən doğru ifadə etmiş olarıq, həm də, qardaş ölkə Türkiyə Cümhuriyətinə qarşı bu gün ermənilərin irəli sürdüyü sözdə “Erməni soyqırımı” yalanlarına qarşı gerçək anlamdaTürk Soyqırımı tarixi həqiqəti ilə çıxmış olarıq.

“Xocalı Soyqırımı” və “Xocalı qətliamı” ifadələri ilə biz “Erməni soyqırımı” ifadəsinin qarşısında duruş gətirə bilmərik…