Nazarbayevdən TARİXİ ADDIM – Rəsmi rus dilini qadağan etdi

Qazaxıstanda dövlət başçısı Nursultan Nazarbayevin xüsusi sərəncamı ilə sabahdan etibarən Nazirlər Kabinetinin iclaslarında rus dilindən istifadə qadağan olunur.

Turkustan.info xəbər verir ki, iclaslar yalnız qazax dilində keçiriləcək, ehtiyacı olanlar üçün sinxron tərcümə təmin ediləcək.

Prezident Nursultan Nazarbayev Qazaxıstanda latın qrafikasının tam tətbizi məsələsinə toxunub. O eyni zamanda qazax dilinin dövlət dili olaraq statusunun artırılmasına yönəlmiş tədbirlərin görülməsini də vacib sayıb. “Latın əlifbasının tətbiqi xalqımız üçün tarixi əhəmiyyətlidir. Eyni zamanda, qazax dilinin bütün səviyyələrdə gücləndirilməsi də vacibdir. Hesab edirəm hökumət və parlament müstəvilərində ancaq dövlət dilində danışılmalı və sənədlər də bu dildə tərtib olunmalıdır”, – Qazaxıstan prezidenti bildirib.

Görüşün sonunda prezident bir sıra xüsusi tapşırıqlar verib.

Qeyd edək ki, 2009-cu ildə aparılmış siyahıyaalma zamanı əhalinin yalnız 62 faizinin qazax dilində, 85 faizinin isə rus dilində oxuyub yaza bildiyi məlum olmuşdu. Lakin o vaxtdan bəri Qazaxıstanda etnik balans xeyli dəyişib. Hazırda qazaxlar ölkə əhalisinin təxminən 70, ruslar isə 20 faizini təşkil edir.