Qərbin Qarabağla bağlı güzəşt planı: Sarkisyan razılaşmasa – ŞƏRT

Azərbaycanda aprelin 11-də prezident və Ermənistanda isə aprelin 17-də keçiriləcək baş nazir seçkilərindən sonra Dağlıq Qarabağ probleminin nizamlanması üzrə danışıqların növbəti mərhələsi başlana bilər. Ancaq indi siyasi müşahidəçiləri düşündürən başlıca məsələ danışıqlarda Ermənistan tərəfini kimin təmsil edəcəyi ilə bağlıdır. Yəni prezident Serj Sarkisyanaın səlahiyyətlərinin başa çatması ilə Ermənistanın parlament üsul-idaretmə sisteminə keçməsi Azərbaycan tərəfi ilə müzakirələrdə yeni prezident Armen Sarkisyanın, yoxsa seçiləcək baş nazirin iştirak edəcəyinə dair sualları gündəmə gətirib. 

Martın 2-də seçilən Armen Sarkisyan formal prezident kimi formal səlahiyyətlərə malik olduğundan xarici siyasət məsələlərinə müdaxilə etmək imkanları çox məhduddur. Ona görə də danışıqlarda parlament çoxluğunun seçdiyi baş nazirin iştirak edəcəyi gözlənilir. Lakin bu günlərdə Ermənistan mediasında Dağlıq Qarabağ problemi ilə Armen Sarkisyanın məşğul olacağına dair iddialar meydana çıxıb. Prezident seçilməzdən öncə Ermənistanın Böyük Britaniyada fövqəladə və səlahiyyətli səfiri işləmiş Armen Sarkisyanın prezident postuna Qərbin dəstəyi ilə gətirildiyi bildirilir. Mənbə qeyd edir ki, məqsəd Dağlıq Qarabağ məsələsi ilə bağlı danışıqların davam etdirilməsini Armen Sarkisyana həvalə etmək və onun vasitəsilə işğal edilmiş əraziləri Azərbaycana qaytarmaqdır: “Lakin Ermənistanda praktiki olaraq əmindirlər ki, Qarabağ üzrə danışıqları yeni prezident – “ingilis kraliçası” aparacaq. Bütün hakimiyyət isə həqiqətən gələcək baş nazirin əlində cəmləşəcək. Bu səbəbdən Ermənistan Təhlükəsizlik Şurasının bütün qərarlarını bundan sonra məhz baş nazir imzalayacaq. Ermənistan qanunlarına əsasən isə ölkənin müdafiə siyasətinin əsas istiqamətlərini Təhlükəsizlik Şurası müəyyən edir.

Avropanın erməni diasporu baş nazir olarkən Serj Sarkisyanın əraziləri qaytara biləcəyi ilə əlaqədar artıq ciddi narahatçılığını ifadə edib. Avropa Erməni Təşkilatları Forumunun sədri Aşot Qriqoryan qeyd edib ki, Avropada Təhlükəsizlik Şurası və bu struktura verilən səlahiyyətlərlə bağlı böyük narahatçılıq var… Təhlükəsizlik Şurasının rolunun Milli Məclisdən üstün səviyyəyə qaldırılması bir hədəfi təqib edir – Ermənistan “azad edilmiş” ( işğal edilmiş-red.) əraziləri qaytarmalıdır. Bu məsələ ona görə Milli Məclisdən hamının baş nazirə tabe edildiyi Təhlükəsizlik Şurasına daşınır ki, Serj Sarkisyan əraziləri xalqla müzakirə etmədən qaytara bilsin. Biz bəyan edirik ki, əgər nəsə oxşar bir şey baş verərsə, onda şübhəsiz, xalq üsyanı başlayacaq”.

Beləliklə, bütovlükdə hər şey məntiqi ssenariyə uyğunlaşdırılır. Real səlahiyyətlərə malik olmayan prezident Armen Sarkisyan danışıqlar aparır və nəticədə hansısa razılıq əldə edilir. Sonra real səlahiyyətlərə malik olan baş nazir Serj Sarkisyan prezidentə və Ermənistan Təhlükəsizlik Şurasının qərarına istinad edərək, sadəcə, sənədi imzalayır. Yəni nəzərə alın: “Qərarı mən verməmişəm!”.

O ki qaldı “xalq üsyanları”, onların qarşısını almaq üçün güc strukturları var, yeri gəlmişkən, hansılar ki, məhz baş nazirə tabedirlər.

Ancaq bu medianın yanaşmasıdır və real siyasi vəziyyətin necə olacağını baş nazirin seçilməsindən sonra söyləmək mümkün olacaq. Yəni parlamentar sistemdə hökumətə ilk rəhbərlik edəcək şəxs özü Ermənisan-Azərbaycan münaqişəsi ilə bağlı mövqeyini açıqlamalıdır. Prezident Armen Sarkisyanın danışıqlar prosesinin davam etdirəcəyinə dair deyilənlər isə hələlik real görünmür. Çünki Ermənistan konstitusiyasına görə, ali icra hakimiyyətinin rəhbəri və silahlı qüvvələrin ali baş komandanı baş nazir olacaq. Bu baxımdan, xarici siyasətin həyata keçirilməsi və Dağlıq Qarabağ probleminə dair danışıqların aparılması baş nazirin səlahiyyətlərinə aiddir.
Serj Sarkisyanın əslində Azərbaycanla danışıqlarda iştirakını təmin etmək məqsədilə baş nazir postuna gəlmək niyyətində olduğu bildirilir. Daha doğrusu, bu sifarişin Rusiyanın Cənubi Qafqazdakı geostrateji maraqlarını qorumaq üçün Kremldən gəldiyi şübhə doğurmur. Çünki Rusiya S.Sarkisyanın vasitəsilə Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesini siyasi inhisarında saxlamağa çalışır. Bu, Moskvaya işğal olunmuş ərazilərdə status-kvonu saxlamaq imkanı yarada bilər. Lakin Britaniya kraliçasının adamı adlandırılan prezident Armen Sarkisyandan əlavə, son dövrlər Qərbin ümumiyyətlə, baş nazir seçkilərini diqqət mərkəzində saxladığı açıq hiss olunur. Ermənistanın 2017-ci ildə parlamentar sistemə keçməsi, noyabr ayında Avropa Birliyinin Şərq Tərəfdaşlığı Proqramının “Genişləndirilmiş və Hərtərəfli Saziş”inə qoşulması, Qərbyönümlü liderin prezident kürsüsünə gətirilməsi Qərbin rəsmi İrəvana təsir imkanlarını artırıb. Üstəlik, ABŞ-ın Rusiyanın hərbi-sənaye kompleksinə tətbiq etdiyi sanksiyalardan sonra Ermənistanın xarici siyasət strategiyasında yeni çalarlar müşahidə olunur. Çünki Ermənistan Rusiyadan silah almaq imkanından məhrum olmaqla yanaşı, Kremlin də müttəfiqinin təhlükəsizliyini 2049-cu ilə qədər təmin etmək barədə müqaviləni icra etmək imkanları məhdudlaşıb. Serj Sarkisyanın baş nazir kimi hakimiyyəti yenidən əlində saxlamaq cəhdi Rusiyanın maraqlarına cavab verdiyindən Qərbin buna sərt reaksiyası hiss olunmağa başlayıb. Armen Sarkisyanın Britaniya kraliçasının planı əsasında danışıqlarda güzəştə gedəcəyi barədə yayılan məlumatlar Qərbin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Serj Sarkisyana etimad göstərmədiyindən xəbər verir. Yəni danışıqları baş nazirin də aparması mümkündür. Amma həmin prosesin güzəştli və Qərbə yaxın siyasətçinin vasitəsilə həyata keçirilməsi üzərində düşünülür. Ona görə də Serj Sarkisyanın baş nazir olmaq şansı maneə ilə üzləşə bilər. Çünki səlahiyyətləri başa çatmaqda olan prezident daha çox hakim partiyanın sədri olmasına və Rusiyanın dəstəyinə güvənir. Ancaq Ermənistanın hazırkı baş naziri və Sarkisyanın əsas rəqibi olan Karen Karapetyan iddiasından könüllü imtina etməsə, eks-prezident baş nazir seçilmək imkanını itirə bilər. Onu da qeyd edək ki, Ermənistan konstitusiyası K.Karapetyanın öz vəzfəsini könüllü olaraq kiminsə xeyrinə güzəştə getməsini nəzərdə tutmur. Bu səbəbdən indi müzakirələr hakim partiyanın hökumət başçısı postuna vahid namizədinin kim olacağı ilə bağlıdır.

Karen Karapetyan baş nazir seçiləcəyi təqdirdə, Azərbaycanla danışıqlarda Ermənistanı yeni siyasi fiqur təmsil edə bilər. Karapetyanın isə hərbi elitanın nümayəndəsi olan Serj Sarkisyandan fərqli olaraq, birmənalı şəkildə radikal mövqe tutacağını söyləmək çətindir. Çünki o, Qərblə də işləyən siyasətçi kimi tanınır. 

Cəmiyyətin siyasi nüfuzunu itirmiş Karapetyanla müqayisədə Serj Sarkisyanı müdafiə edəcəyi isə inandırıcı görünmür. Bu səbəbdən, seçkilərdə Qərbin Dağlıq Qarabağ məsələsində siyasi güzəştə razı olmaq müqabilində K.Karapetyaynı dəstəkləyəcəyi də istisna olunmur. 

Halbuki, Serj Sarkisyan hələ 2014-cü ildə verdiyi müsahibəsində baş nazirlik iddiasında olmadığını demişdi. Prezident Sarkisyan bildirmişdi ki, Ermənistan parlamentar sistemə keçərsə, baş nazirliyə heç vaxt namizədliyini irəli sürməyəcək: “Hesab edirəm ki, Ermənistanın sükanı iki dəfədən artıq bir adamın əlində olmamaldır”. İndi isə Serj Sarkisyanın ölkənin təhlükəsizliyinin təminatçısı olması və onu əvəz edə biləcək siyasi liderin olmadığı barədə təbliğat aparılır. Bununla da səlahiyyət müddəti yekunlaşan prezident mövqeyini açıq dilə gətirməsə də, baş nazir kürsüsünə transfer etmək niyyətini gizlətmir. Ancaq Serj Sarkisyanın Dünya Şahmat Çempionatının açılışında iştirak etmək adı altında Almaniyaya səfər etməsi onun seçkilərdə Avropa Birliyində dəstək axtarışına çıxdığını göstərir. Bu həm Qərbin siyasi dairələri, həm də Avropadakı erməni diasporu ilə aparılacaq danışıqlardan asılıdır. Ona görə də Sarkisyanın baş nazir kimi gələcək fəaliyyəti Avropa Birliyinin verəcəyi dəstəyin şərtlərindən asılıdır. Erməni diasporu arasında isə prezident Armen Sarkisyanın mövqeyi daha güclüdür. Bu isə yaxın perspektivdə Armen Sarkisyanın Serj Sarkisyan qarşısında siyasi dayaqlarını möhkəmlədə bilər.    /Cebhe.info/