Xalqın əmanətinə sahib çıxan -Xalq BANK

Banklar haqqında təəssüratım bütün orta yaşayışlı azərbaycanlılardan biri olaraq elə də yaxşı deyildi, əgər “Arpa biçən rəssam”ı yazdıran o məqam olmasaydı. Jurnalist tayfasının işi təqdim olunanı tanıtmaq olsa da o qələmin köşə  tərəfi varsa özünə xitab edən nəsə axtaracaq, tapanda da uşaq kimi sevinəcək.

Şəhid rəssam Samir Kaçayevin əsərlərindən ibarət kitabın tanıtım mərasiminə dəvət almış, əsərlərin  nəfis təqdimatına şahid olmuş, adını ondan əvvəl heç eşitmədiyim şəhid qardaşımızın əslində nə böyük istedad olduğunu öyrənmişdim. Kəndə gedib ata-anasına kömək məqsədilə həyət-bağçadakı arpanı biçən, şəhərə, təhsil aldığı Rəssamlıq Akademiyasına gələndə isə dünya rəssamlarının əsərlərindən seçmələr üzərində işləyən Samir ölkədə müharibə başlayanda da heç düşünmədən canını qurban verməyi üstün tutmuşdu. 

            Bu olanları bir qəhrəmanlıq institutunun (ki, ölkədə belə bir qurum yoxdur!) təqdim etməyi təəccüb doğurmazdı, amma bir bankın belə işə qol qoyması təqdirəlayiqdi. Xalq Bank özünün “Xalq Əmanəti” layihəsində Samirin əsərlərindən ibarət sərgi hazırlamış, haqqında kitab çıxarmış və yüksək səviyyədə təqdim eləmişdi.

            Bu dəfəki görüşümüzün məqsədi və missiyası da əvvəlkindən fərqlənmirdi. “Xalq Əmanəti” layihəsi çərçivəsində “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunu nəşr edilmiş, ölkənin sayılıb-seçilən söz adamları, mədəniyyət və incəsənət xadimləri, yazıçılar, ictimaiyyət nümayəndələri sazın başına yığılmışdı.

Məlumat üçün bildirim ki, “Xalq Əmanəti” layihəsinin on altıncı nəşri – “Aşıq Ədəbiyyatı Antologiyası” alimlərdən ibarət işçi qrupunun uzunmüddətli tədqiqat işinin nəticəsidir. Aşıq ədəbiyyatının ən qiymətli nümunələrindən tərtib olunan nəşr üç cilddən “Aşıq poeziyası”, “Qəhrəmanlıq dastanları” və “Məhəbbət dastanları”ndan ibarətdir. Topluda həm də müəllifi məlum olmayan əsərlər, arxaik və əcnəbi sözlər lüğəti öz əksini tapıb.

Akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayev, Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, Şirindil Alışanlı və başqaları “Aşıq Ədəbiyyatı Antologiyası” toplusunun əhəmiyyətindən danışdılar. Və bildirdilər ki, bu əsərlərdən mötəbər mənbə kimi istifadə eləmək olar.

Tədbiri idarə edən akademik Nizami Cəfərov nəşrlərin hamısında akademik dəyərin gözləndiyini, 168 aşığın əsərlərinin yer aldığını vurğuladı.

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı, bu antologiyada Dədə Qorqudun ədəbi şəxsiyyət kimi ortaya çıxarıldığını dedi.

Professor Qəzənfər Paşayev aşıq ədəbiyyatının dilimizdəki rolundan bəhs etdi.

Tənqidçi, ədəbiyyatşünas Şirindil Alışanlı “Xalq Əmanəti” layihəsi çərçivəsində nəşr olunan üçcildliyi düşünülmüş fəaliyyətin nəticəsi kimi qiymətləndirdi.

Antologiyanın bədii tərtibatçısı, xalq rəssamı Arif Hüseynov bu antologiyanın onun ikinci işi olduğunu, bundan əvvəl də Sabirin “Hophopnamə”si üzərində işlədiyini dedi.

 

Aşıq Ulduz kitabı milli sərvətimiz kimi dəyərləndirərək, yaşadığı bir vaxtda bu cür işlərin şahidi olduğuna sevindiyini dedi.  

Filologiya elmləri doktoru, professor Mahmud Allahmanlının dediklərinə görə aşıq ədəbiyyatı nümunələri Dədə Qorquddan üzü bəri ilk dəfə bir toplu halında cəmlənib: “Bu toplunun yaranması xalqımızın milli-mənəvi mədəniyyətinə dərin hörmət və sevginin ifadəsidir. Son dövrlərdə Azərbaycan folklorşünaslığı milli ədəbiyyatımızın ən qədim nümunələrinin tədqiqi, toplanıb ortaya çıxarılması və nəşri istiqamətində mühüm nailiyyətlərə imza atmaqdadır. Antologiyaya daxil edilən nümunələr müxtəlif mənbələrdən zərrə-zərrə toplanaraq, dərindən tədqiq edilərək xalqımızın əmanəti şəklində yenidən xalqa qaytarılır.”

Mahmud Allahmanlı şair Zəlimxanı da unutmadı: “Nəşrlə bağlı maraqlı bir məqamı deyim, biz 2015-ci ilin əvvəllərində layihə üzərində işləyən vaxt, Azərbaycan Aşıqlar Birliyinin o zamandakı sədri Zəlimxan Yaquba müraciət eləyib antologiya üçün məqalə yazmağını xahiş elədik. “Xalq əmanəti” layihəsinin təqdimatlarında vaxtaşırı iştirak edən şair gördüyümüz işə öz xeyir-duasını verib,  nəşr üçün mütləq məqalə yazacağına söz verdi. Yazdı da. Təəssüf ki, bu günü görmək ona qismət olmadı. “Aşıq poeziyası” cildinə daxil olan “Dahilik, müdriklik və sadəlik” məqaləsi isə böyük şairimizin ömrünü həsr etdiyi poeziya sənətinə son töhfələrindən biri oldu.”

Belə. Aşığın dili yüyrək sözü bol olar deyə tədbirdə baş verənləri qısaca nəql eləməyə çalışdım. Mənə elə gəlir ki, aşıq sözü əslində aşiq deməkdi. Sazın SÖZə eşqi aşiqi yaradıb və xalqımızın ürəyindəki, ruhundakı duyğular bu vəsilə ilə dillərdən illərə keçib günümüzə gəlib. Hər dördlüyü “mən aşiq”lə başlayan xalq yaradıcılığının hansı misrası əziz deyil ki?! Hansımız sevmirik Ruhanini və ya hansımız sevmirik telli sazın sarı simini?! Özü dünyadan köçən Zəlimxanın sözünü bu günə gətirən Tanrı, nə qəribədir ki, Ədalətin ölümündən  bir il keçməmiş saza verilən dəyəri bu qiymətli kitablarla taclandırdı. 

Bu əməlin başqa qurumlarda yayılması və dəyərlərimizə, keçmişimizə sahib çıxılması arzusu ilə doğma və əziz Xalq Bankı millətimizin əmanətinə sahib çıxdığına görə təbrik eləmək duyğularımızın ən gözəl tərcümanıdır. Yenə və yenidən “Xalq Əmanəti”ndə görüşmək ümidilə

 

Nigar İSFƏNDİYAR

 

Önəmli qeyd: “Xalq Əmanəti” layihəsi ASC “Xalq” Bankı tərəfindən 2010-cu ildən etibarən həyata keçirilir. Layihə xalqımızın mədəni irsinin qorunub gələcək nəsillərə ötürülməsi, mənəvi dəyərlərimizin dünyaya tanıdılması məqsədini daşıyır. Layihə çərçivəsində nəşr olunan kitablar üç dildə – Azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, dünyanın böyük muzeylərinə, kitabxanalarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu günə qədər layihə çərçivəsində xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə,  Səttar Bəhlulzadə, Xalidə Səfərova, Mikayıl Abdullayev eləcə də Mahmud Tağıyev, Vəcihə Səmədova, Kamal Əhməd, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk, Qorxmaz Sücəddinovun, şəhid-heykəltəraş Samir Kaçayevin əsərlərindən ibarət sərgilər təşkil olunmuş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif, Xəlil Rza Ulutürk və unudulmaz Mikayıl Müşfiqin seçilmiş əsərləri, görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görüb.