Türk dünyasının cəsarətli alimi – Nəsib Nəbioğlu Murad Acidən yazdı

Türk dünyasına ağır itki üz vermişdir. Murad Acının acı bir xəbərini eşitdik.  Türk dünyasının görkəmli alimi, qədim türk dünyasının araşdırıcısı yazıçı, publisist,  türkoloq, coğrafiyaşünas, tarixçı – alim Murad Acı  uzun sürən ağır xəstəlikdən sonra, mart ayının 7-də 75 yaşında  Moskvada vəfat etmişdir. Murad Acı təkcə  Rusiyada deyil postsovet məkanında, eləcə də dünya miqyasında tanınan  sanballı elmi əsərləriylə türk dünyamıza şərəf gətirən alimlərimizdən olub.

Murad Acı əsasən elmi arasşdırmalarına faktiki olaraq, 1980-ci illərin sonlarından başlayıb. Türk Dünyasının  tarixinin araşdırılmasına dünyanın hər yerində uzun illər  qadağa qoyulmasına baxmayaraq  o, maneləri dağıtmış, türklük tarixinə yenidən baxilmasına, türk dünyasının tarixinin yenidən öyrənilməsinə böyük təkan vermişdir. Murad Acı  uzun illər Uzaq Şərq, Sibir xalqlarının həyatıyla, tarixiylə, mənşəyiylə maraqlanmış, hələ 1976-cı ildə XXIII Beynəlxalq cöğrafiya konqresinin iştirakçılarından biri olmuşdur. Qumuq əsilli tarixçi-yazıçı Murad Acı qədim türk xalqına mənsubluğundan qürür duyduğunu deyərdi.  Onun hər bir əsəri uzun illər ərzində türk xalqlarının və eləcə də dünyada böyük sivilizasiya mərhələsini keçmiş  digər xalqların etnoqrafik həyat tərzi,keçdiyi tarixi yol, qədim türk dövlətlərinin  dövlət quruluşları haqqında apardığı araşdırmaların nəticəsində yaranıb.

Murad Acının “Müqəddəs Georginin sirri və ya Tenqrinin hədiyyəsi: türklərin mənəvi irsindən.”, “Avropa. Türklər. Böyük çöl.”,  “Qıpçaqlar. Türklərin və Böyük çölün qədim tarixi.”, “Qıpçaqlar və Oğuzlar”,  “Qıpçaq çölünün yovşanı”,  “Sibir 20-ci yüzil”, “Türklər və dünya: məxfi tarix.”, “Asiyalı Avropa”, “Armaqeddonun ruhu”,  “Məhşərin nəfəsi.”, “Əbədi mavi səmasız: tariximizin oçerkləri.”, “Mənim yovşanlı yolum.” kimi dərin fundamental əsərləri Rusiyada eləcə də türk dilli xalqlar arasında maraq doğurmuş, alimə şöhrət gətirmişdir. Qədim türk xalqlarının ən dərin qatlarından bu günlərimizə qədər keçdiyi tarixi yolu, onların ictimai, sosial, iqtisadi, siyasi proseslərdə oynadıqları mühüm rolunu  ortaya qoyan, bizə çatdıran ən sanballı alimlərimizdən biri məhz Murad Acı olubdur. O qədim türk dünyasının, tarixinin, minlərlə qaranlıq səhifələrinin açılmasında  əvəzsiz rolu olan nadir şəxisiyyətlərdən, nadir araşdırıcılardan  biridir. Onu da deyim ki,  rus dilində yazılan bu kitabların əksəriyyəti ingilis, alman və başqa dillərə tərcümə edilib. Görkəmli dilçi alim  akademik Tofiq Hacıyev Murad Acının «Qıpçaq çölünün yovşanı» və «Dünya və türk: munis tariximiz» kitablarını azərbaycan dilinə tərcümə edib.

Murad Acının müxtəlif illərdə nəşr etdirdiyi əsərləri qədim türklərin tarixinin yaxından öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Murad Acı kimi şəxsiyyatlərin adı, onun əsərləri, apardığı tədqiqatlar, söylədiyi fikirlər qədim türk tarixinə, mədəniyyətinə, elminə  böyük töhfədir.

Dünyanın türk  tarix elmini yenidən araşdıran Murad Acı türkün həqiqətlərini ortaya çıxardıqca ona qarşı əssasız hücumlar olmuşdur. Hətta onu işlədiyi  «Vokruq Sveta» jurnalından əsassız olaraq “türkçü-millətçi ideologiyasının yayılması üstündə işdən uzaqlaşdırıblar. Murad Acının hər bir əsəri, tədqiqatı qədimliyimizi, keçmişimizi üzə çıxarmaqla bərabər, gələcəyimizə açılan yeni bir türkcülük yolunun başlanğıcıdır.

Murad Acı “Qıpçaq çölünün yovşanı” əsərində  qumuqların, qaraçaylıların, balkarların, kazakların, qazaxların, tatarların, çuvaşların, yakutların, qaqauzların, krım tatarlarının, həmçinin başlanğıcını türk (qıpçaq) soyundan götürmüş, hətta rusların, ukraynalıların və digər xalqların bir hissəsinin  belə soylarının kökündə qədim türklərin  dayandığından bəhs edir.Attilanın Altaydan Avropaya apardığı mədəniyyətdən, danışılır. Burada öz  qüdrətiylə dünyaya səs salan Dəşti-Qıpçaq dövlətinin gizli saxlanan tarixindən açılan  səhifələr mühüm yer tutur. Bir sıra tarixçilər Murad Acının tarixi araşdırmalarını fərziyə adlandırır. Bu faktların elmi əsası olmadığını vurğulayırlar. Avropa və rus tarixçilərinin bu tarixin açılmamasına yol vermədiklərinə baxmayaraq yalan pərdələr silinir, saxtakarlıq damğaları pozulur. Qıpçaqların dini, adət-ənənələri aşkarlanır, obyektiv tarixi siması göstərilir.

Murad Acının bütün əsərləri tarixin bu qaranlıq, türk elminə,və bir çox qədim türk araşdırıcılarına məlum olmayan   səhifələrin açılmasına gətirib çıxarır. Bu əsərlərin sayəsində türk xalqları arasında  müxtəlif səviyyələrdə  bir bütünləşmə proseslərinə  başlanılıbdır. Bu prosesin  başlanğıcında dayanan alimlərin biri isə Murad Acıdır.

Mən bir neçə dəfə Murad acıyla görüşmüşəm, hətta onun yubileyində də olmuşam. Və çox məmnunluq hissiylə deyirəm ki, Azərbaycan diasporası adından alimi təbrik eləmək mənə qismət olub. Mən hər zaman alimlə xoş münasibətlərimi, görüşlərimi və söhbətlərimi xatırlayıram.